Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Son günlər Azərbaycanın komanda idman növləri beynəlxalq arenadakı uğurları ilə sevindirir. Futboldan başqa, digər komanda idman növlərində də klublar səviyyəsində irəliləyiş getdikcə daha aydın görünür.
İdman.Biz qeyd edir ki, bu nailiyyətlər azarkeşlərin diqqətini daha çox cəlb edir və həmin idman növlərinin gələcəyinə ümid yaradır.
Bu həftə diqqət mərkəzində basketbol və voleybol olub. Bir neçə həftə əvvəl isə Azərbaycan həndbolçuları da öz sözlərini deyiblər.
Cari mövsümdə ilk dəfə olaraq dörd basketbol klubumuzun hamısı ev oyunlarını Bakıda keçirib. Doğma meydan üstünlüyü nəhayət öz bəhrəsini verib.
Dörd komandadan üçü qələbə qazanıb. Əvvəlcə FIBA Çempionlar Liqasında çıxış edən “Sabah” azarkeşlərini sevindirib. Bakı klubu Fransanın “Nanter 92” komandasını 87:80 hesabı ilə məğlub edib.
Üstəlik, qarşılaşma əsl şouya çevrilib. Milli Gimnastika Arenasında keçirilən oyunda didjey, Latviyadan gəlmiş çirliderlər və konfetti ilə xüsusi ab-hava yaradılıb. Matçı tribunalardan 4430 tamaşaçı izləyib.
Ardınca FIBA Avropa Kubokunda “LANDAU Lions” Türkiyənin “Denizli Basket” klubuna 94:88 hesabı ilə qalib gəlib. “Gəncə” isə gərgin mübarizədə Portuqaliyanın “Sportinq” komandasını sensasiyalı şəkildə 69:67 hesabı ilə məğlub edib.
Fərdi nailiyyətlər də diqqətdən kənarda qalmayıb. Azərbaycan klublarının iki basketbolçusu beynəlxalq arenada parlaq çıxışları ilə fərqlənib. “Sabah”ın üzvü Frenki Fidler Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu seçilib. “LANDAU Lions”un basketbolçusu Ceyms Freyzer isə “Denizli Basket”lə görüşdə 41 xal toplayıb.
Sonuncunun nəticəsi FIBA Avropa Kubokunun tarixinə düşüb. Freyzerin bir oyunda topladığı xal sayı turnirin tarixində ikinci ən yüksək göstərici olub.
Əlbəttə, belə nəticələri yerli basketbolçularımızdan da görmək istərdik. Hələlik Azərbaycan klubları heyətin genişliyi və legionerlərlə eyni səviyyədə rəqabət apara bilən güclü yerli oyunçuların sayı baxımından bir çox Avropa komandalarından geri qalır.
Bununla belə, beynəlxalq klub yarışlarında tədricən təcrübə qazanan və layiqli çıxış edən azərbaycanlı basketbolçular da var. Onların sayı hələ çox deyil, bəzən kifayət qədər oyun vaxtı da almırlar. Lakin məhz belə çıxışlar gələcək inkişaf üçün mühüm addıma çevrilə bilər.
“Sabah”, “LANDAU Lions” və “Gəncə” üçün bu qələbələr cari mövsüm avrokubokların qrup mərhələsində ilk uğurlar olub. Bu mərhələdə hələlik yalnız “Neftçi” qələbə qazana bilməyib.
Bununla belə, komandanın FIBA Avropa Kubokunun təsnifat mərhələsini uğurla keçdiyini unutmaq olmaz. Bakı təmsilçisi Estoniyanın “Pyarnu” klubunu iki oyunun nəticəsinə görə mübarizədən kənarlaşdırıb (80:67, 61:73). Cəmi bir xallıq ümumi üstünlük növbəti mərhələyə yüksəlmək üçün kifayət edib.
Beləliklə, Azərbaycan basketbolu tarixində ilk dəfə olaraq dörd yerli klub eyni mövsümdə avrokubokların qrup mərhələsində iştirak edib. Bundan başqa, “Gəncə” bu yarışlarda çıxış edən ilk bölgə klubu olub.
Basketboldan voleybol da geri qalmır. Əgər ötən mövsüm Azərbaycanın heç bir qadın voleybol klubu avrokuboklarda iştirak etmirdisə, bu il vəziyyət nəzərəçarpacaq dərəcədə dəyişib.
Ötən mövsüm Voleybol Federasiyasında bunu komandaların hazırlıq səviyyəsinin kifayət qədər yüksək olmaması və daha dayanıqlı klub layihələrinin yaradılmasına ehtiyacla izah edirdilər.
Cari mövsümdə isə Avropa turnirlərinin iki debütantı — qadınlardan ibarət “Turan” və "DH Volley" komandaları mübarizəyə qələbə ilə başlayıblar.
“Turan” Çempionlar Liqasının təsnifat mərhələsində Xorvatiyanın “Mladost” klubunu iki dəfə məğlub edib. Tovuzda keçirilən ilk görüşdə 3:0 hesabı ilə qalib gələn komandamız səfərdə də üstün olub — 3:2.
Bu nəticələr sayəsində “Turan” üçüncü təsnifat mərhələsinə yüksəlib. Burada onun rəqibi Bolqarıstanın “Maritsa” klubu olacaq.
DH Volley isə CEV Çağırış Kubokunda debütünü Danimarkanın “Holte IF” komandası üzərində 3:1 hesablı qələbə ilə qeyd edib. Cavab qarşılaşması noyabrın 5-də Bakıda keçiriləcək.
Gələn ay isə kişi voleybol klublarımız da avrokubok mübarizəsinə qoşulacaqlar.
Nəhayət, həndbol. Bu idman növünün yaşadığı böhrana, ölkə çempionatının keçirilməməsinə və komandaların aylarla oyun praktikasından məhrum qalmasına baxmayaraq, hazırda ölkənin yeganə fəaliyyət göstərən həndbol klubu olan “Kür”ün qadın komandası EHF Avropa Kubokunda inamlı nəticə əldə edib.
Mingəçevir təmsilçisi Kiprin APOEL klubunu hər iki görüşdə böyük hesabla məğlub edib — 40:18 və 39:13. Bununla da komanda turnirin üçüncü mərhələsinə yüksəlib. Bunlar “Kür”ün avrokuboklar tarixində ilk qələbələri olub.
Kişilərdən ibarət komanda isə bu uğuru təkrarlaya bilməyib. “Kür” Bosniya və Herseqovinanın “Sloqa” klubuna hər iki matçda uduzaraq (26:38, 30:32) avrokuboklarla vidalaşıb.
Xüsusi diqqətəlayiq məqamlardan biri də Azərbaycan klublarının beynəlxalq arenadakı çıxışlarının coğrafiyasının artıq Bakı ilə məhdudlaşmamasıdır.
Əldə olan rəsmi arxiv məlumatlarına əsasən, 2026/27 mövsümü Azərbaycanın paytaxtdan kənarda yerləşən dörd şəhərində — Gəncə, Mingəçevir, Tovuz və Sumqayıtda — eyni mövsüm ərzində böyüklər arasında klub avrokuboklarının oyunlarının keçirildiyi ilk təsdiqlənmiş haldır. Buraya “Zirə” futbol klubunun təsnifat mərhələsindəki qarşılaşmaları da daxildir.
Gəncə ilk dəfə basketbol üzrə klub avrokuboklarının oyunlarına ev sahibliyi edib.
Tovuz üçün isə Avropa kuboku qarşılaşmasının şəhərə gətirilməsi çoxdan gözlənilən hadisə olub. Yerli “Turan” futbol klubunun ilk avrokubok oyunu hələ 1994-cü ildə keçirilib. Lakin həmin vaxt stadionun zəruri tələblərə cavab verməməsi səbəbindən komanda rəqibini doğma meydanda qəbul edə bilməyib.
Beləliklə, Tovuz düz 32 il sonra ilk dəfə avrokubok oyununa ev sahibliyi edib. Bu tarixi hadisə isə futbolun deyil, qadın voleybolunun sayəsində gerçəkləşib.
Mingəçevirdə isə həndbol üzrə avrokubok qarşılaşmaları keçirilir.
Reqlament hər mərhələdə komandaların bir oyunu evdə, digərini səfərdə keçirməsini nəzərdə tutsa da, “Kür”ün iştirakı ilə cari mövsümdə baş tutan bütün görüşlər doğma meydanda təşkil olunub. Növbəti mərhələdə də bu təcrübə davam etdiriləcək.
Klubun cari avrokubok mövsümündəki dörd qarşılaşması tamaşaçıların böyük marağına səbəb olub. Qadın komandasının oyunlarında tribunalar tam dolduğundan bəzi azarkeşlər hətta pilləkənlərdə əyləşməli olublar.
Bütün bu dəyişikliklər və uğurlar, şübhəsiz, həmin idman növlərinin populyarlaşmasına və inkişafına müsbət təsir göstərə bilər.
Lakin əsas məsələ avrokuboklarda iştirakın yalnız zahiri tərəqqi göstəricisi olaraq qalmamasıdır. Bu uğurlar uşaq-gənclər idmanından peşəkar klublara qədər bütün səviyyələrdə real dəyişikliklərlə müşayiət olunmalıdır.
Ən əsası isə bu inkişaf milli komandalarımızın heyətində ölkəni təmsil edən yerli idmançılara fayda verməlidir.
Həndboldakı vəziyyət bir daha göstərir ki, əldə olunan tərəqqi nə qədər kövrək ola bilər.
İdmanın inkişafı sistemli, ardıcıl və uzunmüddətli perspektivə hesablanmış olmalıdır. Əks halda, illərlə qazanılan nailiyyətləri hətta bir günün içində itirmək mümkündür.