Azərbaycanın beynəlxalq mövqeyi humanizmə və əməkdaşlığa əsaslanır ŞƏRH

27.01.2026

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 27 yanvar, AZƏRTAC

Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda iştirakı, o cümlədən forum çərçivəsində bir sıra əhəmiyyətli görüşlər keçirməsi olduqca diqqətəlayiq və mühüm hadisədir. Bu iştirak Azərbaycanın həm siyasi, həm də iqtisadi mövqeyinin dünyanın ən nüfuzlu tribunalarından biri olan Davos platformasından beynəlxalq ictimaiyyətə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin panellərdə iştirakı, müzakirələr aparması və qlobal gündəmlə bağlı mövqeyini ifadə etməsi yalnız Azərbaycan və region üçün deyil, bir sıra başqa ölkələr üçün də olduqca əlamətdar hadisə kimi dəyərləndirilə bilər.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Sahil Kərimli deyib.

Onun sözlərinə görə, son Davos İqtisadi Forumu Azərbaycan siyasi və iqtisadi diplomatiyasının daha bir zirvəsi hesab oluna bilər. Çünki bu forum çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampla görüş keçirib, Azərbaycan-ABŞ münasibətləri, tərəfdaşlıq əlaqələri və bu tərəfdaşlığın strateji səviyyəyə yüksəldilməsi perspektivləri müzakirə olunub. Bu görüşlər siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlıq imkanlarının müzakirəsi baxımından da xüsusi əhəmiyyət kəsb edir.

“Son Davos İqtisadi Forumu, eyni zamanda, dünyada sülhün və təhlükəsizliyin bərqərar olunması istiqamətində atılan ciddi addımlar kontekstində xarakterizə edilə bilər. ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə irəli sürülən Sülh Şurası nizamnaməsinə Azərbaycanın qoşulması və bu sənədi Prezident İlham Əliyevin imzalaması Azərbaycanın qlobal sülh və təhlükəsizlik təşəbbüslərinə verdiyi töhfənin bariz nümunəsidir.

Azərbaycanın bu təşəbbüsə qoşulması, həmçinin beynəlxalq ictimaiyyət, xüsusilə də ABŞ tərəfindən müsbət qarşılanıb və yüksək qiymətləndirilib. Azərbaycanın belə bir təşkilata qoşulan ilk dövlətlər sırasında yer alması və bu istiqamətdə nümayiş etdirdiyi prinsipial mövqe ölkəmizin xüsusilə beynəlxalq arenada durmadan artan nüfuzunu göstərir. Bu, eyni zamanda, Azərbaycana olan inamın, etimadın və tərəfdaşlıq münasibətlərində ölkəmizə göstərilən güvənin daha bir təsdiqidir”, - deyə siyasi şərhçi əlavə edib.

S.Kərimli, həmçinin vurğulayıb ki, bütün bunlar Azərbaycanın dünyada, xüsusilə də Yaxın Şərq regionunda sülhün tərəfdarı olduğunu, sülhün qurulmasına və möhkəmləndirilməsinə töhfə vermək niyyətini açıq şəkildə ortaya qoyur. Bu mövqe Azərbaycanın humanizmə, sülhsevərliyə və beynəlxalq əməkdaşlığa əsaslanan prinsipial siyasətindən irəli gəlir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью