Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Qazaxıstanlı həmkarının dəvəti əsasında Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 10-da Qazaxıstanın Türküstan şəhərinə rəsmi səfərə gəlib.
Qazaxıstanın Baş prokuroru Berik Asılovla ikitərəfli görüşdə ev sahibi dövlətlərimiz arasında müxtəlif istiqamətlər üzrə ardıcıl şəkildə genişlənən əməkdaşlığın, xüsusilə prokurorluq orqanları arasında formalaşmış sıx və səmərəli əlaqələrin yüksək səviyyəsindən məmnunluğunu bildirib.
Kamran Əliyev yüksək qonaqpərvərliyə və səmimi qəbula görə həmkarına minnətdarlığını bildirərək, təməli ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən Azərbaycan-Qazaxıstan münasibətlərinin siyasi, iqtisadi, ticari, nəqliyyat, mədəni və digər sahələrdə ardıcıl şəkildə inkişaf etdiyini vurğulayıb.
Baş prokuror bildirib ki, iki ölkə rəhbərinin siyasi iradəsi və qarşılıqlı etimada əsaslanan münasibətləri dövlətlərimiz arasında strateji tərəfdaşlığın və müttəfiqlik əlaqələrinin daha da möhkəmlənməsinə mühüm töhfə verir.
Daha sonra Kamran Əliyev sentyabrın 11-də Türküstan şəhərində Türk Dövlətləri Təşkilatına üzv Dövlətlərin Baş Prokurorları Şurasının 5-ci iclasında iştirak edib.
Baş prokuror çıxışında mühüm tədbirin yüksək səviyyədə təşkilinə görə Berik Asılova minnətdarlığını bildirib. O, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi şəhərsalma və memarlıq sahəsində qanunçuluğun təmin edilməsində prokurorluq orqanlarının rolu mövzusunda çıxış edib.
Tədbir çərçivəsində, həmçinin Türkiyə Respublikasının Baş prokuroru Muhsin Şentürkün rəhbərlik etdiyi heyətlə ikitərəfli görüş keçirilib.
Nümayəndə heyətinin səfəri davam edir. Tədbir çərçivəsində bir sıra ölkələrin nümayəndə heyətləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.
XQ