Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Monteneqronun Budva şəhərində keçirilən U-17 Avropa çempionatının beşinci günündə Azərbaycan millisinin daha üç boksçusu 1/4 finala, ikisi isə yarımfinala vəsiqə qazanıb.
Futbolpress.az xəbər verir ki, Nihad Məmmədli (48 kq) 1/8 finalda Filip Borkovski (Polşa) ilə döyüşüb. Görüş boksçumuzun 5:0 (30:27, 29:28, 29:28, 29:28, 29:28) hesablı qələbəsi ilə yekunlaşıb. O, növbəti qarşılaşmasında Akmal Dustiyevlə (Rusiya) münasibətinə aydınlıq gətirəcək.
İsmayıl Nəsirzadə (52 kq) də rinqdən qalib ayrılıb. Təmsilçimiz Vakaris Kiseliunası (Litva) 5:0 (30:27, 30:27, 30:27, 29:28, 29:28) hesabı ilə məğlub edib. Nəsirzadə 1/4 finalda Qleb Qrinblatı (İsrail) sınağa çəkəcək.
Məhəmmədəli İstamov (57 kq) Martin Donovandan (İrlandiya) güclü olub. Boksçumuz rəqibinə ikinci raundda tam üstünlüklə qalib gəlib. O, yarımfinala gedən yolda Eleftherios Zurnatsislə (Yunanıstan) döyüşəcək.
Səma Abbasova (66 kq) 1/4 finalda Aleksandra Kerdolla (İsrail) qüvvəsini sınayıb. Boksçumuz döyüşün taleyini ikinci raundda həll edib. Tam üstünlüklə qələbə qazanan milli üzvü yarımfinalda İustina Anufriyeva (Rusiya) ilə üz-üzə gələcək.
Xumar Cəfərli (+80 kq) isə Aleksandra Liteanunu (Rumıniya) yarışdan kənarlaşdırıb. O, 5:0 (30:26, 30:26, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib. Avropa çempionu yarımfinala gedən yolda Sofiya Opalyuxla (Ukrayna) görüşəcək.
Yarımfinala yüksələn boksçularımız özləri üçün azı bürünc medalı təmin ediblər.
Beləliklə, 1/4 final vəsiqə qazanan milli üzvlərinin sayı 11-ə yüksəlib.
Qeyd edək ki, 1/4 final döyüşləri bu gün, yarımfinallar oktyabrın 9-da baş tutacaq.