Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanın 17 və 19 yaşadək futbolçulardan ibarət milli komandaları sabah Avropa çempionatının seçmə mərhələsində son oyunlarını keçirəcəklər. Qarşılaşmalar ərəfəsində yığmalarımızla rəqiblərinin heyətləri arasında diqqətçəkən fərq ortaya çıxıb.
İdman.Biz xəbər verir ki, milli federasiyaların açıqladığı rəsmi siyahılara əsasən, Azərbaycanın hər iki yaş qrupu üzrə 42 futbolçusundan yalnız üçü xaricdə çıxış edir. Litva və Farer adalarının heyətlərində isə belə oyunçuların ümumi sayı 10-dur.
U-17 millimizin 21 nəfərlik heyətində xarici futbol strukturlarını təmsil edən iki futbolçu var. Nicat Əhmədzadə İspaniyanın “Marcet”, Nazim Əliyev isə Serbiyanın “Qrafiçar” klubunda çıxış edir.
Komandamızın əsas hissəsi yerli klubların yetirmələrindən formalaşıb. “Qarabağ” yığmaya səkkiz, “Neftçi” beş, “Sabah” isə iki futbolçu verib. “Sumqayıt”, “Turan Tovuz” və “İmişli” hərəyə bir oyunçu ilə təmsil olunur. Qapıçı Oqtay Mehrəliyev isə AFFA-nın siyahısında klubsuz göstərilib.
Azərbaycan millisinin sabahkı rəqibi Litvada vəziyyət fərqlidir. Baltikyanı ölkənin 23 nəfərlik heyətində altı futbolçu xaricdə oynayır. Royus Kardelis İtaliyanın “Cenoa”, Noyus Vişnyauskas isə “Empoli” klubunu təmsil edir. Kristupas Liutvinas Portuqaliyanın “Benfika”, Qvidas Valatkeviçyus isə “Rio Ave” sistemindədir. Patrikas Babenskas və Rokas Paulauskas Norveçin “Sandefyord” klubunda çıxış edirlər.
Litva ilk turda Şimali İrlandiyaya 0:2 hesabı ilə uduzduğu qarşılaşmada dönüş edərək 4:2 hesablı qələbə qazanıb, daha sonra Almaniyaya 0:4 hesabı ilə məğlub olub. Azərbaycan isə Almaniya və Şimali İrlandiya ilə oyunlarda müvafiq olaraq 0:7 və 0:4 hesablı məğlubiyyətlə üzləşib.
U-19 millimizlə Farer adaları arasında da oxşar fərq var. Azərbaycan yığmasının 21 nəfərlik heyətində xaricdə çıxış edən yeganə futbolçu Belçikanın “Sent-Trüyden” klubunu təmsil edən Mustafa Kamaradır.
Digər 20 futbolçu Azərbaycan klublarında çıxış edir. Heyətdə “Qarabağ”ın yeddi, “Sabah”ın altı, “Neftçi”nin isə dörd nümayəndəsi var. “Qəbələ”, “Sumqayıt” və “Zirə” hərəyə bir futbolçu ilə təmsil olunur.
Farer adalarının 18 nəfərlik heyətində isə dörd oyunçu Danimarka klublarında çıxış edir. Yakup Kristiansson Poulsen “Esbyerq”, Siqurd Ulriksen “Helsinqör”, Noa Kleyn Yoensen “Ranners”, Dennis Anhel isə “Sönneryuske” klubunu təmsil edir.
Maraqlıdır ki, Azərbaycanın U-19 millisi kimi Farer adaları da seçmə mərhələdə ilk iki oyununu uduzub. Komandalar qrupda ilk xallarını qazanmaq və sonuncu pillədən uzaqlaşmaq üçün mübarizə aparacaqlar.
Qeyd edək ki, noyabrın 17-də Azərbaycan - Litva U-17 görüşü Bakı vaxtı ilə saat 14:00-da, Farer adaları - Azərbaycan U-19 qarşılaşması isə saat 19:00-da başlayacaq.