Azərbaycanın Qarabağın azadlığına gedən yolu

03.11.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Zəfər yürüşünün tarixi rəşadəti Qayıdış ünvanlarında davam edir

XX əsrin 80-ci illərinin sonları – 90-cı illərinin əvvəllərində Ermənistan Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları ilə ölkəmizə qarşı hərbi təcavüzə başladı. Həmin dövrdə Azərbaycanda hökm sürən hərc-mərclikdən yararlanan Ermənistan torpaqlarımızın 20 faizini işğal etdi. Bu ölkənin həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı öz doğma yurd-yuvasından didərgin düşdü.

Azərbaycana qarşı hərbi təcavüzün nəticələrinin aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin həyata keçirilməsi üzrə 30 ilə yaxın davam edən danışıqlar prosesi Ermənistanın destruktiv mövqeyinə görə nəticə vermədi.

Azərbaycan 30 ilə yaxın müddətdə Ermənistanla danışıqlar apararaq Ermənistan – Azərbaycan münaqişəsini sülh yolu ilə nizamlamağa çalışdı. Ancaq danışıqlar heç bir nəticə vermədi, əksinə, aydın şəkildə Ermənistanın, sadəcə, status-kvonu möhkəmləndirməyə, əbədi etməyə çalışdığı müşahidə edildi. Azərbaycan isə işğalla barışa bilməzdi və barışmadı.

Haqq savaşına aparan yol

Ötən müddət ərzində ümummilli lider Heydər Əliyev uzaqgörənlilik və müdrikliklə Azərbaycanın hərtərəfli inkişafı, siyasi və iqtisadi müstəqilliyinin möhkəmləndirilməsi üçün böyük işlər gördü, sağlam təməllər yaratdı.

Bu yolu uğurla davam etdirən Prezident İlham Əliyev ölkənin ərazi bütövlüyünün bərpası üçün, ilk növbədə, iqtisadi gücün vacibliyini bəyan etdi. Düzgün strategiya və düşünülmüş məqsədyönlü siyasət nəticəsində respublika güc toplamağa başladı, iqtisadi müstəqillik gerçəkləşdirildi, Azərbaycan iqtisadi cəhətdən heç kimdən, heç bir ölkədən, heç bir beynəlxalq maliyyə qurumundan asılı olmayan müasir dövlətə çevrildi, dünya üçün çox nadir inkişaf modelini yaratdı.

Ölkənin iqtisadi cəhətdən yüksəlişi ordu quruculuğunda da dönüşə səbəb oldu, Azərbaycan Silahlı Qüvvələrinin arsenalı ən müasir silah və hərbi texnika ilə gücləndirildi, hərbçilərin bilik və bacarıqları artırıldı, onların sosial müdafiəsinin, iş şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atıldı. Eyni zamanda, müdafiə sənayesi inkişaf etdirildi, ordunun daxili tələbatının böyük hissəsi daxili istehsal hesabına təmin olundu, ölkə 1000-dən çox adda hərbi təyinatlı məhsul istehsal etməyə başladı və ən müasir silahların ixracatçısına çevrildi. Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyəti Azadlıq meydanında dəfələrlə keçirilən hərbi paradlarda bütün dünyaya nümayiş etdirildi.

Azərbaycan xalqı işğaldan ötən 30 illik dövr ərzində qəsbkarlıqla barışmadı və ərazi bütövlüyünü bərpa etmək üçün sarsılmaz əzm göstərdi. Prezident İlham Əliyevin rəhbərliyi dövründə yetişən, formalaşan vətənpərvər gənclik isə Vətəni qorumaq üçün hər cür fədakarlığa hazır olduğunu dönə-dönə sübut etdi.

Ötən dövr ərzində çoxşaxəli, prinsipial, dürüst xarici siyasətin yürüdülməsi, beynəlxalq təşkilatlarla və xarici dövlətlərlə fəal işin aparılması, sıx əlaqələrin qurulması, həyata keçirilən regional enerji və kommunikasiya layihələri respublikanın etibarlı tərəfdaş kimi mövqeyini xeyli gücləndirdi, ölkənin nüfuzunu artırdı, bölgədə Azərbaycanın iradəsi həlledici amilə çevrildi.

Bütün bu amillər Azərbaycanın mütləq Qələbəsini tam şərtləndirdi və onun əldə edilməsi zaman məsələsi kimi diqqət çəkdi. Eyni zamanda, dəfələrlə Ermənistanı işğal etdiyi ərazini geri qaytarmağa çağırdı. Lakin qəsbkar bu çağırışlara məhəl qoymadı, danışıqlar prosesinin format və məzmununu pozmaqla, danışıqların imitasiyasını aparmaqla, BMT TŞ-nın qətnamə və qərarlarının icra etməməklə sülh tərəfdarı olmadığını açıq şəkildə ortaya qoydu.

Ermənistanın baş naziri Nikol Paşinyanın 2019-cu il avqustun 5-də Xankəndidə “Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə” açıqlaması Ermənistanın işğalçılıq siyasətinin ən bariz etiraflarından birinə çevrildi. Prezident İlham Əliyev isə 2019-cu il oktyabrın 3-də “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasında çıxışı zamanı N.Paşinyanın bu bəyanatına “Qarabağ Azərbaycandır və nida işarəsi” deməklə sərt reaksiya verdi.

2020-ci ilin iyul ayında Ermənistan Azərbaycanla dövlət sərhədinin Tovuz istiqamətində növbəti hərbi təxribat törətdi. Bundan əsas məqsəd regionda yeni gərginlik mənbəyi yaratmaq, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı məsələsini ikinci plana keçirmək, üçüncü dövlətləri münaqişəyə cəlb etmək və respublikamızın strateji infrastrukturuna zərər vurmaqdan ibarət idi. Buna görə də Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə endirərək ona layiqli cavab verdi.

2020-ci ilin avqust ayında Ermənistan daha bir hərbi təxribata əl ataraq, terror aktları törətmək məqsədilə respublikamıza diversiya qrupu göndərdi. Lakin Silahlı Qüvvələrimiz bu təxribat planını da pozdu.

2020-ci il sentyabrın 24-də Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında çıxışı zamanı Ermənistanın Azərbaycana qarşı yeni müharibəyə hazırlaşması barədə dünya birliyini yenidən xəbərdar etdi: “Ermənistan bu yaxınlarda təcavüzkar və hücum xarakterli hərbi doktrina və milli təhlükəsizlik strategiyası qəbul edib… Biz BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanı növbəti hərbi təcavüzdən çəkindirməyə dəvət edirik. Təxribatların baş verməsinə və gərginliyin artmasına görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.

Beləliklə, 2016-cı ilin Aprel savaşından, 2020-ci ilin İyul döyüşündən Ermənistanın hərbi-siyasi rəhbərliyi lazımi dərs çıxarmadı və vəziyyəti daha da gərginləşdirməyə davam etdi.

“Dəmir yumruğ”un qarşısıalınmaz yürüşü

2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti irimiqyaslı hərbi əməliyyatlara başlamasına, ordumuzun mövqelərinə və mülki yaşayış məntəqələrinə atəş zərbələri endirməsinə cavab olaraq əks-hücum əməliyyatı işə düşdü, sonradan “Dəmir yumruq” adını alan bu əməliyyat Vətən müharibəsinə çevrildi.

Vətən müharibəsi dövründə Prezident, Ali Baş Komandan İlham Əliyev xalqa müntəzəm müraciətlər etdi. Bu müraciətlər Azərbaycan xalqını ayağa qaldırdı, onu yumruq kimi sıx birləşdirdi, müharibənin gedişatına və taleyinə güclü təsir göstərdi. Hər bir müraciət növbəti qələbələrin müqəddiməsi kimi diqqət çəkdi.

Azərbaycan Prezidenti 2020-ci il sentyabrın 27-də Vətən müharibəsinin gedişində xalqa ilk müraciətində bütün cəmiyyəti qəti qələbəyə köklədi: “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.

2020-ci il oktyabrın 4-dəki xalqa ikinci müraciətində Prezident İlham Əliyev düşmənə öz yerini göstərdi: “İndi biz göstərdik kim-kimdir… Biz xilaskar missiyamızı icra edirik və edəcəyik!”.

2020-ci il oktyabrın 9-dakı xalqa üçüncü müraciətində dövlətimizin başçısı status-kvonun artıq olmadığını və təmas xəttinin yarıldığını elan etdi: “Mən dəyişdirdim status–kvonu, dəyişdirdim! Bax, orada, döyüş meydanında. Yoxdur status-kvo. Təmas xətti, yoxdur təmas xətti. Yarmışıq onu. Onlar 30 il idi ki, qururdular bu təmas xəttini… Yarıb keçmişik. Azərbaycan əsgərinin qabağında heç kim heç nə edə bilməz”.

2020-ci il oktyabrın 17-də xalqa növbəti müraciətində Prezident İlham Əliyev raket hücumlarına məruz qalan Azərbaycan şəhərlərinin Ermənistanın dinc əhaliyə qarşı dövlət terrorizmi və vandalizminə müqavimət rəmzinə çevrildiyi mesajını verdi: “Heç bir təhdid, heç bir hədə, heç bir təzyiq mənim iradəmə təsir edə bilməz. Bizim işimiz haqq işidir. Biz öz torpağımızda vuruşuruq, öz ərazi bütövlüyümüzü bərpa edirik”.

2020-ci il oktyabrın 20-də xalqa beşinci müraciətində Azərbaycan Prezidenti əldə edilən nəticələrin düşünülmüş və vaxtında atılmış addımların bəhrəsi olduğunu, tələskənliyin yolverilməzliyini diqqətə çatdırdı: “Mən hər dəfə xalqıma müraciət edərkən xoş xəbərlər çatdırıram. Eyni zamanda, demək olar ki, hər gün öz “Twitter” hesabımda, “Twitter” vasitəsilə işğaldan azad edilmiş yeni kəndlərin, şəhərlərin adlarını çəkirəm. Mən bilirəm ki, Azərbaycan xalqı bu xəbərləri hər gün gözləyir, hər gün! Hər gün, hər saat ki, nə vaxt bu xəbər olacaq, nə vaxt bu xəbər çıxacaq? Amma istəyirəm, əziz xalqım bilsin ki, hər kəndin, hər yüksəkliyin götürülməsi böyük rəşadət tələb edir. Çünki təkcə orada qurulmuş istehkamlar deyil, eyni zamanda, azad edilmiş torpaqların hərbi relyefi də ermənilər üçün daha sərfəlidir. Çünki biz indi həm onların istehkamlarına, onların toplarına, onların raketlərinə qarşı, eyni zamanda, təbii relyefə qarşı vuruşmalıyıq və torpaqlarımızı işğalçılardan qarış-qarış azad edirik”.

2020-ci il oktyabrın 26-da xalqa altıncı müraciətində dövlət başçısı Azərbaycan xalqını həlledici qələbəyə yaxın olduğunun müjdəsini verdi: “Biz əsgərlərimizin, zabitlərimizin canı-qanı bahasına bu torpaqları azad edirik. Həm döyüş meydanında, həm siyasi müstəvidə özümüzü təsdiqləmişik, dünyaya təsdiqləmişik. Azərbaycan xalqını qürurlu xalq kimi, cəsarətli xalq kimi, yenilməz xalq kimi təsdiqləmişik”.

Xalq – lider – ordu birliyi

Beləliklə, 2020-ci il noyabrın 8-i Azərbaycan tarixinə qızıl hərflərlə Zəfər günü kimi yazıldı. Prezident İlham Əliyev xalqa sayca yeddinci müraciətini Şəhidlər xiyabanından edərək Şuşa şəhərinin işğaldan azad olunmasını Azərbaycan xalqına, bütün dünya azərbaycanlılarına elan etdi: “Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları! …Bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq! Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq… Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!”.

44 gün sürən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilanın Mincivan, Ağbənd, Bartaz, Xocavəndin Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtərin Suqovuşan, Xocalı və Laçının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, eləcə də Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etdi. Rəşadətli Azərbaycan Ordusu addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçdi, torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad olundu.

Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələndi, Ermənistanı Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur etdi.

Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı.

Prezident İlham Əliyev xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu, eləcə də gələcək inkişafı baxımından müstəsna önəm daşıyan bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-nin Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi haqqında 3 dekabr 2020-ci il tarixli sərəncam imzaladı.

Qarabağ tarixinin “yeni erası”

Vətən müharibəsində qazanılan tarixi Qələbədən ötən 6 il ərzində ərzində işğaldan azad edilən ərazilərdə həyata keçirilən bərpa-quruculuq layihələrinin sürəti və keyfiyyəti bu missiyanın ən yüksək səviyyədə reallaşdırıldığını deməyə əsas verir. Bu gün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının 48 yaşayış məntəqəsində 96 min insanın yaşaması, onlar üçün ən yüksək səviyyədə sosial şəraitin yaradılması, bölgələrin inkişafına indiyədək 28 milyard manat vəsait xərclənməsi bunun bariz ifadəsidir.

Adları çəkilən bölgələrdə qurulan nəqliyyat infrastrukturu yaşayış məntəqələrini bir-biri ilə və ölkənin vahid iqtisadi məkanı ilə birləşdirib. İndiyədək 1500 kilometrə yaxın yol tikilib, 11,7 kilometr uzunluğunda Murovdağ tuneli dünyada mürəkkəb dağlıq şəraitdə həyata keçirilən quruculuq işlərinin mühüm mühəndislik nümunəsinə çevrilib. Füzuli, Zəngilan və Laçın beynəlxalq hava limanları istifadəyə verilib.

Dəmir yollarının inşası davam etdirilir. Horadiz – Ağbənd dəmir yolu xətti Zəngəzur dəhlizinin mühüm tərkib hissəsi kimi Azərbaycanın beynəlxalq nəqliyyat və logistika əlaqələrinin genişlənməsində strateji əhəmiyyət daşıyır.

Yeni yaşayış məntəqələrinin və istehsal sahələrinin fəaliyyəti üçün enerji və su təminatı da yaradılır. Regionda 1 yeni su anbarı tikilib və 5 su anbarı bərpa edilib, 13 yarımstansiya və ümumi gücü 307 meqavat olan 38 su elektrik stansiyası istismara verilib. Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji zonası” kimi inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılıb.

Regionda 40 təhsil və 20 səhiyyə müəssisəsi, Xankəndidə Qarabağ Universiteti fəaliyyətə başlayıb. Dövlət, bank, poçt və rabitə xidmətlərinin də əhatəsi genişlənir. Laçın, Zəngilan, Füzuli və Ağdamda tikilərək istifadəyə verilmiş inzibati mərkəzlər sosial təminat, məşğulluq və digər sahələrdə xidmətlərin əhaliyə vahid məkanda operativ göstərilməsinə imkan verir.

İnfrastruktur quruculuğu Qarabağ və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır. İşğal dövründə dağıdılmış və zərər görmüş tarixi-mədəni və dini abidələrin bərpası, müasir turizm infrastrukturunun yaradılması regionun zəngin irsinin qorunmasına, mədəni və mənəvi həyatının dirçəlməsinə, turizm potensialının reallaşdırılmasına xidmət edir.

Regionun dirçəldilməsi işğalın ekoloji fəsadlarının aradan qaldırılmasını da əhatə edir. İşğal dövründə 54,3 min hektar meşə sahəsi məhv edilib, torpaq və su ehtiyatları çirkləndirilib. İndiyədək 600 hektar meşə fondu bərpa olunub. Çünki meşələrin və su ekosistemlərinin bərpası, iqlim dəyişmələrinin təsirlərinə davamlı tikinti həllərinin tətbiqi regionun uzunmüddətli inkişafı üçün xüsusi əhəmiyyət daşıyır.

Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji” zonası elan olunması da bu prosesin mühüm tərkib hissəsidir. İstismara verilən su elektrik stansiyaları, günəş və külək enerjisi layihələri regionun dayanıqlı inkişafına böyük töhfə verir. Eyni zamanda, “ağıllı kənd” və “ağıllı şəhər” konsepsiyaları əsasında tikilən yasayış məntəqələri sakinlər üçün yüksək standartlara cavab verən həyat şəraiti bəxş edir.

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası təkcə mənzil təminatı ilə məhdudlaşmır, həm də dayanıqlı məşğulluğun yaradılmasını şərtləndirir. Regionda fəaliyyətə başlayan sənaye parkları, aqroparklar və kiçik sahibkarlıq subyektləri minlərlə yeni iş yerinin açılmasına imkan verir.

Bu yanaşmanın əyani nəticələri Qarabağın sənaye xəritəsində də aydın nəzərə çarpır. Ağdam Sənaye Parkı və Araz Vadisi İqtisadi Zonası kimi istehsal mərkəzlərinin, eləcə də investisiya və vergi güzəştlərinin bölgədə iqtisadi fəaliyyəti genişləndirməsi, Xankəndi şəhərində “GP Safety” MMC-nin iş əlcəkləri istehsalı müəssisəsinin, Xocalı şəhərində “Qarabağ Tekstil Evi” MMC-nin, Əsgəran qəsəbəsində “AzCement” müəssisəsinin fəaliyyətə başlaması bu fikrin bariz ifadəsidir.

Qeyd edək ki, dağ-mədən sənayesinin inkişafı çərçivəsində Ağdərə rayonunun Canyataq kəndində “Dəmirli” Filiz Emalı Kompleksi fəaliyyətə başlayıb. Bu işğaldan azad edilmiş ərazilərdə dağ-mədən sahəsi üzrə fəaliyyətə başlayan ilk layihədir və 85 min ton mis metalının ixracı nəzərdə tutulur. Kompleksdə 980 nəfər daimi işlə təmin olunub, onlardan 260 nəfəri keçmiş məcburi köçkünlər və qayıdan sakinlərdir, növbəti illərdə iş yerləri sayının 1250-yə çatdırılacağı gözlənilir.

Dövlət başçısının da vurğuladığı kimi, bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək. Məskunlaşma yalnız evlərin tikilməsi ilə yekunlaşmır, onun dayanıqlılığı məşğulluq, sosial xidmətlər və iqtisadi fəaliyyətin bərpası ilə təmin olunur. İqtisadi baxımdan Böyük Qayıdış regionların potensialının yenidən hərəkətə gətirilməsi deməkdir və bu yanaşma sosial rifahı artırmaqla yanaşı, regionu ölkə iqtisadiyyatının fəal subyektinə çevirmək məqsədi daşıyır.

Azərbaycan “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində şəhər və kəndlərimizin yenidən qurulması, soydaşlarımızın doğma yurdlarına təhlükəsiz qayıdışının reallaşdırılması layihələrini öz maliyyə imkanları hesabına həyata keçirir. İndiyədək bərpa və yenidənqurmaya dövlət büdcəsindən 25,5 milyard manat vəsait ayrılması da bunun parlaq ifadəsidir.

Yeri gəlmişkən, Maliyyə Nazirliyinin yaxın 4 ili əhatə edən Ortamüddətli Xərclər Çərçivəsinə əsasən, ölkəmizin işğaldan azad edilmiş ərazilərinin yenidən qurulması və bərpası ilə bağlı xərclərin 2027–2030-cu illərdə 13,2 milyard manat təşkil edəcəyi, həmin vəsaitin dövlət büdcəsinin əsaslı xərclərində xüsusi çəkisinin 24,1 faiz olacağı proqnozlaşdırılır.

Doğma yurd-yuvalarına qayıdan sakinlərin işlə təmin olunması, təhsil və səhiyyə müəssisələrinin müasir tələblər səviyyəsində qurulması sosial rifahın yüksəldilməsini şərtləndirən əsas amillərdəndir. Bütün bu addımlar bir daha sübut edir ki, Azərbaycan dövləti azad edilmiş torpaqların dirçəldilməsini milli prioritet kimi ön plana çəkir və doğma yurdlarına dönən vətəndaşların təhlükəsiz, firavan yaşaması üçün bütün ehtiyatları səfərbər edir.

V.BİNYATOĞLU
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью