Azərbaycanın enerji gələcəyi günəş və küləkdədir Professor

23.01.2026

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Xarici investisiyalar və müasir texnologiyalar alternativ enerjinin əsas açarıdır

Müasir dövrdə enerji təhlükəsizliyi və iqlim dəyişiklikləri ilə mübarizə beynəlxalq gündəmin əsas mövzularından biridir. Bu sahədə keçirilən qlobal tədbirlər və aparılan müzakirələr müxtəlif yanaşmaların formalaşmasına səbəb olur. Prezident İlham Əliyevin İqtisadi Forumunun illik toplantısı çərçivəsində çıxışlarında da qeyd etdiyi kimi, Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi etdiyi dövrlərdə, o cümlədən COP-la bağlı məsələlərdə müəyyən tənqidlərə məruz qalıb. Bu tənqidlər əsasən ölkənin neft hasil edən dövlət olması ilə əlaqələndirilib. Bununla belə, prezident əvvəlki illərdə və sonrakı dövrlərdə daha yüksək neft hasilatına malik ölkələrin də bu cür tədbirlərə ev sahibliyi etdiyini vurğulayıb.

Dövlət başçısı eyni zamanda qeyd edib ki, Azərbaycanın bərpaolunan enerjiyə yönəlmiş siyasəti enerji ehtiyaclarından irəli gəlmir. Bu yanaşma daha çox ekoloji məsuliyyət, ətraf mühitin qorunması və uzunmüddətli dayanıqlı inkişaf məqsədləri ilə bağlıdır. Karbon emissiyalarının və ətraf mühitin çirklənməsinin təsirləri birbaşa müşahidə olunmasa da, onların insan sağlamlığına, gələcək nəsillərə təsiri mövcuddur. Bu baxımdan, qazıntı yanacağı ilə zəngin olan ölkələrin bərpaolunan enerji mənbələrinə sərmayə yatırması beynəlxalq səviyyədə müsbət tendensiya kimi qiymətləndirilə bilər.

İqtisadi və siyasi coğrafiya üzrə alim, BDU-nun professoru Çingiz İsmayılov Sherg.az-a açıqlamasında hər bir ölkənin alternativ enerji mənbələrindən istifadə üzrə müvafiq strategiya formalaşdırmalı olduğunu söyləyib:

"Prezident İlham Əliyev haqlıdır. Biz neft hasil edən ölkələr qrupuna daxil olan dövlətik. Neft, qaz və ümumilikdə karbohidrogen ehtiyatları tükənən resurslardır, sonsuz deyil. Buna görə də hər bir ölkə öz enerji təhlükəsizliyini təmin etmək məqsədilə alternativ enerji mənbələrindən istifadə üzrə müvafiq strategiya formalaşdırmalıdır.

Biz bu prosesə yeni başlamamışıq, artıq onilliklərdir ki, bu siyasəti mərhələli şəkildə həyata keçiririk. Dövlət başçısının rəhbərliyi altında bu strategiya ardıcıl olaraq inkişaf etdirilir. Yəni alternativ enerjidən istifadə yollarını aktiv şəkildə axtarırıq. Günəş və külək enerjisindən istifadə, xarici investisiyaların və müasir texnologiyaların cəlb edilməsi, bu sahədə xarici ölkələrlə əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addımlar atılır". 

Alim bir tərəfdən enerji təhlükəsizliyinin təmin edilməsinin, digər tərəfdən isə ekoloji problemlərin həllinin karbon qazı emissiyalarının atmosferə atılmasının azaldılmasının Azərbaycanın əsas hədəfi olduğunu deyib:

"Bu məqsədlə həyata keçirilən siyasət düzgündür və bu sahədə ardıcıl işlər aparılır. Bununla da ölkəmizin gələcək inkişafı təmin edilir. Çünki hər bir ölkənin davamlı inkişafı enerji təhlükəsizliyi, ərzaq təhlükəsizliyi və ekoloji təhlükəsizliklə birbaşa bağlıdır. Bu istiqamətdə atılan ardıcıl addımlar öz müsbət nəticələrini verəcək. Biz bunu yaxın illərdə aydın şəkildə görəcəyik. 

Enerji balansımızda ənənəvi karbohidrogen ehtiyatları əsasında enerji istehsalı ilə yanaşı, alternativ enerji mənbələrinin, əsasən külək və günəş enerjisinin payının artırılması nəzərdə tutulur. Eyni zamanda kiçik energetikanın, xüsusilə çaylar üzərində kiçik su elektrik stansiyalarının, əsasən işğaldan azad edilmiş ərazilərdə istifadəyə verilməsi Azərbaycanda enerji təhlükəsizliyi məsələsinin uzunmüddətli həllinə imkan yaradacaq".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью