Azərbaycanın ət idxalı 100 milyon dolları keçib

26.11.2026

Marja.az saytından alınan məlumata görə, Icma.az bildirir.

2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycana 104 milyon 463 min ABŞ dolları dəyərində 44 min 61 ton ət idxal edilib.

Marja.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2025-ci ilin eyni dövrü ilə müqayisədə Azərbaycana ət idxalı fiziki həcm ifadəsində 5 min 506 ton və ya 14,3%, dəyər ifadəsində isə 14 milyon 323 min dollar və ya 15,9% artıb.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana 90 milyon 140 min dollar dəyərində 38 min 556 ton ət idxal edilmişdi.

İDXAL OLUNAN ƏTİN ORTA STATİSTİK DƏYƏRİ ARTIB

Marja.az-ın Dövlət Gömrük Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, 2025-ci ilin ilk 10 ayında Azərbaycana idxal olunan ətin bir tonunun orta statistik dəyəri 2 min 338 dollar təşkil etmişdisə, 2026-cı ilin eyni dövründə bu göstərici 2 min 371 dollara yüksəlib. Beləliklə, idxal olunan ətin bir tonunun orta statistik dəyəri təxminən 33 dollar və ya 1,4% artıb.

Manat ifadəsində idxal olunan ətin bir kiloqramının orta statistik dəyəri 3,97 manatdan 4,03 manata yüksəlib.

Qeyd edək ki, bu göstərici idxal olunan ətin orta gömrük statistik dəyərini ifadə edir və daxili bazarda pərakəndə satış qiyməti deyil.

AZƏRBAYCANIN ÜMUMİ İDXALI AZALIB, ƏT İDXALI İSƏ ARTIB

2026-cı ilin ilk 10 ayında Azərbaycanın ümumi idxalının dəyəri 20,6% azalsa da, yeyinti məhsullarının idxalının dəyəri 10,1% artaraq 2 milyard 328 milyon 289 min dollara çatıb.

Ət idxalının dəyərindəki 15,9%-lik artım yeyinti məhsullarının ümumi idxalındakı artım tempini üstələyib.

Ətin Azərbaycanın yeyinti məhsulları idxalında xüsusi çəkisi 4,26%-dən 4,49%-ə, ölkənin ümumi idxalında xüsusi çəkisi isə 0,47%-dən 0,68%-ə yüksəlib.

Hesabat dövründə Azərbaycana idxal olunan ətin ümumi statistik dəyəri manat ifadəsində 177 milyon 588 min manat təşkil edib.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью