Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Almaniyanın Federal Kəşfiyyat Xidmətinin (BND) keçmiş rəhbəri August Hanninglə bağlı aparılan istintaq çərçivəsində bir sıra xarici media resurslarında Azərbaycanın adının hallandırılması ilə yayılan məlumatlar dezinformasiya xarakteri daşıyır və son dövrlərdə Azərbaycana qarşı intensiv şəkildə həyata keçirilən qarayaxma kampaniyasının tərkib hissəsi kimi qiymətləndirilir".
Bu, Media və Yayım Şurasının açıqlamasında yer alıb.
Bildirilib ki, "Almaniyanın “Der Spiegel” nəşrinin ilkin mənbə kimi yaydığı, daha sonra “Reuters”, “AFP”, “France 24”, “The Times”, “The Telegraph” və digər beynəlxalq media resurslarında tirajlanan Azərbaycanın adını sözügedən istintaq işi ilə əlaqələndirən əsassız iddiaların geniş auditoriyaya fakt kimi təqdim edilməsi ciddi narahatlıq doğurur və rəsmi mənbəyə istinad etmədən belə materialların dövriyyəyə buraxılması qəbuledilməz informasiya manipulyasiyası hesab olunur:
“Bu dezinformasiya əməliyyatının arxasında duran qüvvələrin çirkin niyyəti son dövrlərdə daha da inkişaf edən Azərbaycan-Almaniya əlaqələrinə xələl vurmaqdır".
Qeyd olunub ki, Azərbaycan Respublikası Media və Yayım Şurası Azərbaycanı əsassız şəkildə beynəlxalq informasiya məkanında mənfi kontekstdə təqdim etməyə yönələn bu cür dezinformasiya kampaniyalarını qətiyyətlə pisləyir, beynəlxalq media subyektlərini peşəkar jurnalistikanın əsas prinsiplərinə, o cümlədən dəqiqlik, obyektivlik, etibarlı mənbələrə istinad və məlumatların yoxlanılması prinsiplərinə ciddi riayət etməyə, həqiqətə uyğun olmayan məlumatların yayılmasına və ictimai rəyin manipulyasiya edilməsinə yol verməməyə çağırır.
“Azərbaycanın adının müxtəlif xarici media resurslarında heç bir əsaslandırılmış və təsdiqlənmiş fakt olmadan hallandırılması qəbuledilməzdir”.
Bu fikirləri “Cebheinfo.az”-a açıqlamasında millət vəkili Arzuxan Əlizadə deyib.
Millət vəkilinin sözlərinə görə, belə məlumatların rəsmi mənbələrə istinad edilmədən yayılması ictimai rəyi yanlış istiqamətə yönəltməyə xidmət edən informasiya manipulyasiyası kimi qiymətləndirilə bilər:
“Xüsusilə də söhbət beynəlxalq ictimaiyyət üçün həssas mövzudan gedirsə, hər bir iddianın faktlara və etibarlı mənbələrə əsaslanması vacibdir. Hesab edirəm ki, Azərbaycanın adının bu cür iddialarla əlaqələndirilməsi ölkəmizin beynəlxalq nüfuzuna xələl gətirməyə yönəlmiş cəhdlərin növbəti nümunəsidir.
Son dövrlərdə Azərbaycanla bağlı müxtəlif platformalarda əsassız məlumatların yayılması müşahidə olunur və belə hallarda əsas məsələ cəmiyyətin manipulyativ informasiyadan qorunmasıdır. Azərbaycan tərəfi öz mövqeyini faktlar və rəsmi məlumatlar əsasında ortaya qoymalı, beynəlxalq media və ictimaiyyət isə bu tip iddialara daha məsuliyyətli yanaşmalıdır”.
Millət vəkili bildirib ki, eyni zamanda, Azərbaycan-Almaniya münasibətlərinin inkişafına xələl gətirə biləcək bu kimi məlumatların iki ölkə arasında formalaşmış əlaqələr kontekstində diqqətlə qiymətləndirilməsi vacibdir:
“İstənilən məsələdə həqiqətin üzə çıxarılması üçün obyektiv araşdırma və rəsmi mənbələrə istinad əsas meyar olmalıdır. Dezinformasiyanın qarşısının alınmasının ən effektiv yolu isə faktların operativ şəkildə ictimaiyyətə çatdırılması və informasiya məkanında şəffaflığın təmin edilməsidir”
Nigar Abdullayeva
“Cebheinfo.az”
Açar sözlər: Almaniyanın Federal Kəşfiyyat Xidmət Arzuxan Əlizadə
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin