Azərbaycanın qoşulduğu bu Konvensiya hansı imkanlar yaradır?

25.11.2026

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan "Mülki və ya ticarət işləri üzrə xaricdə sübutların toplanması haqqında Konvensiya"ya qoşulub.

Qanun layihəsi Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Sənədə əsasən, Azərbaycan 1970-ci il martın 18-də Haaqa şəhərində imzalanmış "Mülki və ya ticarət işləri üzrə xaricdə sübutların toplanması haqqında Konvensiya"ya bəyanatları və qeyd-şərtləri ilə qoşulur.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

Azərbaycanın “Mülki və ya ticarət işləri üzrə xaricdə sübutların toplanması haqqında Konvensiya”ya qoşulması hüquq sistemimiz üçün hansı yeni imkanlar yaradır?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında hüquqşünas Ruslan Mustafayev bildirib ki, 2000-ci illərdən başlayaraq Azərbaycan Avropa ölkələri tərəfindən qəbul edilmiş bir sıra beynəlxalq konvensiyalara qoşulub və onları ratifikasiya edib:

“Bu konvensiyalara qoşulmaq və onları ratifikasiya etmək, təbii ki, ölkənin daxili qanunvericiliyinin də təkmilləşdirilməsinə zəmin yaradır. Konvensiyaların tələblərinə uyğunlaşdırılan qanunvericilik daha işlək və əlçatan olur. 

Hazırda Azərbaycanın "Mülki və ya ticarət işləri üzrə xaricdə sübutların toplanması haqqında Konvensiya"ya qoşulması ilə bağlı məlumatlar yayılır. 

Biz bu Konvensiyaya qoşulmağın və onu ratifikasiya etməyin tərəfdarıyıq. Çünki bir sıra mülki və xüsusilə mürəkkəb ticarət işləri geniş araşdırma və uzunmüddətli məhkəmə prosesləri tələb edir.

Belə işlərdə sübutlar bəzən Azərbaycanın ərazisində deyil, başqa ölkələrdə olur və həmin sübutların xaricdən əldə edilməsinə ehtiyac yaranır. Bu ölkələr, əsasən, Azərbaycanın sıx ticarət əlaqələri qurduğu Türkiyə və Avropa ölkələridir”.

Onun sözlərinə görə, məhkəmə proseslərini çətinləşdirən əsas məsələlərdən biri də sübutların başqa dövlətlərin ərazisində yerləşməsidir:

“Sözügedən Konvensiyaya qoşulmaq dövlətlərarası qurumlar arasında münasibətlərin yaxşılaşdırılmasına və prosedurların sadələşdirilməsinə imkan verəcək.

Nəticədə məhkəmələrin göndərdiyi sorğulara daha operativ cavab alınacaq, sübutların toplanması və araşdırılması prosesi asanlaşacaq.

Təəssüf ki, hazırda Azərbaycan məhkəmələrində baxılan mülki işlər üzrə araşdırma zamanı, məsələn, Almaniyanın hər hansı bir vilayətində yerləşən quruma sorğu göndərilməsi zərurəti yarandıqda, məhkəmə müəyyən tərəddüdlərlə üzləşir. 

Çünki belə sorğunun qarşı tərəfə çatdırılması, araşdırılması və cavablandırılması kifayət qədər uzun vaxt aparır. Üstəlik, sorğuya ümumiyyətlə cavab verilib-verilməyəcəyi də qeyri-müəyyən qalır”.

Hüquqşünas qeyd edib ki, belə hallarda məhkəmə bəzən həmin sübutların toplanmasından imtina etməli olur ki, bu da işin hərtərəfli araşdırılmasına maneə yaradır:

“Məhkəmə əlavə vaxt itirməmək üçün sübutların toplanmasından imtina etməyə çalışır.

Lakin Konvensiyanın ratifikasiya edilməsi həmin sorğuların göndərilməsi, ünvanına daha tez çatdırılması, ətraflı araşdırılması və qısa müddətdə cavablandırılması üçün imkanlar yaradacaq.

Bu isə hazırda məhkəmələrin icraatında olan bu qəbildən olan işlərə daha obyektiv baxılmasına və daha ədalətli qərarların qəbul edilməsinə şərait yaradacaq”.

Gülər Həsənli
“Cebheinfo.az”

Açar sözlər: Konvensiya Ruslan Mustafayev

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью