Azərbaycanın futbol məbədgahı

16.09.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Bu gün Azərbaycan tarixi bir gün yaşayacaq. İdman ictimaiyyətinin, xüsusən də futbol pərəstişkarlarının əbədi məhəbbətini qazanmış, yarandığı elə ilk günlərdən həyatımızın bir parçasına çevrilmiş, 1993-cü ildən bəri unudulmaz hakimimiz Tofiq Bəhramovun adını daşıyan Respublika stadionunun istifadəyə verilməsinin 75-ci ili tamam olur. Yubilyara təbrikimizi aşağıda qələmə aldığımız və stadionun yaşıdı olan bir oyun haqqında xatirə qeydləri ilə çatdırırıq.

...16 sentyabr 1951-ci il. Səbirsizliklə gözlənilən gün gəlib çatıb. Respublika rəhbərliyinin və on minlərlə tamaşaçının, minlərlə bədən tərbiyəçisi və məşhur idmançının iştirakı ilə al-əlvan bayraqlarla bəzədilmiş stadionun açılış mərasimi o uzaq illərdən bizə əmanət qalmış videogörüntülərin xatırlatdığı kimi, əsl bayrama çevrilmişdi. Tribunalarda üzlərini təbəssüm bürüyən xoşbəxt insanlar onların şəhərində baş verən tarixi hadisəyə ürəkdən şaddırlar.

Açılış mərasimindən sonra həmin il SSRİ birinciliyinin "B" qrupunda çıxış edən "Neftçi" və Vilnüsün "Spartak" komandaları meydana dəvət olunurlar. Bakılıların böyük üstünlüyü şəraitində davam edən görüşdə tbilisili hakim N.Ramişvili Azərbaycan paytaxtı futbolçularının xeyrinə 4:0 hesabı qeydə alır. Oyunun qəhrəmanı iki qolun müəllifi Ələkbər Məmmədov olur. Qalan iki topu isə Viktor Maqaltadze və Viktor Anoşkin vururlar.

Statistika təsdiq edir ki, birincilikdə Məmmədov komandasının bütün 34 oyununda meydana çıxmış və 21 qol sevinci yaşamışdır. Bu hücumçumuzun bir qədər sonra, 1950-ci illərin ortalarında Moskvanın "Dinamo" komandasına dəvət olunduğunu, onun heyətində 4 dəfə SSRİ çempionu adını qazandığını da unutmamışıq.

Respublika stadionunun açılışı ilində "Neftçi"nin baş məşqçisi Şirəli Şirəliyev adları həmişə hörmətlə çəkilən qapıçı Vladimir Karmayev, müdafiəçi Valentin Xlıstov, hücumçular Əli Əbilzadə, İsay Abramaşviliyə də əsas heyətdə tez-tez yer vermişdir. Onu da xatırlayaq ki, həmin il "B" qrupunda 18 komanda mübarizə aparmış və "Neftçi" yalnız 3 mükafatçıdan geri qalıb, 4-cü yeri tutmuşdur.

Hazırda 75 yaşlı stadionumuz yenə mübariz idman formasındadır. Burada keçirilən Misli Premyer Liqası, avrokuboklar yarışlarında onların iştirakçı və tamaşaçıĺarına sədaqətlə xidmət edir. Bir il əvvəl Ağdamın "Qarabağ" komandasının UEFA Çempionlar Liqası turnirinin əsas mərhələsində İngiltərənin "Çelsi", Niderlandın "Ayaks", Danimarkanın "Kopenhagen" klublarına qarşı keçirdiyi və böyük maraqla izlənilən görüşlər xatirələrdə hələ təzədir. Elə bu yaxınlarda ÇL-in pley-off mərhələsi çərçivəsində İsrailin "Hapoel" (Beer-Şeva) komandası ilə 120 dəqiqə davam edən və 5:2 hesabı ilə Azərbaycan çempionu “Sabah”ın xeyrinə başa çatıb, onu əsas mərhələyə yüksəltmiş oyun da köhnə dostumuzun tarixində əbədi yaşayacaq.

Azərbaycanın futbol ictimaiyyəti, müxtəlif nəsillərdən olan idman həvəskarları həmişə öz doğma evləri kimi qapısını açmaqdan şərəf duyduqları Respublika stadionunda neçə-neçə maraqlı oyunun, unudulmaz qələbənin, yaddaqalan hadisənin şahidi olmuşlar.

Uzun illər ərzində Azərbaycan futbolu, bütövlükdə, idmanımızla nəfəs almış 75 yaşlı stadionumuzda güləş, boks, voleybol, yüngül atletika və digər növlər üzrə də yarışlar tamaşaçılar arasında böyük maraq doğurmuşdur. Bir sözlə, yubilyar stadionumuz təkcə gərgin mübarizə meydanı deyil, həm də sevimli istirahət yerimizdir. Ömrü daha da uzun olsun!

Oqtay BAYRAMOV,
Əməkdar jurnalist

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью