Azərbaycanın elmi inkişaf strategiyası beynəlxalq müstəvidə təhlil olunur

02.02.2026

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 2 fevral, AZƏRTAC

İqtisad elmləri doktoru, professor Zahid Məmmədov və dosent M.Kazımov tərəfindən hazırlanmış “Elmi fəaliyyətin qiymətləndirilməsi: beynəlxalq təcrübə və milli yanaşmalar” adlı elmi məqalə “İnformasiya və innovasiyalar” (“Information and Innovations”) beynəlxalq elmi jurnalında dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasının yubiley tədbirində səsləndirilmiş strateji tezislər müasir beynəlxalq elmi idarəetmə modelləri kontekstində təhlil edilir.

Araşdırmada elmi fəaliyyətin nəticəyönümlü təşkili, innovasiya potensialının artırılması, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və elmin iqtisadi inkişafa töhfəsinin gücləndirilməsi kimi məsələlərin qlobal elmi tendensiyalarla uzlaşdığı göstərilir.

Məqalədə ABŞ, Avropa İttifaqı ölkələri və Böyük Britaniya kimi qabaqcıl elmi sistemlərin fəaliyyətinin qiymətləndirilməsi mexanizmləri müqayisəli şəkildə araşdırılır. Elmi layihələrin performansa əsaslanan maliyyələşdirilməsi, universitet–sənaye əməkdaşlığının təşviqi, innovativ məhsulların kommersiyalaşdırılması və beynəlxalq indeksli jurnallarda elmi fəaliyyətin sistemli qiymətləndirilməsi əsas yanaşmalar kimi təqdim olunur.

Məqalənin dərc olunduğu elmi jurnalın təsisçisi Beynəlxalq Elmi və Texniki İnformasiya Mərkəzidir. 19 üzv dövləti birləşdirən Beynəlxalq Elmi və Texniki İnformasiya Mərkəzi iqtisadi əməkdaşlıq və elmi-texniki informasiya sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatdır. Mərkəz 1969-cu ildə BMT-də qeydiyyatdan keçmiş çoxtərəfli hökumətlərarası saziş əsasında yaradılıb və beynəlxalq hüquqi tanınmaya malikdir. Mərkəz müxtəlif ölkələr arasında elmi-texniki informasiyanın mübadiləsi və innovativ tədqiqatların təşviqi sahəsində beynəlxalq səviyyədə fəaliyyət göstərir.

Qeyd edək ki, sözügedən jurnal innovasiya iqtisadiyyatı, elmi idarəetmə və texnoloji inkişaf mövzularını əhatə edən nüfuzlu beynəlxalq elmi nəşrlərdən biridir.

Professor Zahid Məmmədovun və dosent M.Kazımov məqaləsi Azərbaycanın elmi inkişaf strategiyasının qlobal elmi tendensiyalarla uyğunluğunu nümayiş etdirir və ölkənin elmi potensialının beynəlxalq elmi mühitdə tanıdılmasına mühüm töhfə verir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью