Azərbaycanın ehtiyatları azalır?

27.01.2026

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti azalıb. 

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin aprel fyuçerslərinin qiyməti 0,56% azalaraq 5 093,46 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin mart fyuçerslərinin qiyməti də 7,13% azalaraq 107,215 ABŞ dolları olub.

Qlobal bazarlarda qızıl və gümüş fyuçerslərinin ucuzlaşması daha çox ABŞ monetar siyasəti ilə, yoxsa geosiyasi risklərin azalması ilə bağlıdır? Qızıl qiymətlərindəki bu azalma Azərbaycan iqtisadiyyatına hansı formada təsir göstərə bilər?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında iqtisadçı Akif Nəsirli bildirib ki, qızıl və gümüş kimi qiymətli metalların qiymətlərindəki azalmalar bir neçə əsas faktordan qaynaqlana bilər. 

O qeyd edib ki, ən çox təsir edən səbəblərdən biri ABŞ-nin monetar siyasətidir:

“Əgər ABŞ Mərkəzi Bankı (Federal Rezerv) faiz dərəcələrini yüksəldirsə, dollar güclənir və investorlar daha az riskli aktivlərə yönəlir, bu isə qızıl və gümüşün qiymətlərini aşağı salır. Digər tərəfdən, geosiyasi risklərin azalması da qiymətli metallara tələbi azalda bilər, çünki qızıl ənənəvi olaraq “təhlükəsiz liman” kimi qəbul edilir. 

Hazırkı vəziyyətdə, qlobal bazarlardakı ucuzlaşmanın əsas səbəbi daha çox ABŞ monetar siyasəti və dolların möhkəmlənməsi ilə bağlıdır, geosiyasi risklərin azalması isə əlavə faktor rolundadır”.

İqtisadçı əlavə edib ki, Azərbaycan iqtisadiyyatına bu ucuzlaşma birbaşa və dolayı yollarla təsir edə bilər:

“Birbaşa təsir qızıl hasilatı və ticarəti ilə bağlıdırsa, dolayı təsir isə valyuta ehtiyatlarının dəyəri və inflyasiya üzərində özünü göstərə bilər. Qızıl qiymətlərinin düşməsi Mərkəzi Bankın qızıl-valyuta ehtiyatlarının dollar ekvivalentində dəyərini azalda bilər, çünki ehtiyatların bir hissəsi qızıl şəklində saxlanılır. 

Bu, ehtiyatların ümumi dəyərində azalma riski yaradır və bankın maliyyə stabilliyi baxımından diqqət tələb edən məqamdır”.

Akif Nəsirli vurğulayıb ki, qızılın qiymətinin aşağı düşməsi ehtiyatların ümumi vəziyyətinə müəyyən təsir göstərə bilər:

“Bununla belə, Azərbaycan kimi ölkələrdə ehtiyatlar adətən müxtəlif valyutalar və aktivlərlə diversifikasiya olunur. Buna görə də qızılın ucuzlaşması ehtiyatların ümumi vəziyyətinə müəyyən təsir göstərə bilər, amma  böyük risk yaratmamaq üçün əlavə tədbirlər görülə bilər”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

 

Açar sözlər: qızıl Akif Nəsirli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью