Azərbaycanın enerji siyasəti rəqəmsal transformasiya və süni intellekt gündəmi ilə paralel şəkildə formalaşdırılır RƏY

27.01.2026

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 27 yanvar, Pərvanə Qafarova, AZƏRTAC

Azərbaycanın enerji transformasiyası ölkənin rəqəmsal və innovativ inkişaf strategiyasının əsas dayaqlarından birinə çevrilib. Bu gün süni intellekt, böyük məlumatların emalı, rəqəmsal platformalar və yüksək texnologiyaların inkişafı birbaşa enerji infrastrukturu və enerji dayanıqlığı ilə bağlıdır. Enerji artıq yalnız istehsal sahəsi deyil, innovasiyanın davamlı işləməsini təmin edən strateji resurs rolunu oynayır. Yaşıl enerjiyə keçid, elektrik şəbəkələrinin modernləşdirilməsi və enerji istehsalında şaxələndirmə Azərbaycanda rəqəmsal transformasiya üçün möhkəm baza formalaşdırır. Etibarlı və dayanıqlı enerji təminatı ölkədə data mərkəzlərinin, bulud texnologiyalarının və süni intellekt əsaslı həllərin inkişafı üçün əsas şərtdir. Bu baxımdan, Azərbaycanda regional data mərkəzlərinin qurulmasının artıq gündəmdə olması ölkənin rəqəmsal iqtisadiyyata keçid niyyətinin konkret və praktik göstəricisidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Techstars” vençur şirkətinin mentoru Cəmil Hüseynzadə səsləndirib.

“Eyni zamanda, enerji sektorunun rəqəmsallaşdırılması – “ağıllı şəbəkələrin” tətbiqi, süni intellektlə idarə olunan enerji balansı, proqnozlaşdırma və avtomatlaşdırılmış idarəetmə sistemləri – ölkədə yerli innovativ həllərin yaranmasına real imkanlar açır. Bu proses Azərbaycanı texnologiya istehlakçısı mövqeyindən çıxararaq, texnologiya yaradan və ixrac edən ölkəyə çevirmək baxımından strateji əhəmiyyət daşıyır”, - deyə Cəmil Hüseynzadə vurğulayıb.

Cəmil Hüseynzadənin sözlərinə görə, Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda səsləndirdiyi və 2032-ci ilə qədər 8 giqavat Günəş və külək enerjisi potensialının yaradılmasını nəzərdə tutan mesajlar göstərir ki, Azərbaycanın enerji siyasəti rəqəmsal transformasiya və süni intellekt gündəmi ilə paralel şəkildə formalaşdırılır. “Bu yanaşma ölkəmizə regional miqyasda innovativ inkişaf üçün enerji və rəqəmsal platforma, qlobal miqyasda isə məsuliyyətli və etibarlı texnoloji tərəfdaş kimi mövqe qazandıra bilər”, - deyə ekspert bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью