Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Müasir dövrdə hər bir ölkənin iqtisadi potensialı, maliyyə dayanıqlılığı və investisiya cəlbediciliyi daxili statistik göstəricilərlə bərabər, həm də nüfuzlu beynəlxalq maliyyə institutları, eləcə də reytinq agentliklərinin qiymətləndirmələri ilə müəyyənləşdirilir. Bu baxımdan son illər Azərbaycanın əldə etdiyi uğurlar beynəlxalq səviyyədə də yüksək dəyərləndirilir, makroiqtisadi sabitlik, aşağı dövlət borcu, güclü xarici maliyyə mövqeyi və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində diqqət çəkən uğulu nəticələr müsbət amillər kimi ön plana çıxarılır.
Bu qiymətləndirmələr uzun illər ərzində həyata keçirilən düşünülmüş iqtisadi siyasətin, reallaşdırılan genişmiqyaslı islahatların, güclü maliyyə intizamının və milli iqtisadiyyatın dayanıqlılığının beynəlxalq təsdiqidir. Xüsusilə postpandemiya dövründə və qlobal iqtisadiyyatda geosiyasi narahatlıqların artdığı bir şəraitdə Azərbaycanın sabit inkişaf xəttini qoruyub saxlaması beynəlxalq maliyyə institutlarının hesabatlarında uğurlu iqtisadi idarəetmə nümunəsi kimi qiymətləndirilmənin parlaq nümunəsidir.
Uğur formulu – makroiqtisadi sabitlik
Beynəlxalq reytinq agentliklərində ölkələrin kredit qabiliyyəti qiymətləndirilərkən, ilk növbədə, makroiqtisadi sabitliyə xüsusi diqqət yetirilir. Azərbaycanın son illərdə nümayiş etdirdiyi aşağı inflyasiya meyilləri, idarəolunan büdcə siyasəti, yüksək valyuta ehtiyatları və dayanıqlı iqtisadi artım da respublikamızın beynəlxalq reytinqlərdə mövqeyini möhkəmləndirən əsas amillər sırasında göstərilir.
Ən mühüm üstünlüklərdən biri isə respublikanın strateji valyuta ehtiyatlarının dövlət borcunu dəfələrlə üstələməsidir. Bu göstərici ölkənin xarici maliyyə risklərinə qarşı yüksək dayanıqlılığını nümayiş etdirir. Belə vəziyyət dünya iqtisadiyyatında qeyri-müəyyənliklərin artdığı bir şəraitdə investorların etimadını əhəmiyyətli dərəcədə gücləndirir.
Makroiqtisadi sabitliyin qorunması, eyni zamanda, milli valyutanın dayanıqlılığına, bank sektorunda maliyyə sabitliyinə və biznes mühitinin proqnozlaşdırılmasına müsbət təsir göstərir. Məhz buna görə də beynəlxalq investorlar tərəfindən ölkəmizdə uzunmüddətli layihələrin icrasına qərar verilərkən bu göstəricilər əsas meyarlardan biri kimi qəbul edilir.
Azərbaycanın beynəlxalq reytinqlərdə mövqeyini möhkəmləndirən əsas amillərə diqqət yetirməzdən əvvəl bu ilin 8 ayında dövlət başçısının müvafiq fərman və sərəncamları əsasında həyata keçirilən bir sıra layihələrə nəzər salmaq yerinə düşər. Xatırladaq ki, bu dövrdə hökumət tərəfindən kreditlər üzrə faiz subsidiyası mexanizminin ölkə üzrə tətbiqinə başlanılıb, eləcə də büdcədən əlavə vəsaitin ayrılması, nəqliyyat-logistika subsidiyasının verilməsi, bəzi ixrac xərclərinin kompensasiya edilməsi və digər istiqamətlərdə iqtisadi fəallığa dəstək tədbirləri həyata keçiriib.
Hazırda ölkəmizin strateji valyuta ehtiyatları, təxminən, 91 milyard dollar təşkil edir. Bu göstərici xarici dövlət borcunu 20 dəfəyə yaxın üstələyir. Birbaşa xarici dövlət borcunun səviyyəsi sentyabrın 1-dək 4,5 milyard olmaqla proqnoz ÜDM-in 5,6 faizini təşkil edir. 2026-cı ilin 8 ayında isə xarici ticarət balansının müsbət saldosu 10 milyard dollardan çox olub.
Hesabat dövründə illik inflyasiya 5,7 faiz qeydə alınıb. Beynəlxalq təşkilatların ərzaq və əmtəə qiymətləri ilə bağlı proqnozları, manatın məzənnəsinin sabitliyi və valyuta bazarının tarazlığı nəzərə alınmaqla növbəti ildə orta illik inflyasiyanın 5,3 faizə düşəcəyi və hədəf diapazonunda olacağı proqnozlaşdırılıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) şöbə müdiri Lətif Zeynallının sözlərinə görə, “Moody’s” beynəlxalq reytinq agentliyinin Azərbaycan iqtisadiyyatı ilə bağlı son qiymətləndirmələri ölkənin qlobal iqtisadiyyatda, təchizat zəncirlərində və maliyyə bazarlarında yaranan kəskin təlatümlərə qarşı əhəmiyyətli maliyyə dayanıqlılığına malik olduğunu göstərir. Respublikamızın güclü kredit imkanı, aşağı dövlət borcu, büdcə öhdəliklərini gerçəkləşdirmək, eləcə də strateji investisiyaları dəstəkləmək məqsədilə toplanılan maliyyə və fond vəsaitləri qlobal iqtisadi qeyri-müəyyənliklər fonunda respublika iqtisadiyyatı üçün mühüm maliyyə ehtiyatı formalaşdırır. Azərbaycanın uzunmüddətli investisiya səviyyəli uzunmüddətli suveren reytinqinin “Baa3” səviyyəsində olması da ölkənin maliyyə dayanıqlılığını və xarici şoklara qarşı müqavimət imkanlarını möhkəmləndirir.
“Moody’s” 2026-cı ildə Azərbaycan iqtisadiyyatının 1,5 faiz artım göstərəcəyini, orta müddətli dövrdə isə iqtisadi artım tempinin illik 2-2,5 faiz ətrafında formalaşacağını proqnozlaşdırır. Bu proqnozun qiymətləndirilməsində yalnız ümumi iqtisadi artım tempinə deyil, artımın strukturuna da diqqət yetirilməsi zəruridir. Belə ki, neft hasilatında azalmanın iqtisadi artıma təsiri qeyri-neft sahələrində iqtisadi fəallığın genişlənməsi hesabına qismən kompensasiya olunur. Xüsusilə İKT, turizm və emal sənayesində müşahidə olunan dinamika iqtisadi artımın mənbələrinin tədricən şaxələndirilməsi baxımından əhəmiyyətlidir.
Lətif Zeynallı bildirdi ki, “Moody’s”in qiymətləndirməsində Azərbaycanın maliyyə dayanıqlılığını dəstəkləyən mühüm amillərdən biri də Dövlət Neft Fondunda formalaşdırılmış əhəmiyyətli maliyyə ehtiyatlarıdır. Bu vəsaitlər xarici və dövlətin büdcə-vergi siyasətində gözlənilmədən baş verən, ümumi iqtisadi fəallığa, inflyasiyaya, məşğulluğa kəskin təsir edən qəfil dəyişikliklərin təsirinin yumşaldılması, dövlət maliyyəsinin dayanıqlılığının qorunması və iqtisadi siyasətin çevikliyinin gerçəkləşdirilməsi baxımından mühüm rol oynayır. Eyni zamanda, dövlət maliyyəsinin idarə olunması, rəqəmsal idarəetmə və bank tənzimlənməsi istiqamətində həyata keçirilən islahatlar institusional dayanıqlılığın gücləndirilməsinə töhfə verir.
İİTKM-in şöbə müdiri sonda qeyd etdi ki, beynəlxalq reytinq agentliyinin məlumatında vurğulanan bu məsələdə əsas məqamlardan biri mövcud maliyyə dayanıqlılığının struktur iqtisadi dayanıqlılığa çevrilməsidir. Bu baxımdan, formalaşdırılmış maliyyə imkanlarının qeyri-neft sektorunda məhsuldarlığın yüksəldilməsinə, özəl investisiyaların genişləndirilməsinə, rəqəmsal transformasiyanın sürətləndirilməsinə, ixracın şaxələndirilməsinə və yeni iqtisadi artım mənbələrinin formalaşdırılmasına yönəldilməsi xüsusi əhəmiyyət daşıyır.
“Moody’s”in rəqəmsal infrastruktura investisiya yatırılması, regional bağlantıların qurulması və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində layihələrin gerçəkləşdirilməsi orta müddətli iqtisadi artımı dəstəkləyən amillər sırasında qiymətləndirməsi də yuxarıda vurğulanan yanaşmanı gücləndirir.
Dünya Bankının qiymətləndirməsi
Regional nəqliyyat və ticarət bağlantılarının genişlənməsi Azərbaycanın iqtisadi şaxələndirmə imkanlarını artıran mühüm amillərdən biridir. Ölkənin Şərq – Qərb və digər beynəlxalq nəqliyyat marşrutlarında mövqeyinin güclənməsi tranzit imkanlarının genişlənməsi ilə yanaşı, logistika, xidmətlər, ticarət və investisiya kanalları vasitəsilə qeyri-neft iqtisadiyyatına əlavə təkan verir. Regional sabitliyin möhkəmlənməsi və iqtisadi əlaqələrin genişlənməsi isə bu potensialın daha dolğun reallaşdırılmasını sürətləndirir.
Beynəlxalq reytinq agentliklərinin qiymətləndirmələri Azərbaycanın güclü maliyyə mövqeyinin iqtisadi dayanıqlılığın gerçəkləşdirilməsində mühüm rol oynadığını göstərməklə yanaşı, uzunmüddətli perspektivdə maliyyə ehtiyatlarının yaratdığı imkanlardan səmərəli istifadə etməklə daha məhsuldar, rəqabətqabiliyyətli və şaxələndirilmiş iqtisadi artım modelinin formalaşdırılmasının əhəmiyyətini ön plana çıxarır.
Dünya Bankı (DB) da Çini Avropa ilə birləşdirən, Mərkəzi Asiya və Xəzər dənizindən keçən beynəlxalq nəqliyyat və ticarət yolunun – Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) imkanlarını yüksək qiymətləndirir. Belə ki, bu maliyyə qurumu “İnteqrasiya: Trans-Xəzər nəqliyyat marşrutu boyu yüksəksəviyyəli ticarət logistikası” adlı hesabatında Azərbaycanın adı çəkilən dəhlizin imkanlarından tam istifadə edə biləcəyi halda, ölkənin ümumi daxili məhsulunun (ÜDM) əlavə olaraq 1,84 faiz artacağını proqnozlaşdırır.
DB-nin hesabatında bu artım cari qiymətlərlə, təxminən, 1,3 milyard dollar məbləğində qiymətləndirilir. Eyni zamanda, Orta Dəhlizin inkişafı nəticəsində respublikada ümumi məşğulluğun 1,5 faiz artacağının da gözlənildiyi vurğulanır. Bununla bərabər, DB-nin proqnozunda dəhlizin inkişafının uzunmüddətli perspektivdə marşrut üzrə iştirakçı ölkələrin ümumi ÜDM-ni 3,3 faiz və ya cari qiymətlərlə, təxminən, 58 milyard dollara yüksələcəyi, bu dövlətlərdə ümumi məşğulluğun isə 2,9 faiz çoxalacağı diqqətə çatdırılır.
Xatırladaq ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu boyunca icrası nəzərdə tutulan 16 prioritet və genişmiqyaslı infrastruktur layihəsinin ümumi dəyərinin 25,1 milyard dollar həcmində olduğu bildirilir. Marşrut üzrə yük daşımalarının həcminin isə 2040-cı ilədək 32,1 milyon tona çatacağı gözlənilir.
Dəhlizin Şərq girişi vasitəsilə ümumi yük axını 2040-cı ilə qədər 28,5 milyon tondan 105,7 milyon tona, Qərb girişi vasitəsilə isə 12,1 milyon tondan 35 milyon tona qədər artacağı proqnozlaşdırılır. Bununla bərabər, qeyri-neft yükləri üzrə artım tempinin daha yüksək olacağı, Xəzər dənizi vasitəsilə daşınan bu yüklərin həcminin 4,4 dəfə artaraq 3,5 milyon tondan 15,6 milyon tona qədər çoxalacağı gözlənilir.
Aşağı borc yükü, güclü valyuta ehtiyatları
Qlobal enerji bazarındakı vəziyyət də Azərbaycanın xarici mövqeyinə əlavə dəstək verir. Belə ki, Yaxın Şərqdə gərginliyin artması, Hörmüz boğazı ətrafında risklərin qalması və qlobal neft təchizatına dair narahatlıqların hökm sürməsi qiymətlərin yüksək səviyyədə qalmasına təsir göstərir.
Niderlandın ING beynəlxalq bank və maliyyə xidmətləri korporasiyası bu şəraitə əsaslanaraq Azərbaycanın 2026-cı il üzrə cari əməliyyatlar hesabının profisitinin ÜDM-in 9-10 faizinə çata biləcəyini proqnozlaşdırır. Bankın qiymətləndirməsinə əsasən, daha yüksək enerji qiymətləri Azərbaycan və Qazaxıstan kimi ixracatçı ölkələrin xarici maliyyə ehtiyatlarınıi gücləndirən əsas amillərdən biridir.
ING-nin hesabatında neft qiymətlərinin yeni ssenarisində Azərbaycanın cari əməliyyatlar hesabının profisiti bu il ÜDM-in 9-10 faizini, icmal büdcənin profisiti isə ÜDM-in 4 faizini təşkil edəcəyi gözlənilir. İqtisadçı-ekspertlərin rəylərində bu qiymətləndirməni Azərbaycan Mərkəzi Bankının (AMB) 6,1 milyard dollarlıq proqnozundan daha yüksək olduğu bildirilir. Beynəlxalq Valyuta Fondunun (BVF) da yenilənmiş proqnozunda Azərbaycanın 2026-cı ildə 7,572 milyard dollarlıq cari hesab profisiti əldə edəcəyini nəzərdə tutulur.
Fərqli rəqəmlərə baxmayaraq, beynəlxalq institutların qiymətləndirmələrində ortaq istiqamət var: 2026-cı ildə əlverişli enerji qiymətləri Azərbaycanın xarici hesabları üçün əvvəlki gözləntilərdən daha müsbət şərait yaradır. Bu şərait isə ölkəyə strateji valyuta ehtiyatlarını artırmaq, beynəlxalq aktivlərə investisiya imkanlarını genişləndirmək, xarici öhdəliklərin idarə edilməsini gücləndirmək və iqtisadiyyatın digər sahələrinə əlavə maliyyə imkanları yönəltmək baxımından mühüm üstünlük verir. Eyni zamanda, 2026-cı ilin ilk yarısının göstəriciləri Azərbaycanın xarici iqtisadi imkanlarının yalnız enerji gəlirləri ilə məhdudlaşmadığını göstərən bir sıra meylləri də ortaya qoyur.
Qeyri-neft-qaz ixracının 18 faiz artaraq 2 milyard dollara çatması, nəqliyyat xidmətləri üzrə profisitin 941 milyon dollara yüksəlməsi, xaricə birbaşa investisiyaların 5 milyard dollar təşkil etməsi və strateji valyuta ehtiyatlarının 91 milyard dollara çatması bu mənzərənin əsas elementləri kimi daha çox diqqət çəkir.
Azərbaycanın xarici maliyyə mövqeyi hazırda yüksək cari hesab profisiti, geniş strateji valyuta ehtiyatları, artan xarici investisiya imkanları və nəqliyyat-logistika potensialının birgə təsiri ilə möhkəmlənir. Qlobal enerji bazarında əlverişli qiymətlərin yaratdığı əlavə imkanlar isə bu maliyyə bazasının daha geniş investisiya və regional iqtisadi təşəbbüslərə çevrilməsi üçün əlverişli şərait yaradır.
2026-cı ilin ilk yarısının göstəriciləri də Azərbaycanın xarici iqtisadi mövqeyində həm enerji gəlirlərinin yaratdığı güclü maliyyə bazasını, həm də digər istiqamətlərdə formalaşan imkanları nümayiş etdirir. Xaricə yönəldilən birbaşa investisiyaların həcmi, qeyri-neft-qaz ixracının artımı, nəqliyyat xidmətlərində profisitin genişlənməsi və strateji valyuta ehtiyatlarının yüksək səviyyəsi bu mənzərəni tamamlayan əsas amillərdir. Hazırkı mərhələdə Azərbaycanın əsas üstünlüyü əlverişli enerji gəlirlərini investisiya, nəqliyyat, ixrac və maliyyə imkanlarının genişlənməsi ilə birləşdirərək daha güclü və çevik xarici iqtisadi mövqe formalaşdırmaq imkanındadır.
“Fitch Ratings”, “S&P Global Ratings” kimi beynəlxalq kredit reytinq agentliklərinin, eləcə də BVF-nin hesabatlarında da diqqət çəkən müsbət yanaşmalar ölkəmizin makroiqtisadi sabitliyinin, maliyyə dayanıqlılığının, aşağı borc yükünün, güclü valyuta ehtiyatlarının və həyata keçirilən struktur islahatlarının beynəlxalq səviyyədə etiraf olunduğunu nümayiş etdirir.
Qlobal iqtisadiyyatda qeyri-müəyyənliklərin davam etdiyi indiki şəraitdə Azərbaycanın etibarlı tərəfdaş və sabit iqtisadiyyata malik dövlət kimi qəbul olunması ölkəyə xarici investisiyaların cəlb edilməsini sürətləndirir, biznes mühitinə inamı artırır və uzunmüddətli inkişaf strategiyasının uğurla reallaşdırılması üçün əlverişli zəmin formalaşdırır. Məhz buna görə də beynəlxalq reytinq agentliklərinin müsbət rəyləri, eləcə də proqnozları təkcə statistik qiymətləndirmə deyil, həm də Azərbaycanın dünya iqtisadi sistemində möhkəmlənən nüfuzunun və iqtisadi etibarlılığının obyektiv təsdiqidir.
Vaqif BAYRAMOV
XQ