Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Bütün postsovet məkanında ilk dəfə Azərbaycanın SOP29-a evsahibliyi etməsi ölkəmizin tarixi uğurlarından biri olmaqla, eyni zamanda, beynəlxalq aləmin bu mötəbər iqlim konfransının Bakıda keçirilməsinə qərar verməsi respublikamizın dünyada getdikcə güclənən mövqeyinin, artan nüfuzunun əyani göstəricisidir.
Belə bir qlobal tədbirə evsahibliyini məhz Azərbaycan dövlətinə etibar edilməsi ölkəmizin bu sahədə zəngin təcrübəyə malik olmasından, eləcə də BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyü zamanı 155 ölkənin, Qoşulmama Hərəkatına sədrliyi zamanı isə 120 ölkənin dəstəyini qazanmasından və etimadı tam doğrultmasından, Prezident İlham Əliyevin irəli sürdüyü qlobal təşəbbüslərin beynəlxalq ictimaiyyət tərəfindən daim rəğbətlə qarşılanmasından, habelə dünya səviyyəsində dövlət başçısının yürütdüyü siyasətə göstərilən güclü dəstəkdən irəli gəlir.
Azərbaycanın COP29-a evsahibliyi etməsini bir sıra digər məqamlar da şərtləndirir.
Bu, ilk növbədə, dövlət başçısının apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycanın yüksək sosial-iqtisadi inkişaf və möhkəm ictimai-siyasi sabitliyə nail olması ilə bağlıdır.
44 günlük Vətən müharibəsində qazanılan parlaq qələbədən sonra Azərbaycanın dünyada daha güclü dövlət kimi tanınması da bu məsələdə önəmli rol oynayır.
Azərbaycanın qlobal xarakterli mötəbər tədbirləri yüksək səviyyədə təşkil etmək bacarığını dəfələrlə nümayiş etdirməsi, respublikada müasir infrastrukturun mövcudluğu və təhlükəsizliyin ən yüksək səviyyədə təşkili də ölkəmizin COP29-a evsahibliyi etməsinə etimad göstərilməsini şərtləndirir.
Azərbaycan qısa müddətdə bu nüfuzlu konfransa ciddi hazırlaşıb, bu istiqamətdə beynəlxalq təşkilatlarla açıq və səmimi əlaqələrini daha da genişləndirib, öhdəliklərini, məsuliyyətlərini və qarşılaşdıqları çətinlikləri bölüşüb.