Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.
6.3.8. Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği;
Azərbaycanın tarixi, bəşər sivilizasiyasının zəngin irsi ilə üz-üzə dayanır və hər bir dövrü, hər bir hadisəsi ilə milli şüurun formalaşmasına xidmət edib. Minilliklər boyu bu torpaq böyük dövlətlərin, imperiyaların və mədəniyyətlərin qovşağında yerləşmiş, həm müdafiə, həm də mədəni mübadilə mərkəzi olub. Azərbaycanın dövlətçilik ənənələri yalnız siyasi sərhədlərin qorunması ilə məhdudlaşmır, onlar xalqın birliyi, hüquqi və sosial nizamın formalaşması, milli dəyərlərin qorunub saxlanması ilə də ölçülür. Qədim Albaniya dövləti, Şirvanşahlar, Atabəylər və sonda müasir Azərbaycan Respublikası – hər biri bu dövlətçilik tarixinin bir parlaq səhifəsini təşkil edir və gələcək nəsillərə örnək olur.
Elm və mədəniyyət sahəsində Azərbaycan hər zaman özünəməxsus rol oynayıb. Xəlifə Əbülqasım Fərabi, Nizami Gəncəvi, Məhəmməd Füzuli kimi böyük şəxsiyyətlər yalnız Azərbaycan deyil, bütün Şərq dünyası üçün ilham mənbəyi olub. Qarabağ xanlıqlarının, Bakı və Şamaxı mədəniyyət mərkəzlərinin inkişafı, müasir dövrdə isə Azərbaycan universitetlərinin, elmi tədqiqat institutlarının fəaliyyəti, xalqın bilik və sənət irsinin qorunub yayılmasına xidmət edir. Musiqi, rəqs, ədəbiyyat, xalçaçılıq və digər sənət növləri isə xalqın ruhunu, həyat eşqini və estetik zövqünü əks etdirən əvəzsiz xəzinələrdir.
Azərbaycanın dövlətçilik tarixi, milli adət-ənənələri, elm və mədəniyyətinin dünyada daha geniş təbliği üçün hansı tarixi nümunələr və strategiyalar prioritet hesab edilməlidir?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən tarix üzrə fəlsəfə doktoru, Tarix və Etnologiya İnstitutunun "Qərbi Azərbaycan tarixi" şöbəsinin müdiri Cəbi Bəhramov deyib ki, Azərbaycan mədəniyyəti və tarixi çox zəngin və çoxşaxəlidir:
"Durub Nizamini, Məhsəti Gəncəvini, Əcəmini və minilliklər boyu formalaşmış irsimizi nəzərə aldıqda, görürük ki, Azərbaycan yalnız region üçün deyil, dünya mədəniyyəti üçün də önəmli bir mədəniyyət mərkəzidir. Biz üzərimizdəki “fars” təyinatını götürməli, milli kimliyimizi tam şəkildə ön plana çıxarmalıyıq. Dövlətçilik tariximiz çox qədimdir, dörd min illik bir tariximiz vardır. Təəssüf ki, Sovet dövründə bu zəngin tarixə qadağalar qoyulmuş, bir çox mədəni və tarixi nümunələr unudulmağa məhkum edilmişdir. Son iki yüz ildə bölgəyə ermənilərin köçü, siyasi və sosial prosesləri əhəmiyyətli dərəcədə dəyişdirmişdir. Lakin söhbət yalnız bir millətdən deyil, bütün Azərbaycan xalqlarının tarixindən gedir".
Onun sözlərinə görə, İslam dini yayıldıqdan sonra bütün Azərbaycan əhalisi bunu qəbul edib və 14 əsrdən artıqdır ki, İslam bizim mədəniyyətimizin ayrılmaz bir hissəsi olub:
"Osmanlı imperiyası olmasaydı, İslam dini bu bölgədə bu qədər qorunub-saxlanmazdı. Şimali Azərbaycanda ilkin məscidlərin tikintisi, xüsusən Dərbənd və Şamaxı məscidləri bunun bariz nümunəsidir. Tarixi xürrəmilər islama qarşı çıxmış kimi təqdim olunsa da, bu fikirlər əsassızdır. Ərəb xilafəti süqut etdikdən sonra abidələrimiz qalmış və İslam dini geniş yayılmışdır. Qarabağda və Qərbi Azərbaycanda kilsələrlə paralel olaraq məscidlərin inşa edilməsi isə dini tolerantlığın, mədəni zənginliyin və çoxəsrlik ənənələrin bariz göstəricisidir. Dördüncü əsrdən səkkizinci əsrə qədər xaç simvolu hakim olsa da, sonradan aypara simvolu Azərbaycan mədəniyyətində yerini alıb. Alban məsələsinin yanlış təqdimatı ruslar tərəfindən uydurulub, tarixi araşdırmalar bunu sübut edir".
Həmsöhbətimiz əlavə edib ki, tarixi və texnoloji inkişaflar, tibbi nailiyyətlər və elmi araşdırmalar bir xalqın köklərini, mədəniyyətini və dövlətçilik ənənələrini öyrənmək üçün vacibdir:
"Azərbaycan xalqının dövlətçilik tarixində verdiyi töhfələr dünya miqyasında nadir nümunələrdəndir. Atropatona, Midiyalılar kimi qədim dövrlərdən başlayan dövlətçilik ənənələrimiz, xalqımızın idarəçilik və mədəniyyət sahəsində verdiyi töhfələri əks etdirir".
Cəbi Bəhramov qeyd edib ki, bu gün Nizaminin əsərləri bütün Avropada oxunur və dünya ədəbiyyatında dəyərli yerlərdən birini tutur.

Cəbi Bəhramov: Bizim dövlətçilik tariximiz, mədəniyyətimiz və elmimiz dünya miqyasında layiq olduğu yeri almalıdır
"Hüqonun müsəlmanlara qarşı ifadələrinə baxmayaraq, Avropa oxucuları Nizaminin dəyərini anlayıb onun yaradıcılığını öyrənməyə başladılar. Nizami yalnız poeziyanın deyil, həm də həyatın formulasını verib. Bizim təqdim edə biləcəyimiz zəngin irs yalnız ədəbiyyatla məhdudlaşmır, elmdən, texnologiyaya, tibbdən milli qəhrəmanların və alimlərin fəaliyyətinə qədər geniş sahələri əhatə edir",- deyə o, əlavə edib.
Müsahibimiz söyləyib ki, Milli Qəhrəmanlarımızın və ziyalılarımızın, məsələn, Topçubaşovun heykəllərinin ucaldılması, gələcək nəsillərin vətənpərvərlik ruhunda böyüməsi üçün vacibdir:
"Azərbaycanın dünya neft sənayesində tarixi rolu, İkinci Dünya Müharibəsində verdiyi töhfələr unudulmamalıdır. Müharibələrin nəticələrində və qələbələrdə Azərbaycan xalqının rolu danılmazdır. Bizim xalqımızın şairləri, alimləri, yazıçılarımız və qəhrəman oğullarımız öz zəhməti və şücaəti ilə ölkəmizi dünyada tanıdıb".
Tarixçi onu da bildirib ki, Şuşada və Xankəndidə zəfərlə bağlı abidələrin ucaldılması, müstəqil Azərbaycan elm və mədəniyyət nümayəndələrinin görünən yerlərdə təqdim olunması vacibdir:
"Sovet dövründə çəkilmiş bədii filmlərimiz xaricdə nümayiş etdirilməli, elmdə və ədəbiyyatda halilik, yenilik və aktual mövzular ön plana çıxarılmalıdır. Dünya miqyaslı alimlərimiz, savadlı gənclərimiz, elm və mədəniyyət sahəsində nümunəvi fəaliyyətləri ilə ön planda olmalıdır. İslam dini elmi yüksək qiymətləndirir, bu dəyərlər müstəqil Azərbaycan üçün də əsasdır. 36 ildir ki, müstəqillik əldə etmişik və heç kimdən asılı deyilik. Şairlərimizin, yazıçılarımızın, alimlərimizin vətənə verdiyi töhfələr işıqlandırılmalı, onların əməyi gələcək nəsillərə nümunə olmalıdır. Amerikada və Avropada hərbi məktəblərdə Şuşada keçirilmiş əməliyyatlar öyrənilir, bu, Azərbaycan xalqının tarixdə oynadığı müstəsna rolun göstəricisidir".
Sonda o vurğulayıb ki, yazıçının, şairin, alimin əməyi danılmazdır:
"Bizim dövlətçilik tariximiz, mədəniyyətimiz və elmimiz dünya miqyasında layiq olduğu yeri almalıdır. Azərbaycan xalqı tarix boyunca verdiyi töhfələrlə, qoruduğu mədəniyyətlə və inkişaf etdirdiyi elm və dövlətçilik ənənələri ilə hər zaman qürur duyulacaq bir xalq olduğunu sübut edib".
Əli Hüseynov
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb