Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ölkəmiz iqlim dəyişmələrinə qarşı mübarizəyə milli təhlükəsizliyin tərkib hissəsi kimi baxır
İqlim dəyişmələri ilə mübarizə təkcə enerji sektorunda əsaslı dəyişikliyin həyata keçirilməsi ilə məhdudlaşmır. Bu proses su ehtiyatlarının qorunması, kənd təsərrüfatının yeni iqlim şəraitinə uyğunlaşdırılması, torpaqların mühafizəsi, meşə ekosistemlərinin bərpası və əhalinin ekoloji təhlükəsizliyinin gerçəkləşdirilməsini də əhatə edir.
Türkiyənin Antalya şəhərində davam edən COP31 konfransı çərçivəsində Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin ətraf mühit və iqlim məsələləri üzrə məsul şəxslərinin iştirakı ilə keçirilən yüksəksəviyyəli dəyirmi masada bu barədə ətraflı danışılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iqlim siyasəti şöbəsinin müdiri Fuad Hümbətov çıxışında TDT-yə üzv ölkələr arasında iqlim dəyişikliyi ilə mübarizənin və ekoloji əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb. O, Azərbaycanın Mərkəzi Asiyanın Türk dövlətləri ilə Türkiyəni və Avropa bazarlarını birləşdirən mühüm “yaşıl” enerji tranzitinə, eləcə də ötürücü mərkəzə çevirmək üçün strateji mövqeyə malik olduğunu bildirib.
Fuad Hümbətov dəyirmi masada tullantıların idarə olunması sahəsində də ölkəmizdə mühüm addımların atıldığını, 2026-cı il mayın 14-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyinin yaradıldığını və 2027–2030-cu illər üçün məişət tullantılarının idarə olunmasının təkmilləşdirilməsi üzrə Milli Strategiyanın hazırlandığını qeyd edib. O, Xəzər dənizinin ekoloji problemlərinin həlli, su təhlükəsizliyi, bərpaolunan enerji və iqlim layihələrinin maliyyələşdirilməsi istiqamətlərində regional əməkdaşlığın genişləndirilməsinin zəruriliyini də diqqətə çatdırıb. Şöbə müdiri, eyni zamanda, COP31-in uğurunun təkcə bəyan edilən öhdəliklərlə deyil, konkret nəticələrlə ölçülməsinin vacibliyini xatırladıb.
COP31-in sədri, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum dəyirmi masada çıxış edərək Türk dünyasının ortaq ekoloji problemlərinin yalnız bir ölkənin səyləri ilə həll edilə bilməyəcəyini, bu sahədə həmrəyliyin və birgə fəaliyyətin vacibliyini vurğulayıb. O, Aral dənizinin quruması, Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi, buzlaqların əriməsi və quraqlığın Türk dünyası üçün ciddi təhdid yaratdığını bildirib. Murat Kurum Bakıda başlanan təşəbbüslərin Antalya görüşündən sonra birgə layihələr, investisiyalar və konkret nəticələrlə genişləndirilməsinin zəruriliyini də diqqətə çatdırıb.
Göründüyü kimi, Azərbaycan üçün bu məsələlər xüsusi önəm daşıyır. Ölkəmizin su ehtiyatlarının mühüm hissəsinin transsərhəd mənbələrdən formalaşması, iqlim dəyişmələrinin yağıntı rejiminə və çayların sululuğuna təsiri su təhlükəsizliyini strateji prioritetlərdən birinə çevirir. Xüsusilə kənd təsərrüfatında suvarma sistemlərinin səmərəliyinin artırılması, su itkilərinin azaldılması, müasir suvarma texnologiyalarının tətbiqi və su ehtiyatlarının rəqəmsal monitorinqi mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, quraqlığa davamlı bitki sortlarının seçilməsi, torpaqların münbitliyinin qorunması və aqrar istehsalın iqlim risklərinə uyğunlaşdırılması zəruridir.
Dağlıq ərazilərdə buzlaqların əriməsi və qar ehtiyatlarının azalması isə uzunmüddətli su təminatı məsələsinə daha sistemli yanaşmanı tələb edir. Bu baxımdan Azərbaycanın COP29 çərçivəsində irəli sürdüyü su təşəbbüslərinin COP31-də də gündəmdə saxlanılması mühüm ardıcıllıq nümunəsidir.
Digər tərəfdən, müasir texnologiyaların tətbiqi iqlim risklərinin idarə olunmasında yeni imkanlar açır. Peyk müşahidələri, coğrafi informasiya sistemləri, süni intellekt əsaslı proqnozlaşdırma və erkən xəbərdarlıq mexanizmləri təbii fəlakətlərin mümkün nəticələrini əvvəlcədən qiymətləndirməyə və qabaqlayıcı tədbirlər görməyə imkan verir. Bu texnologiyaların tətbiqi həm də yalnız ekoloji təhlükəsizliyə deyil, iqtisadi itkilərin azaldılmasına, infrastrukturun qorunmasına və əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edir.
Şəhərsalmada yeni model
COP31 çərçivəsində Türkiyə pavilyonunda “Dayanıqlı şəhərlər, iqlim dayanıqlılığı və müasir şəhərsalma təcrübələri” mövzusunda keçirilən panel müzakirələrdə Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi bərpa və quruculuq layihələrinin təqdim olunması xüsusi əhəmiyyət daşıyır.
Qarabağ Dirçəliş Fondunun şöbə müdiri Pərvin Bağırovanın çıxışında diqqətə çatdırıldığı kimi, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma prosesi yalnız dağıdılmış şəhər və kəndlərin əvvəlki vəziyyətinə qaytarılması məqsədi daşımır. Burada müasir şəhərsalma, ekoloji dayanıqlılıq, rəqəmsal texnologiyalar və yeni iqtisadi imkanlar əsasında fərqli inkişaf modelinin formalaşdırılması əsas götürülür.
Təxminən 30 illik işğal dövründə Ağdam, Füzuli, Cəbrayıl və digər yaşayış məntəqələrinin dağıdılması, infrastrukturun sıradan çıxarılması, təbii ehtiyatlardan qeyri-qanuni və səmərəsiz istifadə edilməsi həmin ərazilərin bərpasını son dərəcə mürəkkəb prosesə çevirib. Lakin bu dağıntılar üzərində müasir yanaşmalar sayəsində yeni şəhər və kəndlərin qurulmasına əlverişli imkan yaranıb.
Prezident İlham Əliyevin müvafiq fərmanı ilə təsis edilən Qarabağ Dirçəliş Fondunun əsas məqsədi dövlətin bərpa və yenidənqurma siyasətinə dəstək vermək, bu prosesə vətəndaş cəmiyyətini, özəl sektoru və beynəlxalq tərəfdaşları yönəltməkdir. Bu model dövlət resurslarının, ictimai təşəbbüslərin və özəl sektorun imkanlarının bir araya gətirilməsi deməkdir.
Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji zonası” elan edilməsi, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiq olunması regionun gələcək inkişafının ekoloji, həmçinin texnoloji prinsiplər üzərində qurulduğunu göstərir. İlk “ağıllı” kənd olan Ağalıda sakinlərin məskunlaşması isə bu konsepsiyanın məntiqi nəticəsidir. Burada əsas məqsəd təkcə müasir yaşayış evləri tikmək deyil, eyni zamanda, insanların gündəlik ehtiyaclarını qarşılayan, rəqəmsal xidmətlərdən istifadəni gerçəkləşdirən, enerji və su ehtiyatlarına qənaət edən, sosial infrastrukturu inkişafını diqqətdə saxlayan yaşayış mühiti yaratmaqdır. 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi, may ayında Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının keçirilməsi də ölkəmizin bu sahəyə verdiyi strateji əhəmiyyətin göstəricisidir.
Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələrin miqyası statistik göstəricilərdə də aydın nəzərə çarpır. Təqdim olunan məlumatlara əsasən, indiyədək 47 yaşayış məntəqəsinə 40 mindən çox keçmiş məcburi köçkünün qayıtması və 2020-ci ildən etibarən bərpa və yenidənqurma işlərinə dövlət büdcəsindən 25 milyard manatdan çox vəsait yönəldilməsi də bunun bariz ifadəsidir. Bu rəqəmlər azad edilmiş ərazilərdə bərpa prosesinin yalnız tikinti işlərindən ibarət olmadığını göstərir. Əsas məqsəd insanların doğma yurdlarına qayıtması, burada məskunlaşması, işləməsi, təhsil alması və normal həyat şəraitinə malik olmasıdır.
Ekoloji bərpa örnəyi
İşğaldan azad edilmiş ərazilərdə quruculuq siyasətinin uzunmüddətli nəticələri bilavasitə iqtisadi inkişafdan və məşğulluq imkanlarından asılıdır. İnsanların doğma yurdlarına qayıtması üçün yaşayış evləri ilə yanaşı, iş yerləri, istehsal müəssisələri, xidmət infrastrukturu və sahibkarlıq imkanlarının da yaradılması daim diqqətdə saxlanılır.
Bu baxımdan Qarabağ Dirçəliş Fondunun kiçik və orta biznesin maliyyələşdirilməsi, sahibkarlığın dəstəklənməsi və regionun beynəlxalq investorlara təqdim edilməsi istiqamətində fəaliyyətə başlaması xüsusi önəm daşıyır. Kiçik və orta sahibkarlıq regionların iqtisadi həyatının canlanmasında mühüm rol oynayır. Bu sektor yerli məşğulluğun artırılması, əhalinin gəlirlərinin yüksəldilməsi, xidmət sahələrinin genişləndirilməsi və yeni istehsal imkanlarının yaradılması baxımından çevik iqtisadi mexanizmdir.
Qarabağ və Şərqi Zəngəzurda kənd təsərrüfatı, emal sənayesi, turizm, tikinti materialları istehsalı, xidmət sektoru və bərpaolunan enerji sahələrində mövcud potensialın reallaşdırılması regionun iqtisadi dayanıqlılığını gücləndirir. Burada mühüm məsələ investisiyaların təkcə tikinti mərhələsinə deyil, uzunmüddətli istehsal və məşğulluq perspektivlərinə istiqamətləndirilməsidir. Müəssisələrin yaradılması, yerli əmək ehtiyatlarının hazırlanması, peşə təhsilinin inkişaf etdirilməsi və sahibkarlara maliyyə dəstəyinin göstərilməsi dayanıqlı məskunlaşmanın iqtisadi əsaslarını möhkəmləndirir. Deməli, Qarabağın dirçəlişi şəhər və kəndlərin fiziki bərpası ilə yanaşı, yeni iqtisadi münasibətlərin, sahibkarlıq mühitinin və müasir əmək bazarının formalaşdırılmasını da əhatə edir.
Meşələr insanlığın “oksigen balonu”dur
COP31 çərçivəsində Azərbaycanın iştirakı ilə keçirilən tədbirlərin məzmunu göstərir ki, ölkəmiz iqlim dəyişmələrinə qarşı mübarizəyə çoxşaxəli inkişaf siyasətinin mühüm istiqaməti kimi yanaşır. Meşələrin biomüxtəliflik və su təhlükəsizliyi üçün həyati əhəmiyyət daşıması, şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılması və enerji səmərəli binaların tikintisi eyni strateji məqsədə – ekoloji cəhətdən təhlükəsiz, iqtisadi baxımdan dayanıqlı və sosial baxımdan ədalətli inkişaf modelinin qurulmasına xidmət edir.
Bu layihələrin hər biri ayrıca istiqaməti əhatə etsə də, onların arasında mühüm məntiqi bağlılıq mövcuddur. Məsələn, regionlarda meşələrin qorunması, şəhərlərdə yaşıllıq sahələrinin artırılması insanların sağlamlığını şərtləndirdiyi kimi, iqlim dəyişmələrinin təsirlərinin yumşaldılmasına da müsbət təsir göstərir. İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə və ekoloji bərpa tədbirləri isə insanların təhlükəsiz yaşayışına, iqtisadi fəaliyyətin canlanmasına və təbii ehtiyatların qorunmasına şərait yaradır. Beləliklə, iqlim siyasətinin səmərəliyi ayrı-ayrı layihələrin sayından daha çox, onların vahid strategiya çərçivəsində əlaqələndirilməsindən asılıdır.
Azərbaycanın COP29-a sədrliyi dövründə formalaşan beynəlxalq təcrübənin COP31-də davam etdirilməsi də bu baxımdan əhəmiyyətlidir. Ölkəmiz beynəlxalq iqlim dialoqunda iştirakını yalnız diplomatik təmsilçiliklə məhdudlaşdırmır, konkret təşəbbüslər və layihələr vasitəsilə öz töhfəsini təqdim edir.
COP31-də Azərbaycanın diqqətə çatdırdığı təcrübə və təşəbbüslərin əsas əhəmiyyəti də məhz bu məsələlərin qarşılıqlı əlaqədə nəzərdən keçirilməsindədir. Ölkəmiz ekoloji məsuliyyəti sosial rifah, iqtisadi inkişaf, müasir şəhərsalma və humanitar məsələlərlə uzlaşdırmağa çalışır. Nəticə etibarilə, Azərbaycanın beynəlxalq iqlim gündəliyində fəal iştirakı milli inkişaf prioritetlərinin qlobal məqsədlərlə uzlaşdırılmasının mühüm nümunəsidir.
Bu mənada, COP31 Azərbaycanın həm beynəlxalq iqlim əməkdaşlığına verdiyi töhfələrin nümayişi, həm də ölkəmizdə həyata keçirilən ekoloji və sosial-iqtisadi siyasətin yeni imkanlarının təqdimatı üçün mühüm platformadır. Əsas məqsəd isə bu gün atılan addımların sabah daha sağlam ətraf mühitə, daha təhlükəsiz yaşayış məkanlarına və gələcək nəsillər üçün qorunub saxlanılan təbii sərvətlərə çevrilməsidir.
COP31 çərçivəsində keçirilən “Kompleks yanğın idarəçiliyi və meşə yanğınlarına qarşı dayanıqlılıq üçün texnologiya və innovasiya mövzusunda yüksəksəviyyəli dialoq” görüşündə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi və COP29-un prezidenti Muxtar Babayev bu barədə ətraflı bəhs edib. O, eyni zamanda, meşələrin biomüxtəliflik və su təhlükəsizliyi üçün həyati əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Bununla belə, meşələrin iqlim dəyişikliyi və yanğınlar səbəbindən getdikcə daha çox təhlükə altında olduğunu bildirib.
BMT-nin Ətraf Mühit Proqramının proqnozlarına diqqət çəkən M.Babayev əsrin sonuna qədər şiddətli meşə yanğınlarının 50 faizə qədər artacağını, bunun nəticəsində isə külli miqdarda karbonun havaya buraxılmasına və ekosistemlərin zədələnməsinə səbəb olacağını vurğulayıb. COP29-un prezidenti belə bir proqnozlaşdırma müqabilində zədələnmiş ekosistemlərin bərpasına doğru keçid etməyin zəruriliyini də diqqətə çatdırıb.
Onun sözlərinə görə, respublikada peyk monitorinqi, süni intellekt, dronlar və qabaqcıl proqnozlaşdırma da bu sahədə mühüm imkanlar yaradıb. Bu yaxınlarda respublikamızın azad edilmiş ərazilərində, Cəbrayılda Türkiyə – Azərbaycan Beynəlxalq Meşə Təlim və Tinglik Mərkəzi açıldığını xatırladan Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi 40 hektar ərazidə ildə 2 milyon ting istehsalının mümkün olduğunu diqqətə çatdırıb. M.Babayev mərkəzdə 400 meşə təsərrüfatı mütəxəssisinin təlim keçməsi üçün imkan yaradıldığını bildirib. O, həmçinin Türkiyə, Mərkəzi Asiya və Şərqi Avropa ölkələrindən olan mütəxəssislər üçün də təlimlərin təşkilinin nəzərdə tutulduğunu qeyd edib.
V.BAYRAMOV
XQ