Azərbaycanın iqlim diplomatiyası Antalyada: yaşıl gələcəyə aparan strateji baxış

12.11.2026

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Müasir dünyanın qarşısında dayanan ən mühüm çağırışlardan biri enerji təhlükəsizliyi ilə ekoloji tarazlığın uzlaşdırılmasıdır. İqlim dəyişmələrinin təsirlərinin getdikcə daha qabarıq hiss olunduğu, enerji resurslarına tələbatın artdığı bir şəraitdə dövlətlər üçün dayanıqlı enerji modelinə keçid artıq seçim deyil, strateji zərurətə çevrilib. Bu prosesdə bərpaolunan enerji mənbələrinin inkişafı, müasir texnologiyaların tətbiqi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Azərbaycan da zəngin enerji resurslarından səmərəli istifadə etməklə yanaşı, gələcəyin enerji sistemində özünə layiqli yer tutmaq istiqamətində ardıcıl siyasət həyata keçirir. 

Noyabrın 11-də Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası – COP31 çərçivəsində keçirilən Liderlər Sammitində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və Leyla Əliyevanın iştirakı ölkəmizin beynəlxalq iqlim gündəliyinə verdiyi önəmin növbəti ifadəsi oldu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT-nin Baş katibi Antonio Quterreşin də iştirak etdiyi bu mötəbər tədbir iqlim dəyişmələri ilə mübarizədə dövlətlərin birgə səylərinin və məsuliyyətinin əhəmiyyətini bir daha ön plana çıxardı. Sammitdə Türkiyə Prezidenti əvvəlki COP sədrliklərinin təcrübəsini bölüşdüklərinə görə Azərbaycana və Braziliyaya təşəkkürünü bildirdi. Bu məqam Azərbaycanın COP29-a ev sahibliyi etməklə qlobal iqlim diplomatiyasına verdiyi töhfənin beynəlxalq səviyyədə qiymətləndirilməsinin göstəricisi kimi diqqət çəkir.

Azərbaycanın Antalyadakı təmsilçiliyi ilə eyni vaxtda yaşıl enerji sahəsində atılan konkret addımlar isə ölkəmizin bu istiqamətdəki siyasətinin yalnız bəyanatlardan ibarət olmadığını nümayiş etdirir. Noyabrın 10-da COP31 çərçivəsində Azərbaycan, Bolqarıstan, Gürcüstan və Türkiyə arasında təmiz enerji sahəsində strateji tərəfdaşlıq haqqında sazişin imzalanması bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, Gürcüstanın Baş nazirinin müavini və iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili, Bolqarıstanın energetika naziri İva Petrovanın imzaladıqları sənəd regional enerji əməkdaşlığının yeni mərhələsinə yol açır.

Sazişin əsas məqsədi Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan yaşıl enerji dəhlizinin inkişaf etdirilməsi, regional enerji bağlantılarının gücləndirilməsi və elektrik enerjisinin ötürülməsi marşrutlarının şaxələndirilməsidir. Sənəddə təmiz elektrik enerjisinin ötürülməsi və təchizatı, təhlükəsiz və fasiləsiz enerji mübadiləsi üçün zəruri şəraitin yaradılması, eləcə də layihə çərçivəsində fiber-optik rabitənin təkmilləşdirilməsi nəzərdə tutulur.

Bu razılaşmanın əhəmiyyəti imzalanmış sənədin çərçivəsindən daha genişdir. Çünki söhbət Azərbaycanın bərpaolunan enerji potensialının regional elektrik şəbəkələri vasitəsilə Türkiyəyə və Avropa bazarlarına çıxarılması üçün yeni imkanların yaradılmasından gedir. Başqa sözlə, Xəzər hövzəsində formalaşan təmiz enerji potensialının Cənubi Qafqaz üzərindən Türkiyəyə, oradan isə Avropaya çatdırılması perspektivi Azərbaycanın enerji ixracı coğrafiyasını genişləndirməklə yanaşı, tərəfdaş ölkələrin enerji təhlükəsizliyinə də töhfə verə bilər. 

Noyabrın 11-də energetika naziri Pərviz Şahbazovun Bolqarıstanın energetika naziri İva Petrova ilə keçirdiyi görüşdə yaşıl enerji dəhlizi layihəsi üzrə birgə müəssisənin yaradılması və texniki-iqtisadi əsaslandırma işlərinə başlanılması məsələlərinin müzakirə edilməsi bu təşəbbüsün praktiki müstəvidə irəlilədiyini göstərir. Görüşdə Avropa şirkətlərinin layihələrə cəlb olunması, maliyyələşdirmə imkanları və texnoloji əməkdaşlıq məsələləri də nəzərdən keçirilib. Bu isə dörd ölkə arasında imzalanmış sazişin gələcəkdə konkret investisiya və infrastruktur layihələri ilə tamamlanması üçün mühüm zəmin yaradır.

Azərbaycanın yaşıl enerji siyasətinin gücü, ilk növbədə, ölkəmizin malik olduğu təbii potensialdan qaynaqlanır. Prezident İlham Əliyevin sentyabrın 16-da Qaradağ rayonunda 100 meqavat gücündə “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirakı zamanı açıqlanan göstəricilər bu imkanların miqyasını aydın nümayiş etdirir. Rəsmi məlumata əsasən, Azərbaycanın bərpaolunan enerji mənbələri üzrə texniki potensialı quruda 135 giqavat, dənizdə isə 157 giqavat həcmində qiymətləndirilir. İqtisadi potensial 27 giqavat təşkil edir. Bunun 23 giqavatı günəş, 3 giqavatı külək enerjisinin payına düşür. Bundan əlavə, bioenerji və dağ çaylarının da müəyyən edilmiş potensialı mövcuddur.

“Qobustan” Günəş Elektrik Stansiyasının istismara verilməsi ilə ölkədə bərpaolunan enerji mənbələrinin ümumi gücünün 2170 meqavata çatacağı bildirilib. Stansiyanın ildə təxminən 200 milyon kilovat-saat elektrik enerjisi istehsal etməsi, 45 milyon kubmetr təbii qaza qənaət və atmosferə atılan karbon emissiyalarının 97 min ton azaldılması proqnozlaşdırılır. Bu rəqəmlər yaşıl enerji layihələrinin yalnız ekoloji deyil, həm də iqtisadi baxımdan nə qədər əhəmiyyətli olduğunu göstərir. Eyni zamanda, 2027-ci ilin sonunadək təxminən 1,5 giqavat gücündə yeni bərpaolunan enerji layihələrinin reallaşdırılmasının nəzərdə tutulması bu sahədə inkişafın davamlı xarakter daşıdığını təsdiqləyir.

Yaşıl enerji siyasətinin ölkə daxilində mühüm istiqamətlərindən biri də Qarabağ və Şərqi Zəngəzurun, eləcə də Naxçıvanın bərpaolunan enerji imkanlarından istifadə etməklə inkişaf etdirilməsidir. Bu ərazilərdə günəş və su enerjisi potensialının reallaşdırılması, müasir infrastrukturun qurulması və enerji təminatının dayanıqlı əsaslarla təşkil edilməsi Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının tərkib hissəsidir. İşğaldan azad edilmiş ərazilərin yaşıl enerji zonaları kimi inkişaf etdirilməsi həm təbiətin qorunmasına, həm də müasir iqtisadi modelin formalaşdırılmasına xidmət edir.

Bütün bu təşəbbüslər Azərbaycanın enerji siyasətində yeni mərhələnin formalaşdığını göstərir. Ölkəmiz artıq yalnız ənənəvi enerji resurslarının etibarlı təchizatçısı kimi deyil, həm də təmiz enerji istehsalı, ötürülməsi və regional enerji bağlantılarının qurulmasında fəal iştirak edən tərəfdaş kimi çıxış edir. Xüsusilə Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan yaşıl enerji dəhlizi təşəbbüsü bu strategiyanın beynəlxalq miqyasda reallaşdırılması baxımından mühüm perspektivlər açır.

Antalyada COP31 çərçivəsində baş verənlərə bu prizmadan yanaşdıqda aydın görünür ki, Azərbaycanın yaşıl enerji siyasəti ayrı-ayrı layihələrin məcmusu deyil, milli maraqları, regional əməkdaşlığı və qlobal iqlim məqsədlərini birləşdirən ardıcıl dövlət strategiyasıdır. Bu strategiyanın başlıca məqsədi ölkənin təbii potensialını iqtisadi dəyərə çevirmək, enerji təhlükəsizliyini möhkəmləndirmək, ixrac imkanlarını genişləndirmək və gələcək nəsillər üçün daha dayanıqlı inkişaf mühiti yaratmaqdır.

Azərbaycanın enerji tarixində yeni səhifə açan bu prosesdə əsas üstünlük təkcə zəngin resurslarda deyil, həmin resursları uzaqgörən siyasət, müasir texnologiyalar və beynəlxalq tərəfdaşlıq vasitəsilə real nəticələrə çevirmək bacarığındadır. Antalyada imzalanan saziş və COP31 çərçivəsində aparılan müzakirələr də Azərbaycanın bu istiqamətdə atdığı addımların regional və beynəlxalq əhəmiyyətini bir daha təsdiqləyir.

Nurəngiz Adilqızı
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью