Icma.az, Konkret.az portalına istinadən məlumat verir.
Prezident İlham Əliyev “Bakı Enerji Həftəsi”nin rəsmi açılış mərasimində çıxışı zamanı mövcud qaz ehtiyatlarımızın ən azı növbəti yüz il ərzində həm ölkəmizin, həm də tərəfdaşlarımızın tələbatını ödəməyə kifayət edəcəyini bildirib. Azərbaycanın qaz ehtiyatları nə qədərdir və bu göstəriciyə görə dünyada hansı sıradayıq?
KONKRET.az xəbər verir ki, bu barədə millət vəkili, iqtisadçı ekspert Vüqar Bayramov qeyd edib.
O bildirib ki, kəşf edilən qaz ehtiyatları ilə bağlı xarici şirkətlər və beynəlxalq qurumlar tərəfindən fərqli rəqəmlər təqdim edilsə də, Azərbaycan dünyanın ən çox qaz rezervləri olan dövlətləri sırasındadır:
“EnergyNow Media” təşkilatının qiymətləndirmələrinə görə, Azərbaycan dünyada ən çox qaz ehtiyatları olan ilk 12 dövlət sırasından qərarlaşıb.
BP şirkətinin qiymətləndirmələrinə görə, Azərbaycanda kəşf edilən qaz ehtiyatları 2.5 trilyon kub metrdir. ABŞ Enerji İnformasiya İdarəsində də ehtiyatlarımızın 2.0 trilyon kub metrdən çox olduğunu düşünürlər.
Müstəqil qiymətləndirmələrə görə, Azərbaycanın təsdiq edilmiş təbii qaz ehtiyatları proqnozlaşdırılan ehtiyatlarla birlikdə 3 trilyon kubmetrə çatır. Bu ölkənin daxili tələbatını və ixracını qarşıdakı 100 il müddətində təmin etmək üçün kifayət edəcək ehtiyatlardır”.
V.bayramov vurğulayıb ki, 2025-ci ildə Azərbaycanda ümumi təbii qaz hasilatı illik 51,5 milyard kubmetr olub. Əmtəəlik qaz həcmi isə 39 milyard kubmetrə yaxındır:
“Bu göstəricilərə görə, Azərbaycan dünyada ilk iyirmiliyə daxildir.
Qaz hasilatında mühim məqamlardan biri son illər müşahidə edilən artım dinamikasıdır. Ümumi qaz hasilatının illik 50 milyard kub metrdən çox olması da bunu təsdiq edir.
Göründüyü kimi, hələ uzun illər Azərbaycan enerji hasil və ixrac edən ölkə statusunu qoruyub saxlayacaq”.