Adelet.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Nəhayət, Donald Trampın yaratdığı Sülh Şurasının nizamnaməsini ingillis dilli mənbələrdən tapa bildim. Maraqlıdır ki, Şuranın nizamnaməsi beynəlxalq təşkilat sənədlərindən daha çox şəxsi şirkətin nizamnaməsinə bənzəyir. Sənəd bütün əsas səlahiyyətlər onu təsis edən şəxsin əlində cəmlənir. Üzvlərin dəvəti və çıxarılması, qərarların təsdiqi və ya veto edilməsi, icra qurumlarının formalaşdırılması, maliyyə axınlarına nəzarət, hətta varisin müəyyənləşdirilməsi belə birbaşa təsisçinin iradəsinə bağlıdır”.
Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib.
O, bildirib ki, bu baxımdan, Şura kollektiv beynəlxalq idarəetmə mexanizmindən çox, mərkəzləşdirilmiş və şəxsyönümlü idarəetmə modelinə əsaslanır:
“Nizamnamədə ən çox müzakirə yaradan məqam üzvlüklə bağlı “1 milyard dollar” müddəasıdır. nizamnaməsinin II fəsli, 2.2-ci maddəsinin (c) bəndində belə yazılıb: “Hər bir üzv dövlət bu nizamnamənin qüvvəyə mindiyi tarixdən etibarən üç ildən artıq olmayan müddətə üzvlük statusuna malik olur və bu müddət yalnız sədr tərəfindən uzadıla bilər. Bu üçillik üzvlük müddəti, Nizamnamənin qüvvəyə mindiyi ilk il ərzində Sülh Şurasına nağd şəkildə 1 milyard ABŞ dollarından artıq vəsait köçürən Üzv Dövlətlərə şamil edilmir”. Bu müddəanın mənası odur ki, üzvlük adi qaydada üç il üçün nəzərdə tutulur və bu müddətin uzadılması tam şəkildə Sədrin qərarından asılıdır. Lakin ilk il ərzində 1 milyard ABŞ dollarından artıq vəsait ödəyən dövlətlər üçün bu vaxt məhdudiyyəti tətbiq edilmir və qayda dəyişir”.
İqtisadçı bildirib ki, məhz bu yanaşma nizamnaməni klassik beynəlxalq təşkilat modelindən çox, şirkət idarəçiliyi modelinə yaxınlaşdırır:
“Çünki burada, maliyyə qoyuluşu status üstünlüyü yaradır, qaydalar bütün üzvlər üçün eyni tətbiq olunmur, “daha çox töhfə - daha çox hüquq” prinsipi formalaşır. Bu isə Sülh Şurasının idarəetmə fəlsəfəsinin kollektiv beynəlxalq mexanizmdən çox, təsisçiyə və maliyyə gücünə əsaslanan mərkəzləşdirilmiş struktur olduğunu göstərir. Lakin onsuzda beynəlxalq hüququn işləmədiyi mövcud qlobal geosiyasi şərait, Şuranın təşəbbüsçüsünün siyasi çəkisi, eləcə də ABŞ-Azərbaycan münasibətlərinin hazırkı dinamikası onu deməyə əsas verir ki, Azərbaycanın bu platformada təmsil olunması ölkənin strateji maraqları baxımından əhəmiyyətli və məqsədəuyğundur”.
Vasif ƏLİHÜSEYN