Azərbaycanın kifayət qədər neft və qaz gəlirləri var, aldığı beynəlxalq kreditlərin ödənişlərini edə bilər

08.07.2025

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

“Moody’s” beynəlxalq reytinq agentliyinin Azərbaycanın kredit reytinqini “Baa3” səviyyəsinə – investisiya kateqoriyasınadək yüksəltməsi, başlıca olaraq, qeyri-neft-qaz sektorunun inkişafı, bu sahədən əldə olunan gəlirlərin sürətlə artması və dövlət büdcəsinin neft-qaz gəlirlərindən asılılığının əhəmiyyətli dərəcədə azalmasına əsaslanır. Bunu "X" sosial şəbəkəsində İqtisadiyyat naziri Mikayıl Cabbarov yazıb. Nazir qeyd edib ki, həyata keçirilən islahatlar ölkəmizdə makroiqtisadi sabitliyi və fiskal dayanıqlığı, iqtisadiyyatın şaxələnməsinin dərinləşməsini, işğaldan azad edilmiş ərazilərin sürətlə bərpasını və buradakı iqtisadi potensialın hərəkətə gətirilməsini təmin edir.

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, hər bir ölkənin kredit reytinqini ölçmək üçün kateqoriyalar var: “Bundan əvvəl Azərbaycan “Baa1” kateqoriyası ilə qiymətləndirilirdi, indi bir vahid vəziyyət yaxşılaşdırılıb. Bu kateqoriyanın müəyyən olunması üçün ölkədəki müxtəlif iqtisadi əlamətlər nəzərə alınır. Əsasən, iqtisadi azadlıqlar, müəssisələrin müəssisələrin gəlirlilik səviyyəsi və dövlət büdcəsinin vəziyyəti və s. kifayət qədər parametrlər var. Hətta ölkədə aparılan sorğular da bu reytinqə təsir edir”.

Akif Nəsirli

Beynəlxalq reytinq nə üçün lazımdır?

“Dünyada aparıcı investitsiya şirkətləri var. Həmin o investisiya şirkətlərinin hansı ölkəyə investisiya qoymaq imkanlarını dəyərləndirərkən, adətən bu reytinqə müraciət edirlər. İnvestisiya qoymaq istədikləri ölkədə vəziyyəti bu reytinqlərlə qiymətləndirirlər. Tutaq ki, Azərbaycanda hökumətin kreditləri və investisiyanı qaytarmaq, geri ödəmək imkanları dəyərləndirilir. Əgər dövlət özü ölkəyə dövlət xətti ilə investisiya cəlb edirsə və yaxud özəl şirkətlərin dövlət zəmanətli kreditlərinə müraciət edirsə, adətən bu reytinq əsas, həlledici rola malik olur”-deyən iqtisadçı qeyd edib ki, bu və digər reytinq şirkətləri də va müsbət haldır.

Akif Nəsirli hesab edir ki, Azərbaycan hökumətinin kredit reytinqinin yüksəlməsi işğaldan azad olunmuş ərazilərdə yaradılan şəraitlə bağlı ola bilər.

“Son illər həmin ərazilərdə güzəştli şərtlərlə sahibkarların fəaliyyətinə imkan verilir. Həm də ənənəvi bir amil də var ki, Azərbaycanın kifayət qədər neft və qaz gəlirləri var. Yəni arxayındırlar ki, verilən kredit pulu geri qayıda bilər və bu ölkəyə borc vermək olar”-deyə iqtisadçı bildirib.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью