Azərbaycanın mədəniyyət paytaxtı ŞƏRH

04.11.2026

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Şuşa şəhəri Azərbaycan Respublikasının tarixi yaddaşında və zəngin mədəni irs sistemində özünəməxsus mövqeyə malik olan, ölkənin ictimai-siyasi və mədəni inkişafında mühüm rol oynamış tarixi mərkəzlərdən biridir. Onun əhəmiyyəti yalnız əlverişli coğrafi mövqeyi və hərbi-strateji üstünlükləri ilə məhdudlaşmır. Şuşanı fərqləndirən başlıca xüsusiyyətlər sırasında əsrlər boyu formalaşmış etnoqrafik ənənələr, zəngin folklor nümunələri, eləcə də müxtəlif mədəni təbəqələrin qarşılıqlı təsiri nəticəsində meydana gəlmiş özünəməxsus ictimai-mədəni mühit xüsusi yer tutur. Kiçik Qafqaz dağlarının Qarabağ silsiləsi ərazisində yerləşən Şuşa mürəkkəb təbii-coğrafi şəraiti və özünəməxsus landşaft xüsusiyyətləri ilə seçilir. Dağlıq relyefin üstünlük təşkil etdiyi bu ərazidə şəhərin ətraf coğrafi görünüşünü müəyyənləşdirən yüksəkliklərdən biri Böyük Kirs zirvəsidir (2725 m). Qarqar çayı hövzəsi ilə əlaqəli olan bölgənin iqlim şəraiti də onun təbii-coğrafi xüsusiyyətlərinin formalaşmasında mühüm amillərdən hesab olunur. Şuşa toponiminin mənşəyi məsələsi isə tarixşünaslıq və toponimika baxımından müxtəlif mülahizələrin meydana çıxmasına səbəb olmuşdur. Şəhərin adının etimologiyası ilə bağlı irəli sürülən fikirlər arasında qədim tayfa adları, coğrafi xüsusiyyətlər və dilçilik amilləri ilə əlaqələndirilən izahlar diqqəti cəlb edir. Qədim Roma tarixçisi Korneli Tasitin II əsrə aid olduğu bildirilən qeydlərində Qafqaz ərazisində dondar türk tayfası ilə əlaqələndirilən «Sosu» adlı yaşayış məskəninin mövcudluğundan bəhs edildiyi qeyd olunur. Xalq etimologiyasında geniş yayılmış başqa bir izaha əsasən isə, şəhərin adı buranın təmiz, şəfalı və büllur kimi saf havası ilə əlaqələndirilir. Bu yanaşmaya görə, ərazinin atmosfer xüsusiyyətləri «Şuşa» adının yaranmasına əsas vermişdir.

Şuşanın şəhər kimi təşəkkülü XVIII əsrdə Qarabağ xanlığının siyasi və hərbi ehtiyacları ilə bilavasitə bağlı olmuşdur. Şəhərin əsasının qoyulması Qarabağ xanlığının banisi Pənahəli xan Cavanşirin hakimiyyəti (1748–1763) dövrünə təsadüf edir. Xanlığın ilkin siyasi mərkəzləri olan Bayat (1748) və Şahbulaq (1751/52) qalalarının müdafiə imkanlarının mövcud təhlükəsizlik tələblərini tam şəkildə ödəmədiyini nəzərə alan Pənahəli xan daha əlverişli strateji mövqeyə malik yeni istehkamın inşasına ehtiyac olduğunu müəyyənləşdirmişdi. Bu məqsədlə Pənahəli xan dağlıq ərazidə, təbii maneələrlə qorunan və düşmən hücumları zamanı müdafiəsi nisbətən asan olan möhkəm qala-şəhərinin salınmasını qərara almışdı. Beləliklə, yeni yaşayış məntəqəsinin yaradılması təkcə şəhərsalma təşəbbüsü deyil, həm də Qarabağ xanlığının siyasi müstəqilliyini və hərbi təhlükəsizliyini möhkəmləndirməyə yönəlmiş strateji addım idi.

Şahbulaq qalası hələ xanlığın paytaxtı funksiyasını yerinə yetirdiyi dövrdə dəniz səviyyəsindən təxminən 1300–1600 metr yüksəklikdə yerləşən, təbii müdafiə üstünlüklərinə malik yaylada yeni şəhərin inşasına başlanıldı. Ərazinin relyefi, sıldırım qayalarla əhatələnməsi və müdafiə baxımından əlverişli mövqeyi burada möhkəmləndirilmiş yaşayış məntəqəsinin yaradılmasını mümkün edirdi. Şuşanın tarixi-memarlıq irsinin ən mühüm nümunələrindən biri XVIII əsrdə Pənahəli xan tərəfindən inşa etdirilmiş qala divarlarıdır. 1752-ci ildə əsası qoyulan və Şuşa yaylasının müdafiəsini təmin edən bu istehkam sistemi şəhərin hərbi-strateji mövqeyinin möhkəmləndirilməsində müstəsna əhəmiyyət daşımışdır. Qala kompleksinin memarlıq-planlaşdırma quruluşunda üç əsas girişin – “Gəncə, Ağaoğlan və İrəvan” qapılarının mövcudluğu diqqəti cəlb edir. Həmin qapılar şəhərin xarici aləmlə əlaqəsini təmin etməklə yanaşı, müdafiə sisteminin mühüm tərkib hissəsi kimi də fəaliyyət göstərmişdir. Təbii relyefin yaratdığı üstünlüklərlə mühəndislik həllərinin uzlaşdırılması nəticəsində formalaşan qala divarları uzun müddət Şuşanın təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynamışdır.

Şuşanın tarixi əhəmiyyətini müəyyənləşdirən digər mühüm istiqamətlərdən biri də, Azərbaycan mədəniyyətinin inkişafında oynadığı müstəsna roldur. Şəhər XIX əsrdən etibarən yalnız Qarabağın deyil, bütövlükdə Azərbaycanın ədəbi və musiqi həyatının aparıcı mərkəzlərindən biri kimi tanınmış, zamanla «Qafqazın konservatoriyası» adını qazanmışdır. Bu səciyyələndirmə təsadüfi deyildi. Şuşada formalaşmış zəngin sənət mühiti, musiqi ənənələri və ədəbi yaradıcılıq məktəbləri müxtəlif nəsillərə mənsub sənətkarların yetişməsi üçün əlverişli zəmin yaratmışdı. Burada yaranan və inkişaf edən mədəni ənənələr təkcə yerli ictimai həyatla məhdudlaşmamış, Azərbaycan ədəbiyyatının, musiqisinin və incəsənətinin ümumi inkişaf istiqamətlərinə də əhəmiyyətli təsir göstərmişdir. Şuşanın yetişdirdiyi görkəmli şəxsiyyətlər sırasında Azərbaycan poeziyasının tanınmış nümayəndəsi və dövlət xadimi Molla Pənah Vaqif, şairliklə yanaşı, xəttatlıq, rəssamlıq və tarixçilik sahələrində də fəaliyyət göstərmiş Mir Möhsün Nəvvab, şairə və xeyriyyəçi Xurşidbanu Natəvan xüsusi mövqeyə malikdirlər. Sonrakı dövrlərdə şəhərin mədəni irsi Üzeyir bəy Hacıbəyovun musiqi yaradıcılığı, Əhməd bəy Ağaoğlunun ictimai-fəlsəfi və publisistik fəaliyyəti, Bülbülün vokal sənətindəki yenilikləri ilə daha da zənginləşmişdir. Bu şəxsiyyətlərin yaradıcılıq irsi müxtəlif istiqamətləri əhatə etsə də, onları birləşdirən əsas cəhət Azərbaycan milli mədəniyyətinin təşəkkülü və inkişafına verdikləri töhfələrdir.

Azərbaycanlılar tərəfindən salınmış və tarixi inkişafının uzun bir dövrü ərzində əhalisinin əsas hissəsini Azərbaycan türklərinin təşkil etdiyi Şuşa şəhəri XIX əsrin əvvəllərində Rusiya imperiyasının hakimiyyəti altına keçdikdən sonra mürəkkəb demoqrafik və ictimai-siyasi dəyişikliklərlə üzləşdi. Çar Rusiyasının Cənubi Qafqazda həyata keçirdiyi köçürmə siyasəti nəticəsində regionun etnik tərkibində baş verən dəyişikliklər Şuşanın əhalisinə və şəhərin sosial strukturuna da təsirsiz ötüşmədi. Müxtəlif dövrlərdə erməni əhalinin bölgəyə köçürülməsi, imperiya hakimiyyətinin bu prosesə münasibəti və sonrakı mərhələlərdə yaranan etnik-siyasi gərginliklər şəhərin demoqrafik mənzərəsinin dəyişməsində mühüm amillərdən biri oldu. Bu proseslər tədricən yerli əhali arasında münasibətlərin kəskinləşməsinə, siyasi qarşıdurmaların dərinləşməsinə və XX əsrin əvvəllərində silahlı toqquşmaların baş verməsinə gətirib çıxardı. 1905–1906-cı illərdə Cənubi Qafqazda genişlənən erməni-müsəlman qarşıdurmaları Şuşada da ağır nəticələr doğurdu. Həmin hadisələr zamanı Azərbaycan əhalisinə qarşı zorakılıq halları, hücumlar və kütləvi qırğınlar baş verdi, şəhərin ictimai həyatına ciddi zərbə dəydi. 1918–1920-ci illərdə bölgədə siyasi hakimiyyət uğrunda mübarizənin güclənməsi və erməni silahlı qüvvələrinin fəaliyyəti Şuşadakı vəziyyəti yenidən mürəkkəbləşdirdi. Azərbaycan Xalq Cümhuriyyətinin mövcudluğu dövründə bölgədə sabitliyin qorunması və ərazi bütövlüyünün təmin edilməsi istiqamətində atılan addımlar bu proseslərin qarşısının alınmasına yönəlmişdi.

Şuşanın sosial-iqtisadi və mədəni həyatında yeni inkişaf mərhələsinin başlanması XX əsrin ikinci yarısına təsadüf edir. Xüsusilə, 1969-cu ildə Ümummilli Lider Heydər Əliyevin Azərbaycan SSR rəhbərliyinə gəlişindən sonra respublikanın tarixi-mədəni irsinin qorunması, şəhərlərin abadlaşdırılması və milli-mədəni dəyərlərin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər Şuşanın gələcək inkişafı üçün də mühüm imkanlar yaratdı. 1977-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin müvafiq qərarı ilə şəhərin tarixi hissəsinin tarix-memarlıq qoruğu elan edilməsi bu istiqamətdə atılmış əhəmiyyətli addımlardan biri idi. Qərarın qəbulundan sonra Şuşanın tarixi görkəminin qorunması, memarlıq abidələrinin mühafizəsi, sosial infrastrukturun yaxşılaşdırılması və mədəni həyatın canlandırılması məqsədilə müxtəlif layihələr həyata keçirildi. Nəticədə şəhərin demoqrafik və sosial-iqtisadi göstəricilərində müsbət dəyişikliklər müşahidə olundu.

Lakin, XX əsrin 80-ci illərinin sonlarından etibarən Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının güclənməsi və Dağlıq Qarabağda separatçı meyillərin genişlənməsi bölgədəki siyasi vəziyyəti köklü şəkildə dəyişdirdi. Ermənistan-Azərbaycan münaqişəsinin silahlı qarşıdurma mərhələsinə keçməsi nəticəsində Qarabağın bir sıra yaşayış məntəqələri ardıcıl olaraq işğala məruz qaldı. Bu prosesin ən ağır hadisələrindən biri 1992-ci il mayın 8-də Şuşa şəhərinin erməni silahlı qüvvələri tərəfindən işğal edilməsi oldu. Şəhərin itirilməsi Azərbaycan xalqının tarixi, siyasi və mədəni yaddaşında dərin iz buraxdı. İşğal dövründə Şuşanın demoqrafik strukturu köklü şəkildə dəyişdi, yerli azərbaycanlı əhali doğma yurdunu tərk etməyə məcbur oldu, şəhərin tarixi-memarlıq irsi isə ciddi dağıntılara və müdaxilələrə məruz qaldı. Bir sıra tarixi binaların, dini abidələrin və mədəniyyət müəssisələrinin zədələnməsi, dağıdılması və təyinatının dəyişdirilməsi şəhərin çoxəsrlik mədəni irsinə ağır zərbə vurdu. Bu vəziyyət 2020-ci ilin payızında baş verən 44 günlük Vətən müharibəsi ilə yeni mərhələyə qədəm qoydu. 2020-ci il sentyabrın 27-də başlayan hərbi əməliyyatlar nəticəsində dəyanətli Azərbaycan ordusu işğal altındakı ərazilərin azad edilməsi istiqamətində genişmiqyaslı uğurlar əldə etdi. Bu hərbi əməliyyatların ən mühüm nəticələrindən biri noyabrın 8-də Şuşa şəhərinin işğaldan azad edilməsi oldu. Beləliklə, 28 ildən artıq davam edən ayrılıq başa çatdı və Azərbaycan xalqının tarixi-mədəni yaddaşında xüsusi yer tutan Şuşa şəhəri yenidən ölkənin nəzarətinə keçdi. Şəhərin azad edilməsi yalnız hərbi-strateji baxımdan mühüm qələbə deyil, həm də Azərbaycan dövlətinin suverenliyinin və ərazi bütövlüyünün bərpası istiqamətində həlledici hadisə kimi tarixə düşdü.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 2020-ci il noyabrın 8-də xalqa müraciətində səsləndirdiyi «İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi qələbəni döyüş meydanında qazandıq!» sözləri həmin günün tarixi əhəmiyyətini ifadə edən əsas siyasi bəyanatlardan biri oldu. Dövlət başçısının qələbə münasibətilə etdiyi çıxışda Ulu Öndər Heydər Əliyevin xatirəsini yad etməsi və onun vəsiyyətinin yerinə yetirildiyini vurğulaması da xüsusi simvolik məna daşıyırdı. Bu məqam Şuşanın azad edilməsini yalnız hərbi uğur kimi deyil, həm də dövlətçilik varisliyinin, siyasi iradənin və milli məqsədlərin davamlılığının təzahürü kimi təqdim edirdi.

Nəticə etibarilə, Şuşanın tarixi taleyi Azərbaycan xalqının dövlətçilik ənənələri, milli-mədəni kimliyi və ərazi bütövlüyü uğrunda mübarizəsi ilə sıx bağlıdır. XVIII əsrdə Qarabağ xanlığının siyasi və hərbi mərkəzi kimi formalaşan, sonrakı dövrlərdə isə Azərbaycan ədəbiyyatının, musiqisinin və memarlıq sənətinin aparıcı ocaqlarından birinə çevrilən bu şəhər müxtəlif tarixi sınaqlardan keçmişdir. 1992-ci ildə işğala məruz qalması onun inkişafında ağır fasilə yaratsa da, 2020-ci il noyabrın 8-də şanlı Azərbaycan ordusu tərəfindən azad edilməsi, Şuşanın tarixində yeni mərhələnin başlanğıcını qoydu. Bu gün həyata keçirilən bərpa və quruculuq tədbirləri isə şəhərin yalnız fiziki baxımdan yenidən qurulmasına deyil, həm də tarixi-mədəni funksiyasının bərpasına xidmət edir. Şuşa artıq keçmişin xatirəsini yaşadan tarixi məkan olmaqla kifayətlənmir, həmçinin müasir Azərbaycanın milli iradəsini, mədəni davamlılığını və gələcəyə yönəlmiş inkişaf strategiyasını təcəssüm etdirən mühüm simvollardan biri kimi çıxış edir.

Yasin Alməmmədov

AMEA Gəncə Bölməsi Diyarşünaslıq İnstitutu Tarix şöbəsinin əməkdaşı, AMEA-nın Abbasqulu ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun doktorantı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью