Azərbaycanın “azad dünya” və “qoca qitə” üçün önəmi yeni mərhələyə yüksəlib

29.07.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

ABŞ Konqresinin Respublikaçılar Partiyasından olan Nümayəndələr Palatasının üzvü Abraham Hamadeh “Newsmax” nəşrində yaydığı məqaləsində Azərbaycanın geosiyasi əhəmiyyətindən və regionda oynadığı strateji roldan bəhs edib. Konqresmen yazısında Azərbaycanı dünyanın ən mühüm geosiyasi mövqeyə malik ölkələrindən biri kimi xarakterizə edib.

Məqalədə səsləndirilən fikirlərə keçməzdən əvvəl xatırladaq ki, Abraham Hamadeh bu il iyunun 17-də Prezident İlham Əliyev tərəfindən qəbul edilib. Görüşdə Azərbaycan ilə ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının imzalanmasının ikitərəfli münasibətlərin inkişafında tarixi əhəmiyyət daşıdığı vurğulanıb. Eyni zamanda, regional nəqliyyat bağlantılarının genişləndirilməsi baxımından TRIPP dəhlizinin yaratdığı imkanlar ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycan ilə ABŞ Konqresi arasında dialoqun daha da möhkəmləndirilməsinin vacibliyi qeyd olunub, iqtisadi-ticari əlaqələr, sərmayə qoyuluşu, enerji, təhlükəsizlik, nəqliyyat bağlantıları, texnologiya və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanların mövcud olduğu bildiriblər.

ABŞ Konqresində Azadlığa Dəstək Aktına 907-ci düzəlişin ləğvini nəzərdə tutan qanun layihəsinin həmmüəlliflərindən biri olan Abraham Hamadeh məqaləsində yazır ki, Avropa ilə Asiyanın kəsişməsində yerləşən, Rusiya və İranla həmsərhəd olan Azərbaycan enerji istehsalçısı, nəqliyyat qovşağı və təhlükəsizlik sahəsində əvəzolunmaz tərəfdaşa çevrilib. O, Azərbaycanın Avropanın enerji müstəqilliyinin gücləndirilməsi, ticarət marşrutlarının genişləndirilməsi və qeyri-sabit regionda sabitliyin təmin edilməsində getdikcə daha mühüm rol oynadığını vurğulayıb.

Hamadeh məqaləsində Bakı və İrəvan arasında sülh prosesinə də toxunub. Müəllif bildirib ki, Donald Trampın rəhbərliyi dövründə tərəflər davamlı və uzunmüddətli sülhə nail olunması istiqamətində əhəmiyyətli irəliləyiş əldə ediblər. Onun sözlərinə görə, bu tarixi irəliləyiş iqtisadi inkişaf, regional sabitlik və yalnız sülh şəraitində mümkün olan uzunmüddətli rifah üçün yeni imkanlar yaradır.

Konqresmen onu da qeyd edib ki, Ermənistan və Azərbaycan arasında əldə olunan tarixi sülh sazişi davamlı beynəlxalq dəstək və iştirak tələb edən siyasi çərçivə formalaşdırır, bu baxımdan belə həlledici məqamda ABŞ-ın prosesdən kənarda qalmaq imkanı yoxdur.

Yeni dünya düzəninin formalaşdığı bir dövrdə ABŞ Konqresinin üzvü Abraham Hamadehin dərc olunan məqaləsində Azərbaycanın geosiyasi əhəmiyyətindən bəhs etməsi təsadüfi deyil. Konqresmenin ölkəmizi “dünyanın ən strateji mövqeyə malik dövlətlərindən biri” kimi xarakterizə etməsi son illər Azərbaycanın beynəlxalq münasibətlər sistemində qazandığı mövqenin məntiqi nəticəsidir. Əslində, bu gün Azərbaycan haqqında okeanın o tayında səsləndirilən fikirlər təkcə bir siyasətçinin şəxsi baxışını əks etdirmir. Bu yanaşma Qərbdə ölkəmizin geosiyasi əhəmiyyətinə dair formalaşan yeni baxışın və dəyişən beynəlxalq reallığın göstəricisidir.

Hazırda müasir beynəlxalq münasibətlər sistemi dərin transformasiya mərhələsindən keçir. Ukrayna müharibəsi, Yaxın Şərqdə davam edən gərginlik, Qırmızı dəniz və Hörmüz boğazı ətrafında yaranan risklər, enerji bazarlarındakı qeyri-müəyyənlik və ənənəvi logistika marşrutlarında təhlükəsizlik problemləri dövlətləri yeni tərəfdaşlar və alternativ marşrutlar axtarmağa sövq edir. Belə geosiyasi şəraitdə Azərbaycanın strateji əhəmiyyəti getdikcə artır.

Avropa ilə Asiyanın kəsişməsində yerləşən Azərbaycan enerji istehsalçısı olmaqla yanaşı, Avrasiyanın əsas nəqliyyat qovşaqlarından birinə, etibarlı təhlükəsizlik tərəfdaşına və regionlararası əməkdaşlığın mühüm iştirakçısına çevrilib. Bu gün Avropanın Azərbaycana ehtiyacı əvvəlki dövrlərlə müqayisədə daha böyükdür. Enerji təhlükəsizliyi, nəqliyyat, “yaşıl enerji”, kritik xammal, rəqəmsal transformasiya və logistika Bakı ilə Brüssel arasında əməkdaşlığın əsas istiqamətlərini təşkil edir.

Cənub Qaz Dəhlizi vasitəsilə Avropa İttifaqının 10 üzv dövlətinə təbii qaz ixrac edən Azərbaycan Avropanın enerji mənbələrinin şaxələndirilməsində əsas tərəfdaşlardan biri kimi çıxış edir. Bununla yanaşı, Orta Dəhliz Avropa ilə Asiyanı birləşdirən ən perspektivli marşrutlardan biridir. Ənənəvi nəqliyyat zəncirlərində yaranan risklər Azərbaycanın tranzit əhəmiyyətini daha da artırır. Mərkəzi Asiya ilə Avropa arasında təbii körpü rolunu oynayan Azərbaycan türk dövlətləri ilə əməkdaşlığın genişlənməsi, Xəzər hövzəsində enerji layihələri və yeni infrastruktur təşəbbüsləri sayəsində vaxtilə amerikalı politoloq Zbiqnev Bjezinskinin “Böyük şahmat taxtası” adlandırdığı Avrasiyada əsas geosiyasi aktorlardan birinə çevrilir.

Bu geosiyasi reallıq Qərbin Azərbaycana münasibətində də özünü göstərir. Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Bakıya səfəri, Prezident İlham Əliyevin Almaniyaya səfəri, Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və Kansler Fridrix Merts ilə keçirilən görüşlər, eləcə də imzalanan sənədlər Avropanın Azərbaycanı strateji tərəfdaş kimi qiymətləndirdiyini nümayiş etdirir.

Oxşar yanaşma ABŞ-da da müşahidə olunur. Abraham Hamadehin məqaləsi bunun növbəti təsdiqidir. Konqresmenin Prezident İlham Əliyevlə görüşündə strateji tərəfdaşlığın inkişafı, TRIPP təşəbbüsü, regional bağlantılar, enerji, investisiyalar, təhlükəsizlik, texnologiya və Azərbaycan–ABŞ Konqresi arasında dialoqun genişləndirilməsi kimi məsələlərin müzakirəsi Vaşinqtonun Azərbaycana baxışında yeni mərhələnin formalaşdığını göstərir. Bütün bunların əsasında Azərbaycanın uzun illər ərzində həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət, etibarlı tərəfdaş imici və praqmatik diplomatiyası dayanır.

Musa BAĞIRLI
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью