Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.
2025/26 mövsümü UEFA-nın avrokuboklar yarışlarında Azərbaycan klubları ümumilikdə 23,250 xal toplayıb. Bu göstərici avrokuboklarda çıxış edən 4 klubun sayına bölündükdə 5,812 reytinq xalı əldə olunur.
QOl.az haqqın.az saytına istinadən xəbər verir ki, 5,812 xal Azərbaycan klub futbolu tarixində ən yüksək nəticə deyil. Rekord 2023/24 mövsümündə 5,875 xal olub. “Qarabağ” qarşıdakı pley-off mərhələsinin (1/16 final) iki oyununda heç olmasa bir dəfə məğlubiyyətsiz çıxış edərsə, bu rekord yenilənəcək.
Qeyd edək ki, bu mövsüm toplanan 23,250 xaldan 18,750-si məhz “Qarabağ”ın payına düşür ki, bu da 80,6 faiz edir.
Ağdam klubu Çempionlar Liqasının seçmə mərhələsində 5 xal, əsas mərhələyə yüksəlməyə görə 6 bonus xalı, əsas mərhələdə 7 xal, 22-ci yerə görə isə əlavə 0,750 bonus xalı qazanıb.
Klub reytinqində “Qarabağ” 42,750 xalla 58-ci yerdə qərarlaşıb. Daha əvvəl bildirildiyi kimi, Qurban Qurbanovun komandası bu mövsüm klub reytinqi üçün topladığı xallara görə də rekord müəyyənləşdirib. Hazırda “Qarabağ”ın aktivində 13,750 xal var. Əvvəlki rekord 2023/24 mövsümündə 11 xal idi.
Xatırladaq ki, bu mövsüm Azərbaycan avrokuboklara 4 klub - “Qarabağ” (Çempionlar Liqası), “Sabah” (Avropa Liqası), “Zirə” və “Araz Naxçıvan”la (Konfrans Liqası) qatılıb.
Hazırda Azərbaycan 22,937 xalla 26-cı yeri tutur.