Azərbaycanın maliyyə sistemi sağlam və möhkəmdir

29.07.2026

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son 1 ildə xarici borc 8, daxili borc isə 7 faiz azalıb

Azərbaycan iqtisadiyyatında son illər müşahidə olunan makroiqtisadi sabitliyinin möhkəmləndirilməsi, maliyyə sisteminin sağlamlaşdırılması və uğurlu vergi siyasətinin həyata keçirilməsi ölkənin xarici və daxili dövlət borclarının həcmini azaltmağa müsbət təsir göstərib. Bu, eyni zamanda, gerçəkləşdirilən uzunmüddətli borc idarəetmə strategiyasının, büdcə intizamının, iqtisadi artımın, eləcə də maliyyə dayanıqlılığının məntiqi nəticəsi kimi diqqət çəkib.

Dövlət Statistika Komitəsinin “2026-cı ilin yanvar–iyun aylarında ölkənin sosial-iqtisadi inkişafının makroiqtisadi göstəriciləri” hesabatına əsasən, hazırda respublikanın xarici dövlət borcu 4 milyard 617 milyon ABŞ dolları təşkil edir. Bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,9 faiz azdır. Təkcə iyun ayında xarici dövlət borcunun 25,6 milyon ABŞ dolları azalması isə borc portfelinin ardıcıl şəkildə kiçildiyini göstərir.

Azərbaycanın daxili dövlət borcu isə iyulun 1-nə ötən ilin eyni dövrü ilə müqayisədə 7 faiz azalaraq 15 milyard 982 milyon manat olub. Daxili dövlət borcunun ÜDM-ə nisbətinin 12,2 faiz səviyyəsində qalması isə beynəlxalq meyarlarla müqayisədə kifayət qədər təhlükəsiz göstərici kimi qiymətləndirilib.

İqtisadi güc meyarı

İqtisadçı-ekspert Arzuman Səmədovun sözlərinə görə, iqtisadi nəzəriyyədə dövlət borcu normal maliyyə prinsipi hesab edilir. Dünyanın inkişaf etmiş ölkələrinin böyük əksəriyyətində iqtisadi layihələrin maliyyələşdirilməsi üçün dövlət borclanmasından istifadə olunur. Lakin əsas məsələ borcun həcmindən daha çox onun ödənilmə yanaşması, iqtisadiyyata necə təsir göstərməsi və geriödəmə imkanları sayılır.

Azərbaycanın fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, ölkə son illər yeni borclanmanı artırmaq əvəzinə, mövcud öhdəliklərin azaldılmasına üstünlük verir. Bu isə maliyyə sabitliyinin qorunmasına, kredit reytinqlərinin yaxşılaşmasına müsbət təsir göstərir. Eyni zamanda, neftin qiymətinin müəyyən vaxtlarda aşağı düşməsi, ticarət tərəfdaşlarında iqtisadi fəallığın azalması, bank-maliyyə sistemində bəzi çətinliklərin diqqət çəkməsi, iri dövlət müəssisələrinin maliyyə vəziyyətinin pisləşməsi borc öhdəliklərinin yerinə yetirilməməsi kimi narahatlığın minimuma endirilməsinə xidmət edir.

Xarici dövlət borcunun azalmasının əsas səbəblərindən biri mövcud kreditlər üzrə əsas borc ödənişlərinin yeni cəlb edilən xarici kreditlərdən daha çox olmasıdır. Maliyyə Nazirliyinin məlumatına görə, cari ilin ilk 6 ayında xarici dövlət borcu üzrə, ümumilikdə, 668,9 milyon manat ödəniş həyata keçirilməsi, bunun isə 494,2 milyon manatının əsas borcun qaytarılmasına, 174,7 milyon manatının isə faiz ödənişlərinə yönəldilməsi də yuxarıda vurğulanan fikrin bariz ifadəsidir.

Ümumiyyətlə, son illər hökumətin əsas prioritetlərindən biri xarici maliyyə resurslarından asılılığın azaldılmasıdır. Belə ki, əvvəllər iri infrastruktur layihələrinin maliyyələşdirilməsində beynəlxalq maliyyə institutlarının kreditləri geniş istifadə olunurdusa, hazırda həmin layihələrin əhəmiyyətli hissəsi daxili maliyyə mənbələri hesabına həyata keçirilir.

Bunun əsas səbəbləri isə Dövlət Neft Fondunun kifayət qədər böyük maliyyə ehtiyatlarına malik olması, dövlət büdcəsinin gəlirlərinin artması, qeyri-neft sektorunun inkişafının diqqətdə saxlanılması, vergi və gömrük daxilolmalarının yüksəlməsi ilə bağlıdır. Bütün bu amillərin gerçəkləşdirilməsi nəticəsində yeni xarici kreditlərə ehtiyac azalır.

Onu da qeyd edək ki, xarici dövlət borcu müxtəlif valyutalarda formalaşır. Borc portfelində ABŞ dolları, avro, Beynəlxalq Valyuta Fondunun və digər beynəlxalq ehtiyat valyutaları xüsusi yer tutur. Bu valyutaların ABŞ dollarına münasibətdə məzənnəsinin dəyişməsi də borcun dollar ifadəsində azalmasına təsir göstərir. Yəni bəzi hallarda borcun faktiki məbləği dəyişməsə belə, dollar ifadəsində onun həcmi aşağı düşür. Bu da ümumi statistik göstəricilərdə öz əksini tapır.

Bəs ölkəmizin daxili dövlət borcunun azalmasını hansı amillər şərtləndirir? Bu məsələdə dövlət istiqrazlarının geri alınması mühüm önəm daşıyır. Başqa sözlə, daxili dövlət borcunun azalmasının əsas səbəblərindən biri dövlət istiqrazlarının ödəmə qrafikinə uyğun qaytarılmasıdır. Yəni hökumət daxili bazarda yerləşdirdiyi istiqrazlar üzrə öhdəliklərini vaxtında yerinə yetirir və yeni emissiyaların həcmini daha ehtiyatla planlaşdırır. Bu isə daxili borc portfelinin böyüməsinin qarşısını alır.

Büdcə gəlirlərinin davamlı artımı

Azərbaycan iqtisadiyyatında müşahidə olunan mühüm meyillərdən biri də dövlət büdcəsinin gəlirlərinin artmasıdır. Xüsusilə vergi daxilolmaları, gömrük rüsumları, qeyri-neft sektorundan daxilolmalar büdcənin maliyyə imkanlarını genişləndirir. 2026-cı ilin ilk altı ayında dövlət büdcəsinin gəlirlərinin 19 milyard 179 milyon manata, xərclərinin isə 16 milyard 776 milyon manata yüksəlməsi və 2 milyard 404 milyon manat məbləğində dövlət büdcəsinin artıqlığının yaranması da bunun parlaq ifadəsidir.

Bu məqamda xatırladaq ki, hesabat dövründə dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 8 milyard 198 milyon manat (proqnozla müqayisədə 21 milyon manat və ya 0,3 faiz çox) təşkil edib. Eyni zamanda, yarım ildə dövlət büdcəsinin gəlirlərində neft-qaz sektoru üzrə daxilolmaların 21,7 faizi və ya 1 milyard 778,2 milyon manatı vergi orqanlarının xətti ilə daxilolmaların, 78,3 faizi və ya 6 milyard 420 milyon manatı Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin payına düşüb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-iyun aylarında strateji valyuta ehtiyatları 85 milyard 768,9 milyon dollar (2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 10,4 faiz çox) olub.

Gəlirlərin yüksək olması isə hökumətin daxili bazardan əlavə borc cəlb etmədən xərclərini maliyyələşdirməsinə əlverişli imkan yaradır. Bu isə daxili dövlət borcunun azalmasını stimullaşdıran əsas amillərdəndir.

Yeri gəlmişkən, Azərbaycan hökuməti uzun illərdir ki, az riskli, ehtiyatlı, aşağı səviyyəli borclanma yanaşmasına üstünlük verir və bu istiqamətdə idarəetmə siyasəti həyata keçirir. Bu siyasətin əsas istiqamətləri sırasında yeni borclanmanın məhdudlaşdırılması, yalnız yüksək iqtisadi səmərə verən layihələr üzrə kreditlərin cəlb edilməsi, dövlət borcunun ÜDM-ə nisbətinin təhlükəsiz həddə saxlanılması, nəhayət, borc risklərinin minimumlaşdırılması kimi amillər xüsusi yer tutur.

Hazırda daxili dövlət borcunun ÜDM-in cəmi 12,2 faizini təşkil etməsi bu siyasətin uğurunu göstərir. Müqayisə üçün qeyd etmək olar ki, bir sıra inkişaf etmiş ölkələrdə dövlət borcunun ÜDM-ə nisbəti 80–100 faizdən, bəzi hallarda isə 150 faizdən də yüksəkdir.

Azərbaycanda dövlət borcuna xidmət xərclərinin azalması da daim diqqətdə saxlanılıb. Cari ilin ilk yarısında da bu prinsipə mühüm önəm verilib. Belə ki, hesabat dövründə dövlət borcu və öhdəliklərinə xidmət üçün 944,8 milyon manat vəsait xərclənib. Bu göstərici dövlət büdcəsi xərclərinin yalnız 5,6 faizinə bərabər olub. Üstəlik, ötən ilin müvafiq dövrü ilə müqayisədə həmin xərc 8,05 faiz azalıb.

Bu tendensiya isə iki mühüm amillə nəticələnib. Birincisi, büdcə vəsaitlərinin daha böyük hissəsi sosial layihələrə, infrastrukturun inkişafına, müdafiəyə, təhsilə və səhiyyəyə yönəldilib. İkincisi, dövlət maliyyəsinin uzunmüddətli dayanıqlılığı möhkəmləndirilib. Bütün bunlarla bərabər, borc yükünün azalmasının iqtisadi üstünlükləri diqqətdə saxlanılıb.

İqtisadçı-ekspert Əli Haqverdiyev söhbət zamanı dedi ki, dövlət borcunun azalması ölkə iqtisadiyyatına bir sıra müsbət təsirlər göstərir. Bu, ilk növbədə, beynəlxalq investorların etimadının artmasını şərtləndirir, ölkənin kredit reytinqlərinin yaxşılaşması üçün zəmin yaradır, xarici maliyyə bazarlarından vəsait cəlb etmək zərurətini azaldır, büdcə xərclərinin çevik idarə olunmasını gerçəkləşdirir, gələcək nəsillərin borc yükünü azaldır və makroiqtisadi sabitliyi möhkəmləndirir.

Ekspertin fikrincə, son illər qlobal iqtisadiyyatda pandemiyanın nəticələri, geosiyasi gərginlik, enerji və ərzaq bazarlarındakı qiymət dəyişkənliyi, inflyasiya təzyiqləri bir çox ölkələrdə dövlət borcunun artmasına səbəb olub. Belə bir şəraitdə Azərbaycanın həm xarici, həm də daxili dövlət borcunu azaltması respublikanın maliyyə siyasətinin səmərəliliyini nümayiş etdirir. Bu nəticə yalnız borcların ödənilməsi ilə deyil, həm də iqtisadi artımın qorunması, büdcə gəlirlərinin genişlənməsi və dövlət maliyyəsinin düzgün idarə olunması ilə bağlıdır.

Xarici təcrübə aynasında

İqtisadçıların fikrincə, inkişaf etmiş ölkələrdə dövlət borcundan daha çox iqtisadi artımı dəstəkləmək üçün istifadə olunur. Başqa sözlə, borc bu ölkələr üçün yük yox, iqtisadi vasitə, hətta siyasi “silah” sayılır. Onlar borc hesabına texnologiya yaradır, sosial rifahı qoruyur, qlobal təsir imkanlarını genişləndirirlər. Lakin bu model “güclü institut, güclü valyuta” kimi prinsipə əsaslanır. Bu prinsip olmadıqda isə borc inkişafa yox, iflasa səbəb olur. Məhz buna görə də borc mexanizmi inkişaf etməkdə olan ölkələr üçün çox vaxt tələ rolunu oynayır.

Artıq dünyada borc təkcə iqtisadi məsələ deyil, eyni zamanda, təsir vasitəsidir. Belə ki, kim maliyyəni nəzarətdə saxlayırsa, qərarvermə prosesinə də təsir edir. Beynəlxalq maliyyə institutlarının kredit şərtləri, reytinq agentliklərinin qiymətləndirmələri və faiz dərəcələri artıq ölkələrin daxili siyasətinə birbaşa təsir göstərir. Bu baxımdan qlobal borc artımı maliyyə müstəqilliyi anlayışını ciddi şəkildə sual altına alır.

Bəs inkişaf etmiş ölkələr niyə borcdan çəkinmir? BVF-nin hesabatında bu suala verilən cavab da diqqət çəkir. Sənəddə xüsusi vurğulanır ki, yüksək borc yükü əsasən inkişaf etmiş ölkələrin üzərində cəmləşib. Bunun əsas səbəbi ABŞ dolları, avro, yen kimi valyutalara qlobal etibarın yüksək olması ilə bağlıdır. Bu ölkələrdə borc nisbətən ucuz və uzunmüddətli cəlb edilir. İnfrastruktur, innovasiya, sosial proqramlar və böhran dövrlərində iqtisadi stimullar borc hesabına maliyyələşdirilir.

Eyni zamanda, investorlar bu dövlətlərin borcu qaytarmaq qabiliyyətinə inanırlar. Başqa sözlə, inkişaf etmiş ölkələr üçün borc problem deyil, idarə olunan iqtisadi vasitə kimi çıxış edir. Lakin qlobal borcun sürətlə artması da risksiz ötüşmür. Faiz dərəcələrinin yüksəlməsi, geosiyasi gərginliklər və iqtisadi tənəzzül ehtimalları borc yükünü daha da ağırlaşdırır. Xüsusilə inkişaf etməkdə olan ölkələr üçün xarici borcun bahalaşması maliyyə sabitliyinə ciddi təzyiq yaradır. Bu mənada, borc artıq təkcə iqtisadi yox, həm də siyasi vasitəyə çevrilir.

Azərbaycan üçün əsas borcdan imtina yox, borcun ağıllı idarə olunması, onun real iqtisadi dəyər yaradan sahələrə yönəldilməsi və maliyyə intizamının qorunmasıdır. Qlobal borc dalğası fonunda məhz bu yanaşma ölkənin maliyyə təhlükəsizliyinin əsas təminatıdır. Bir sözlə, dünya borc içində boğulduğu halda, Azərbaycanda maliyyə intizamı artıq, sadəcə, iqtisadi seçim deyil, eyni zamanda, strateji təhlükəsizlik məsələsidir.

Beləliklə, müasir iqtisadiyyat borcsuz mövcud ola bilmir. Borc istehsalın, istehlakın və investisiyanın mühərrikidir. Problem borcun davamlı olması ilə deyil, onun necə və nə üçün istifadə edilməsi ilə müəyyənləşir. Qlobal borc karuseli göstərir ki, dünya iqtisadiyyatı qarşılıqlı asılılıq üzərində qurulub. Hamı borcludur, çünki hamı bir-birinə bağlıdır.

2026-cı ilin ilk yarısının nəticələri göstərir ki, Azərbaycanın dövlət borcunun idarə olunması sahəsində həyata keçirdiyi siyasət müsbət nəticələr verir. Xarici dövlət borcunun 4,617 milyard ABŞ dollarına enməsi və illik müqayisədə 7,9 faiz azalması, daxili dövlət borcunun isə 15 milyard 982 milyon manata düşərək 7 faiz azalması ölkənin maliyyə mövqeyinin gücləndiyini təsdiqləyir. Borcların vaxtında qaytarılması, yeni xarici borclanmanın məhdudlaşdırılması, büdcə gəlirlərinin artması və dövlət istiqrazlarının planlı şəkildə ödənilməsi bu müsbət dinamikanın əsas hərəkətverici qüvvələridir.

Mövcud tendensiya onu da deməyə əsas verir ki, Azərbaycan iqtisadiyyatı təkcə cari maliyyə sabitliyini qorumaqla kifayətlənmir, həm də gələcək dövrlər üçün daha dayanıqlı maliyyə model formalaşdırır. Dövlət borcunun idarə edilməsində ehtiyatlı yanaşma, makroiqtisadi sabitliyin saxlanılması və maliyyə intizamının gücləndirilməsi ölkənin investisiya cəlbediciliyini artırmaqla yanaşı, uzunmüddətli iqtisadi inkişaf üçün də etibarlı zəmin yaradır.

Vaqif BAYRAMOV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью