Azərbaycanın qurtuluş yolunun başlandığı gündür

03.09.2026

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu gün Azərbaycan tarixinin mühüm siyasi hadisələrindən birinin 35-ci ildönümüdür. 1991-ci il sentyabrın 3-də Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilib. Bu hadisə sonrakı illərdə Azərbaycanın siyasi həyatına ciddi təsir göstərən Naxçıvan dövrünün əsas dönüş nöqtələrindən biri hesab olunur.

Modern.az xatırladır ki, həmin vaxt Azərbaycan və bütövlükdə region son dərəcə mürəkkəb siyasi mərhələdən keçirdi. SSRİ süqut ərəfəsində idi, Qarabağda münaqişə dərinləşirdi, Naxçıvan isə blokada və təhlükəsizlik problemləri ilə üz-üzə qalmışdı.

1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiya da məhz belə bir şəraitdə baş tutdu. Rəsmi məlumatlara görə, deputatların, eləcə də parlament binasının qarşısına toplaşan minlərlə insanın tələbi ilə Heydər Əliyevin namizədliyi irəli sürüldü və o, Ali Məclisin Sədri seçildi.
Heydər Əliyev sonralar həmin gün qəbul etdiyi qərarı belə xatırlayırdı:

“Mən bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim. Mən öz prinsiplərimə sadiq qalaraq Azərbaycanın, Naxçıvanın belə vəziyyətində, çətin günündə, dövründə mənim üzərimə düşən vəzifənin ifasından geri çəkilə bilməzdim. Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini, yəqin ki, indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm”.

Əslində, 3 sentyabr 1991-ci ildə baş verənlər Naxçıvanda daha əvvəl başlanmış siyasi proseslərin davamı idi.

Heydər Əliyev 1990-cı ilin iyulunda Moskvadan Azərbaycana qayıtmış, daha sonra Naxçıvana getmişdi. Həmin il Azərbaycan SSR və Naxçıvan MSSR xalq deputatı seçilmişdi.

1990-cı il noyabrın 17-də Naxçıvan parlamentinin sessiyasında onun təşəbbüsü ilə mühüm qərarlar qəbul edilmişdi. Muxtar respublikanın adından “sovet sosialist” sözləri çıxarılmış, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvanın dövlət bayrağı kimi qəbul edilmiş və Azərbaycan parlamenti qarşısında onun ölkənin dövlət bayrağı kimi təsdiqlənməsi barədə vəsatət qaldırılmışdı.

Bu baxımdan 3 sentyabr Heydər Əliyevin Naxçıvanda siyasi fəaliyyətinin yeni mərhələsi olmaqla yanaşı, artıq qəbul edilmiş dövlətçilik qərarlarının daha sistemli şəkildə davam etdirilməsinə imkan yaratdı.
Heydər Əliyevin Ali Məclisin Sədri seçilməsindən cəmi dörd gün sonra – 1991-ci il sentyabrın 7-də Naxçıvan Dövlət Müdafiə Komitəsi yaradıldı.

Muxtar respublikanın təhlükəsizliyinin təmin olunması həmin dövrün ən ciddi məsələlərindən biri idi. Sonrakı qərarlar nəticəsində keçmiş sovet ordusuna məxsus hərbi hissələrin Naxçıvandan çıxarılması, hərbi texnika və silah-sursatın isə muxtar respublikada saxlanılması istiqamətində addımlar atıldı.

Naxçıvan dövrü təkcə hərbi və siyasi qərarlarla məhdudlaşmadı. Məhz həmin illərdə milli dövlətçilik atributlarının bərpası, xarici əlaqələrin qurulması və blokada vəziyyətində olan muxtar respublikanın idarə edilməsi istiqamətində mühüm qərarlar qəbul edildi.
Heydər Əliyev 1991-ci ilin sentyabrından 1993-cü ilə qədər Naxçıvan parlamentinə rəhbərlik etdi. 1992-ci il noyabrın 21-də isə Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyasının sədri seçildi.

1993-cü ilin iyununda ölkədə dərinləşən siyasi böhran fonunda Bakıya dəvət olunan Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçildi. Sonradan bu tarix Milli Qurtuluş Günü kimi dövlət təqviminə daxil oldu.

Bu səbəbdən 3 sentyabr 1991-ci il də Azərbaycanın sonrakı siyasi tarixinin başlanğıc nöqtələrindən biri kimi dəyərləndirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin rəsmi tarixçəsində həmin dövr milli dövlət quruculuğu prosesinin mühüm mərhələsi kimi təqdim olunur.

Həmin gün Naxçıvan parlamentində qəbul edilən qərarın əhəmiyyəti yalnız muxtar respublikanın rəhbərliyində baş verən dəyişikliklə məhdudlaşmadı. Heydər Əliyevin Naxçıvanda siyasi rəhbərliyə qayıdışı sonrakı illərdə onun ümumrespublika səviyyəsində yenidən hakimiyyətə gəlməsinə aparan siyasi yolun əsas mərhələlərindən birinə çevrildi.

Bu mənada 3 sentyabr Azərbaycan siyasi tarixində Naxçıvandan başlanan və 1993-cü ildə Bakıda davam edən dövlətçilik yolunun mühüm tarixlərindən biri olaraq qalır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью