Azərbaycanın Avropa siyasi məkanında rolu artır ŞƏRH

16.11.2026

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Dövlətimizin başçısı İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısında iştirakı ölkəmizin xarici siyasətində davamlı uğurlarının və artan beynəlxalq nüfuzunun növbəti təzahürüdür. Ölkə Prezidentinin rəhbərliyi ilə Azərbaycan son illərdə həm Şərq, həm də Qərb istiqamətində uğurlu diplomatik fəaliyyət həyata keçirərək çoxvektorlu xarici siyasət modelini müvəffəqiyyətlə reallaşdırır. Dublin Zirvə Toplantısı bu kimi məqamlara bir daha işıq saldı. Tədbir çərçivəsində qarşı tərəflərin xahişi ilə dövlətimizin başçısı İlham Əliyevin keçirdiyi görüşlərin hər birində qlobal çağırışların müzakirəsi fonunda birgə səylərin göstərilməsinin vacibliyi xüsusi vurğulandı. Tədbir çərçivəsində diqqətdə olan mühüm hadisə Azərbaycan-Böyük Britaniya arasında əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldən sənədin imzalanması oldu. Belə ki, Prezident İlham Əliyevin noyabrın 12-də Dublində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem ilə görüşündə əvvəlcə “Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” mübadilə olundu. Söhbət zamanı bu Bəyannamənin qəbul edilməsinin əlaqələrimizin rəsmi olaraq keyfiyyətcə yeni səviyyəyə qalxmasına xidmət etdiyi vurğulandı. Hətta bu sənədin qəbulundan əvvəl də Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığı bir daha qeyd edildi. Dövlətimizin başçısı ölkələrimiz arasında enerji sahəsində 30 ildən artıq davam edən uğurlu əməkdaşlığa toxunaraq, Böyük Britaniyanın Azərbaycanda Avropanın ən böyük investoru olduğunu dedi. Hazırda bərpaolunan enerji, yüksək texnologiyalar, süni intellekt sahələrində də əməkdaşlıq üçün geniş imkanların olduğu vurğulandı. Bu xüsusda son aylarda Britaniyadan Azərbaycana həyata keçirilən yüksəksəviyyəli rəsmi səfərlərin və aparılmış müzakirələrin əhəmiyyətinə toxunuldu. Görüşdə, həmçinin beynəlxalq gündəlikdə duran məsələlərə dair fikir mübadiləsi aparıldı.
İki ölkənin münasibətlərində yeni bir mərhələnin başlınğıcı kimi dəyərləndirilən həmin Bəyannamənin hər bir müddəası hazırda geniş şəkildə təhlil edilir. Sənədin mühüm siyasi məqamlarından biri Azərbaycanın suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə beynəlxalq hüququn fundamental prinsipləri əsasında hörmətin bir daha təsdiqlənməsidir. Sənəddə Vaşinqton Sülh Zirvəsi Bəyannaməsinə istinad edilməsi və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində atılan addımların alqışlanması Böyük Britaniyanın Cənubi Qafqazda davamlı sülh və sabitliyin təmin olunmasına verdiyi dəstəyi nümayiş etdirir. Digər mühüm istiqamət müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsidir. Tərəflər müdafiə potensialının artırılması, təlimlərin keçirilməsi, müdafiə sənayesi sahəsində imkanların araşdırılması, hüquq-mühafizə orqanları arasında əlaqələrin gücləndirilməsi və sərhəd təhlükəsizliyi istiqamətində əməkdaşlıq barədə razılığa gəliblər. İştirakçılar, həmçinin ikitərəfli ticarət və investisiya əlaqələrini genişləndirmək və dərinləşdirmək, eləcə də davamlı, inklüziv və şaxələndirilmiş iqtisadi artımı təşviq etmək ambisiyalarını ortaq qəbul edirlər. Bərpaolunan enerji, infrastruktur və xidmətlər də daxil olmaqla, prioritet sektorlar üzrə uzunmüddətli kommersiya tərəfdaşlıqlarını, bilik mübadiləsini və qarşılıqlı fəaliyyəti asanlaşdırmaqla, eləcə də hər iki iqtisadiyyatda iş yerləri, bacarıqlar və dəyər yaradan bizneslərarası əlaqələri təşviq etməklə iqtisadiyyat, ticarət və investisiya sahələrində əməkdaşlığı gücləndirəcəklər.
Böyük Britaniya Azərbaycanın uzunmüddətli iqtisadi tərəfdaşlarından biridir. Bəyannamədə Orta Dəhlizin inkişafına verilən dəstək geosiyasi və geoiqtisadi baxımdan diqqət çəkir. Azərbaycanın əlverişli coğrafi mövqeyi, inkişaf edən nəqliyyat infrastrukturu və enerji resursları ölkəmizi bu prosesdə mühüm tranzit və bağlantı mərkəzinə çevirir.
Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı ölkəmizin Avropa ilə dialoqu ən yüksək səviyyədə və birbaşa formatda apardığını nümayiş etdirir. Bu təmsilçilik həm ikitərəfli tərəfdaşlıq əlaqələrinin dərinləşdirilməsi, həm də çoxtərəfli müstəvidə milli maraqlarımızın qətiyyətlə müdafiə olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью