Azərbaycanın qarmaqarışıq qızıl bazarı: Gün üzünə çıxır MÜSAHİBƏ

12.05.2026

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasında qiymətli metallardan və daşlardan hazırlanan zərgərlik məmulatlarına nəzarət gücləndirilib.

Artıq bu sahədə dövlət əyar nəzarətinin həyata keçirilməsi üçün yeni laboratoriya xidmətləri fəaliyyətə başlayıb.

Sahibkarlar və istehlakçılar qızıl, gümüş və digər qiymətli materiallardan hazırlanan məmulatların qanunvericiliyə uyğun yoxlanılması, əyarının təyin olunması və rəsmi damğalanması üçün İstehlak Mallarının Ekspertizası Mərkəzinə müraciət edə bilərlər.

Bu addım Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən atılıb. Məqsəd zərgərlik məhsullarının keyfiyyətinə nəzarəti artırmaq, həm istehlakçıların hüquqlarını qorumaq, həm də bazarda şəffaflığı təmin etməkdir. 

Yeni laboratoriya xidmətləri çərçivəsində zərgərlik və digər məişət məmulatları ekspertizadan keçirilir, diaqnostika olunur, əyarı yoxlanılır və rəsmi qaydada damğalanır. Bu isə həm istehsalçıların, idxalçıların, həm də alıcıların maraqlarına xidmət edir.

“Azərbaycan Zərgərlər Assosiasiyası”nın İdarə Heyətinin sədrinin müavini, “Qiymətli metallar və qiymətli daşlar” standartlaşdırma üzrə Texniki Komitənin sədri Rövşən Əmircanov mövzu ilə bağlı “Cebheinfo.az”-ın suallarını cavablandırıb:

- Yeni laboratoriya xidmətlərinin istifadəyə verilməsi zərgərlik bazarında nəyi dəyişəcək?

- Qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının ekspertizası, diaqnostikası, əyarlanması və damğalanması üzrə rəsmi laboratoriya mexanizminin fəaliyyətə başlaması zərgərlik bazarında şəffaflığın artırılması, məhsulların keyfiyyət göstəricilərinin dəqiq müəyyən edilməsi və istehlakçı hüquqlarının müdafiəsi baxımından mühüm addımdır.

Yeni laboratoriya xidmətləri istehsalçılar, idxalçılar və istehlakçılar üçün məhsulların qanunvericiliyin tələblərinə uyğunluğunun müəyyən edilməsinə imkan yaradır. 

Bu xidmətlərin tətbiqi zərgərlik məmulatlarının faktiki göstəricilərinin dəqiqləşdirilməsinə, saxta və ya göstərilən əyara uyğun olmayan məhsulların dövriyyəsinin məhdudlaşdırılmasına, eləcə də bazarda daha etibarlı münasibətlərin formalaşmasına xidmət edəcəkdir.

Bu sahədə əsas məsələlərdən biri dövlət əyar damğasının tətbiqidir. “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikası Qanununun 10.3-cü maddəsinə əsasən, Azərbaycanda sahibkarlıq fəaliyyəti subyektləri tərəfindən istehsal edilmiş, habelə ölkə ərazisində satışa çıxarılan qiymətli metallardan və qiymətli daşlardan olan zərgərlik və digər məişət məmulatları, xarici dövlətlərin dövlət əyar damğasının tanınması halları istisna olmaqla, Azərbaycan Respublikasının dövlət əyar damğası ilə damğalanmalıdır.

Laboratoriyaların fəaliyyət istiqamətlərinə əyarlama və damğalanma ilə yanaşı, analiz, ekspertiza, qiymətli daşların ekspertizası və diaqnostikası da daxildir. 

Praktiki baxımdan bu, istehlakçılara təqdim olunan məlumatların etibarlılığının artırılmasına, məhsulların keyfiyyət göstəricilərinin rəsmi qaydada təsdiqlənməsinə və zərgərlik məmulatlarının dövriyyəsində şəffaflığın təmin edilməsinə şərait yaradacaqdır. 

Dövlət əyar damğası zərgərlik məmulatlarının keyfiyyət göstəricilərindən biri olmaqla, saxta malların dövriyyəsinin qarşısının alınması, istehlakçıların hüquqlarının qorunması və bazarda etibarlı sahibkarlıq mühitinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

- Yeni xidmətlər zərgərlik sahəsində “etibar böhranını” aradan qaldıra biləcəkmi?

- Yeni laboratoriya xidmətləri zərgərlik bazarında etimad mühitinin formalaşması baxımından mühüm əhəmiyyət daşıyır. 

Əyarlama, damğalanma, analiz və ekspertiza xidmətlərinin rəsmi qaydada həyata keçirilməsi alıcılara məhsulu yalnız satıcının təqdim etdiyi məlumat əsasında deyil, həm də laborator nəticələr və dövlət əyar damğası əsasında qiymətləndirmək imkanı yaradır.

Qeyd edilməlidir ki, bu mexanizm vətəndaşların hüquqlarının qorunmasına, sahibkarların qanunvericiliyə uyğun və şəffaf fəaliyyətinin dəstəklənməsinə, eləcə də bazarda sağlam rəqabət mühitinin təşviqinə yönəlib. 

Bu baxımdan yeni xidmətlərin tətbiqi həm istehlakçıların, həm də dürüst və məsuliyyətli sahibkarların mənafeyinə xidmət edir.

- Bu sistemin effektiv işləməsi üçün nəzarət mexanizmi necə gücləndirilməlidir?

- Mexanizmin səmərəli nəticə verməsi üçün bazar iştirakçılarının prosesdə fəal və məsuliyyətli iştirakı vacibdir. Satış məntəqələri qanunvericiliyin tələblərinə əməl etməli, alıcılar isə dövlət əyar damğasına, sertifikatlara, məhsulun mənşəyi, çəkisi, əyarı və keyfiyyət göstəricilərinə dair sənədlərə diqqət yetirməlidirlər.

Əgər məmulatın üzərində dövlət əyar damğası yoxdursa və ya məhsul barədə şəffaf məlumat təqdim edilmirsə, belə alış istehlakçı üçün riskli hesab oluna bilər.

Bu istiqamətdə Azərbaycan Zərgərlər Assosiasiyası tərəfindən sahibkarların və vətəndaşların maarifləndirilməsi, dövlət əyar damğası, sertifikatlaşdırma, məhsulun keyfiyyət göstəriciləri və təhlükəsiz alış prinsipləri barədə düzgün məlumatlandırılması üzrə müvafiq işlər həyata keçirilir. 

Bu tədbirlər bazar iştirakçılarının məsuliyyətinin artırılmasına və istehlakçıların daha məlumatlı seçim etməsinə töhfə verir.

Ümumilikdə, yeni laboratoriya xidmətlərinin ardıcıl və səmərəli tətbiqi, sahibkarlarla əməkdaşlıq və davamlı maarifləndirmə tədbirləri nəticəsində zərgərlik bazarında etimad mühitinin güclənəcəyi, saxta məmulatların dövriyyəsinin azalacağı və daha etibarlı tərəfdaşlıq münasibətlərinin formalaşacağı gözlənilir.

Gülər Həsənli
“Cebheinfo.az”

Açar sözlər: qızıl Rövşən Əmircanov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью