Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.
Ölkəmizə qarşı qarayaxma, qərəz kampaniyası aparanlar və onların “dəstəkçiləri”...
Türkiyə Prezidentinin baş müşaviri statusunu daşıyan şəxsin, hakim Ədalət və İnkişaf Partiyasından olan millət vəkillərinin belə bir kampaniyaya qoşulması təəssüf doğurur
Tarixə gərgin, geostrateji baxımdan hər zaman diqqət mərkəzində olan Cənubi Qafqaz bu gün sabitlik və əməkdaşlıq ünvanı kimi tanınır. Bunun səbəbi isə birmənalı şəkildə Azərbaycanın yürütdüyü siyasət, formalaşdırdığı reallıqlar və yaratdığı yeni siyasi-iqtisadi situasiyadır. Bakı Vətən müharibəsində qazandığı Zəfərini bütövlükdə bölgə üçün inkişaf konsepsiyasına çevirməyi bacarıb. Bu gün Azərbaycan regionda Şərq ilə Qərbi, Cənub ilə Şimalı, illərlə iqtisadi rəqabətdə olan dövlətləri, hətta düşmən ölkələri belə uzlaşdırır. Bunun başlıca səbəbi isə Azərbaycanın yürütdüyü müstəqil siyasət (həm daxili, həm də xarici), bərabərhüquqlu əməkdaşlıq, ədalət və beynəlxalq hüquqa istinad kimi təməl dəyərlərdir.
Azərbaycan müstəqil siyasət yürüdür və özünün xarici siyasətini dostlarını incitməmək, düşmənə lazımi cavab vermək, milli maraqları qorumaq, qarşı maraqları nəzərə almaq kimi prinsiplər üzərindən formalaşdırır. Bakı bütün sferalarda balansın qorunmasına nəzarət edir - bizə hər hansı bir təsir və ya təzyiq mümkün deyil. Bunu hər zaman da ortaya qoymuş və sübut etmişik.
Azərbaycan haqqında həqiqətə uyğun olmayan, qərəzli, böhtan və iftira xarakterli məlumatlar yayılır...
Sirr deyil ki, ölkəmizin yürütdüyü həm çoxtərəfli, həm də ikitərəfli siyasi kursda Türkiyə xüsusi yer tutur. Azərbaycan və Türkiyənin münasibətləri yalnız dövlətlərarası əlaqələrin klassik çərçivələri ilə məhdudlaşmır - qarşılıqlı etimada, tarixi və mənəvi yaxınlığa əsaslanan bu münasibətlər regional sabitlik və təhlükəsizlik baxımından da mühüm faktor kimi çıxış edir. İki dövlətin birgə fəaliyyəti regionda əməkdaşlığa əsaslanan yeni ab-havanın formalaşmasına, qarşılıqlı maraqların uzlaşdırılmasına və təhlükəsizlik çağırışlarına daha çevik yanaşmaların meydana gəlməsinə şərait yaradır. Məhz buna görə Azərbaycan-Türkiyə müttəfiqliyi yalnız ikitərəfli münasibətlərin deyil, bütövlükdə regionun gələcək təhlükəsizlik arxitekturasının mühüm elementlərindən biri kimi qiymətləndirilir. Amma bu dəyərləndirmənin özünün də sərhədləri, çərçivəsi var - zaman - zaman Türkiyədən səslənən müxtəlif təxribatxarakterli bəyanatlara, açıqlamalara, ölkəmizin daxili işlərinə qarışmaq cəhdlərinə təmkinlə yanaşılıb. Amma son dövrlərdə bu kimi hücumların sayı artmaqdadır. Məsələnin mahiyyəti isə birbaşa dövlətin daxili işlərinə qarışılması kimi təhlil olunur. Yeri gəlmişkən, Türkiyə Respublikası Prezidentinin baş müşaviri Oktay Saral, hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan millət vəkilləri tərəfindən Azərbaycanla bağlı səsləndirilmiş fikirlərlə əlaqədar Yeni Azərbaycan Partiyasının yaydığı məlumatda bildirilir ki, uzun müddətdir ki, Türkiyənin bir sıra media orqanlarında və sosial media platformalarında, o cümlədən AKP iqtidarına yaxınlığı ilə tanınan informasiya resurslarında Azərbaycan haqqında həqiqətə uyğun olmayan, qərəzli, böhtan və iftira xarakterli məlumatların yayılması müşahidə edilir. Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası arasında mövcud olan tərəfdaşlıq münasibətlərini, eləcə də Azərbaycan və Türkiyə xalqlarını birləşdirən tarixi qardaşlıq və dostluq bağlarını nəzərə alaraq, indiyədək bu cür hallara münasibətdə təmkin nümayiş etdirmişik. Məqsədimiz ayrı-ayrı dairələrin məsuliyyətsiz davranışlarının dövlətlərimiz və xalqlarımız arasındakı münasibətlərə mənfi təsir göstərməsinə imkan verməmək olmuşdur. Lakin son dövrlərdə Azərbaycana qarşı yönəlmiş bu informasiya kampaniyasının daha aqressiv, sistemli və açıq böhtan xarakteri alması, xüsusilə də Türkiyə Prezidentinin baş müşaviri statusunu daşıyan şəxsin, hakim Ədalət və İnkişaf Partiyasından olan millət vəkillərinin belə bir kampaniyaya qoşulması məsələyə açıq münasibət bildirməyimizi zəruri edir...
Müstəqil xarici siyasətimiz bütün dövlətlərlə əlaqələri tənzimləyir
Türkiyədən səslənən “bəyanatlarda” fərqli məsələlərə “işarələr” var. Azərbaycanın fərqli dövlətlər münasibətləri ölkənin özünün siyasi xəttidir. Bir daha vurğulanmalıdır ki, Azərbaycan müstəqil olaraq bütün dövlətlərlə beynəlxalq hüquq üzərindən, qarşılıqlı maraqlar əsasında əməkdaşlıq edir. Məsələn İsraillə və Fələstinlə əlaqələrimiz də bunun bariz nümunəsidir. İsrailllə Azərbaycan arasında hər zaman müsbət münasibətlər mövcud olub. Ticarət sahəsində Azərbaycan-İsrail əməkdaşlığı inkişaf edir, o cümlədən əlaqələr kənd təsərrüfatı, yüksək texnologiyalar, səhiyyə, hərbi-texniki tərəfdaşlığı da əhatə edir. Azərbaycan və İsrail arasında hərbi-texniki əməkdaşlıq, silah və hərbi texnikanın alınmasının mühüm tarixi var. 2020-ci il Vətən müharibəsi dövründə İsraildən alınan pilotsuz təyyarələr və digər silah-sursatlar Azərbaycanın qəti qələbə əldə etməsində mühüm rol oynayıb.
Fələstinə gəldikdə isə, bu dövlətlə münasibətlərin inkişafında da Azərbaycan hər zaman maraqlı olub. Azərbaycanın Fələstin probleminin BMT-nin və İƏT-in qətnamələri əsasında həllində də fəal rol oynadığı hər kəsə məlumdur. Azərbaycan dövləti Fələstin xalqına dəfələrlə humanitar yardımlar göndərib. Bakı Fələstinlə bağlı bir sıra mühüm tədbirlərə ev sahibliyi edərək regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə töhfə verib. Azərbaycanın Fələstində diplomatik nümayəndəlik açması məsələsi də olduqca mühüm bir amildir. YAP-ın mətbuat xidmətinin məlumatında da bildirilib ki, Prezident İlham Əliyev dəfələrlə ən yüksək beynəlxalq tribunalardan bəyan etmişdir ki, Azərbaycan Fələstin məsələsinin beynəlxalq hüquq və BMT-nin müvafiq qətnamələri əsasında, Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olması şərtilə “iki dövlət” prinsipi əsasında həllini dəstəkləyir. Azərbaycanın Qəzzada baş verən hadisələrlə bağlı mövqeyi də humanitar dəyərlərə, mülki əhalinin müdafiəsinə və beynəlxalq hüquqa əsaslanır.
Azərbaycanın İslam dünyası ilə münasibətləri də hər hansı siyasi konyunkturadan qaynaqlanmır
O ki qaldı, İslam həmrəyliyi istiqamətində aparılan fəaliyyətə, burada da Azərbaycanın yürütdüyü siyasət uğurları ilə seçilir. Azərbaycanın İslam dünyasına münasibəti yalnız siyasi bəyanatlarla məhdudlaşmır, konkret təşəbbüslər və praktiki layihələrlə müşayiət olunur. Bakı müxtəlif dövrlərdə İslam ölkələri arasında əməkdaşlığın genişləndirilməsinə, dini və mədəni irsin qorunmasına, humanitar əlaqələrin dərinləşdirilməsinə mühüm töhfələr verib. Azərbaycan həmçinin İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal mövqe nümayiş etdirərək müsəlman ölkələrinin qarşılıqlı dəstəyinin və vahid mövqeyinin gücləndirilməsini təşviq edir. YAP-ın yaydığı məlumatda bildirildiyi kimi, Azərbaycanın İslam dünyası ilə münasibətləri də hər hansı siyasi konyunkturadan deyil, qarşılıqlı hörmət, bərabərlik və həmrəylik prinsiplərindən qaynaqlanır. Ölkəmizin İslam həmrəyliyinin gücləndirilməsinə verdiyi töhfələr müsəlman dövlətləri tərəfindən yüksək qiymətləndirilir. 2027-ci ildə Azərbaycanda İslam Əməkdaşlıq Təşkilatının növbəti Zirvə görüşünün keçirilməsinin nəzərdə tutulması da ölkəmizə göstərilən beynəlxalq etimadın ifadəsidir: “Bu xüsusda xatırlatmaq istərdik ki, İslamın təməl prinsipləri sırasında ədalət, bərabərlik, qarşılıqlı hörmət və həmrəylik mühüm yer tutur. İslam dünyasında heç bir dövlətin digər müsəlman xalqlarına öz iradəsini diktə etmək, onların daxili işlərinə müdaxilə etmək və ya özünü digərlərindən üstün mövqedə görmək hüququ yoxdur. Müsəlman dünyasının birliyinə xidmət etmək iddiası hegemonluq meyilləri ilə deyil, bərabərhüquqlu əməkdaşlıq və qarşılıqlı ehtiramla təsdiq olunmalıdır. Azərbaycan xalqı tarixən imperializmə, müstəmləkəçiliyə və neokolonial yanaşmalara qarşı çıxmışdır. Bu prinsipial mövqe bu gün də dəyişməz olaraq qalır”.
Populist və məsuliyyətsiz açıqlamalar ciddi təəssüf doğurur
Bütün bunlar Bakının həm İslam həmrəyliyi, həm Fələstin məsələsi, həm də Türkiyə ilə münasibətlərinin kiçik bir təqdimatıdır - amma Türkiyə Prezidentinin baş müşaviri Oktay Saralın, hakim Ədalət və İnkişaf Partiyasından olan millət vəkillərinin məsələnin mahiyyətini, Azərbaycanın konstitusion quruluşunu və ölkəmizdə dini etiqad azadlığının hüquqi əsaslarını nəzərə almadan populist və məsuliyyətsiz açıqlama verməsi ciddi təəssüf doğurur. Belə açıqlamalar Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin ruhuna ziddir və ictimai müstəvidə süni gərginlik yaratmağa xidmət edə bilər. Bu isə yolverilməzdir. Hüququn aliliyini hər zaman təmin edən Azərbaycan milli-mənəvi dəyərlərinə, dininə hörmətlə yanaşır. Təhsil sahəsində tətbiq olunan qaydalar isə bərabərlik, dünyəvilik, qanunun aliliyi və bütün vətəndaşlar üçün bərabər imkanların təmin edilməsi prinsiplərinə əsaslanır. Bəli, YAP-ın məlumatında vurğulandığı kimi, Azərbaycan Konstitusiyasına əsasən, Azərbaycan dünyəvi dövlətdir. Bu prinsip Türkiyə Respublikasının Konstitusiyasında da təsbit olunur. Buna görə də Azərbaycanın dünyəvi dövlət quruluşunun və təhsil siyasətinin siyasi manipulyasiya predmetinə çevrilməsi qəbuledilməzdir.
Məsuliyyətsiz açıqlamalardan düzgün nəticə çıxarılmalıdır
Azərbaycan və Türkiyə arasında qarşılıqlı etimad uzun illər ərzində formalaşıb və bu etimadın qorunması həm dövlət institutlarının, həm media subyektlərinin, həm də ictimaiyyət nümayəndələrinin məsuliyyətli davranışını tələb edir. Xüsusilə sosial medianın informasiya proseslərinə təsirinin artdığı bir dövrdə yoxlanılmamış məlumatların, manipulyativ fikirlərin və qarşı tərəfdə narazılıq yaratmağa hesablanan iddiaların yayılmasına ehtiyatla yanaşmaq vacibdir.
Azərbaycan və Türkiyə arasında mövcud strateji müttəfiqlik, tarixi bağlılıq və qarşılıqlı etimad bu münasibətlərin qorunmasına xüsusi məsuliyyət yaradır. Bu səbəbdən hər iki ölkənin ictimai informasiya məkanında qardaşlıq əlaqələrinə xələl gətirə biləcək əsassız yanaşmalara qarşı daha məsuliyyətli mövqe nümayiş etdirilməsi qarşılıqlı münasibətlərin sağlam inkişafına xidmət edə bilər. Açıqlamada da qeyd olunur ki, Yeni Azərbaycan Partiyası hesab edir ki, Ədalət və İnkişaf Partiyasının təmsilçiləri, xüsusilə də yüksək dövlət vəzifələri daşıyan şəxslər açıqlamalarında siyasi məsuliyyət nümayiş etdirməli, Azərbaycan Respublikasının suverenliyinə, konstitusion quruluşuna və daxili işlərinə hörmətlə yanaşmalıdırlar: “Ümid edirik ki, Türkiyənin müvafiq siyasi dairələri bu cür məsuliyyətsiz açıqlamalardan düzgün nəticə çıxaracaq, Azərbaycan-Türkiyə münasibətlərinə zərər verə biləcək addımlardan çəkinəcəklər”.
P.İSMAYILOV