Azərbaycanın enerji planında böyük dəyişiklik Yeni mərhələ başlayır

24.11.2026

Icma.az, Yenisabah saytına istinadən bildirir.

Milli Məclisin plenar iclasında gündəliyin birinci məsələsi – “Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” sazişə dəyişikliklərin edilməsi ilə bağlı çıxış edən Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Abşeron yatağının tammiqyaslı işlənməsinin Azərbaycanın enerji potensialının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.

"Yeni Sabah" xəbər verir ki, layihənin tarixinə nəzər salan komitə sədri Abşeron yatağı üzrə ilkin hasilatın pay bölgüsü sazişinin 2009-cu ildə imzalandığını, uğurlu kəşfiyyat işlərindən sonra 2017-ci ildə yatağın işlənməsi və hasilatı proqramının qəbul edildiyini xatırladıb. İlkin hasilat sxemi üzrə qaz hasilatına 2023-cü il iyulun 3-də başlanıldığını deyən S.Qurbanov hazırda həmin quyudan illik 1,5 milyard kubmetr qaz hasil olunduğunu və layihədə SOCAR, Fransanın “TotalEnergies” və Birləşmiş Ərəb Əmirliklərinin ADNOC şirkətlərinin podratçı tərəflər kimi iştirak etdiklərini diqqətə çatdırıb.

Parlamentarinin sözlərinə görə, yatağın resurslarından maksimum istifadəni və qaz hasilatının artırılmasını təmin etmək məqsədilə tammiqyaslı işlənmə layihəsi üzrə yekun investisiya qərarı 2026-cı il sentyabrın 25-də qəbul edilib, ertəsi gün isə SOCAR və podratçı tərəflər arasında sazişin dəyişdirilmiş redaksiyası imzalanıb. S.Qurbanov qeyd edib ki, dəyişikliklərin əsas mahiyyəti yatağın işlənməsi və hasilatı müddətinin 30 ildən 45 ilədək uzadılmasıdır. Online alış-veriş

Layihəyə yeni quyuların, o cümlədən dördüncü quyunun daxil edilməsinin nəzərdə tutulduğunu bildirən komitə sədri həmin quyudan 6 milyard kubmetr qaz hasil ediləcəyini və ilkin qaz hasilatına 2029-cu ildə başlanılmasının gözlənildiyini vurğulayıb.

Yeni yataqdan əldə olunacaq qazın həm daxili tələbatın ödənilməsinə, həm də ixrac həcmlərinin artırılmasına töhfə verəcəyini deyən deputat Azərbaycanın beynəlxalq bazarda etibarlı enerji təchizatçısı mövqeyini möhkəmləndirdiyini və Avropanın enerji təhlükəsizliyində rolunu artırdığını bildirib. Statistik göstəricilərə toxunan S.Qurbanov 2025-ci ildə ölkədə 51,5 milyard kubmetr qaz hasil edildiyini, bunun 25,2 milyard kubmetrinin satıldığını və Avropa ölkələrinə 12,8 milyard kubmetr qaz ixrac olunduğunu qeyd edib.

Komitə sədri Prezident İlham Əliyevin noyabrın 12-də Dublində keçirilən Avropa Siyasi Birliyinin Zirvə toplantısında Azərbaycanın Avropaya qaz təchizatını 8 milyard kubmetrdən 13 milyard kubmetrə çatdıracağını bəyan etdiyini və hazırda Avropa İttifaqının 10 üzvünün Azərbaycan qazı ilə təmin olunduğunu xatırladaraq, bütün bu amillərin sazişə edilən dəyişikliklərin strateji əhəmiyyətini bir daha təsdiqlədiyini vurğulayıb.

Nazim Hacıyev


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью