Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Moskva, 30 yanvar, AZƏRTAC
Azərbaycanın Rusiyadakı səfirliyində diplomatik nümayəndəliyin Moskvada fəaliyyət göstərən Beynəlxalq Qadınlar Klubu ilə birgə təşkil etdiyi “Azərbaycan: min rənglər ölkəsi” adlı mədəni tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Moskvada akkreditə olunmuş xarici dövlətlərin diplomatik nümayəndəlik rəhbərlərinin xanımları, beynəlxalq diplomatik ictimaiyyət və ictimai təşkilatların nümayəndələri iştirak ediblər.
Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev bildirib ki, tədbirin proqramına milli geyimlərin, musiqinin, rəqslərin və Azərbaycan mətbəxinə aid nümunələrin nümayişi daxildir.
“Bugünkü layihənin əsas hissəsini ölkənin müxtəlif regionlarını təmsil edən milli geyimlərin Azərbaycan musiqisinin müşayiəti ilə təqdimatı təşkil edəcək. Azərbaycan zəngin mədəni müxtəlifliyi ilə seçilir. Ölkədə dağlıq və düzənlik ərazilər, müxtəlif iqlim zonaları, etnik və mədəni xüsusiyyətlər mövcuddur və bunlar təkcə geyimdə deyil, həmçinin dildə, dialektlərdə, ənənələrdə və dini inanclarda da əks olunur. Məhz bu müxtəliflik Azərbaycan mədəniyyətini zəngin və çoxşaxəli edir. Milli geyimlər, musiqi və rəqslər hər bir xalqın kimliyinin mühüm hissəsidir. Onlar ölkənin mentalitetini, fərdiliyini və milli xarakterini daha dərindən anlamağa kömək edir”, – deyə R. Mustafayev bildirib və qonaqların parlaq təəssüratlar alacağına, proqramda fəal iştirak edəcəyinə ümidvar olduğunu vurğulayıb.
Azərbaycan səfirinin xanımı Nisə Mustafayeva da tədbir iştirakçılarını salamlayıb. O, mədəni dialoqun və humanitar əlaqələrin əhəmiyyətini vurğulayıb, belə görüşlərin xalqların yaxınlaşmasına və mədəniyyətlər arasında qarşılıqlı anlaşmaya töhfə verdiyini qeyd edib. Tədbirdə Moskvada fəaliyyət göstərən Beynəlxalq Qadınlar Klubunun nümayəndəsi, Ərəb Dövlətləri Liqasının Rusiyadakı səfirinin xanımı Aqata Vyenzak çıxış edib.
Türkiyənin Rusiyadakı səfirinin xanımı Betül Aksoy Bilgiç mədəni tədbirin təşkilinə görə ölkəmizin Moskvadakı diplomatik nümayəndəliyinə təşəkkür edib, bu cür təşəbbüslərin müntəzəm xarakter daşıdığını və Azərbaycan mədəniyyətinin tanıdılması baxımından əhəmiyyətini qeyd edib. O vurğulayıb ki, Ankara bu cür layihələri məmnuniyyətlə dəstəkləyir və qardaş ölkənin keçirdiyi mədəni tədbirlərdə fəal iştirak edir.
Polşanın Rusiyadakı səfirinin xanımı Aldona Krayevska bildirib ki, Azərbaycanın Moskvadakı diplomatik nümayəndəliyi onda xüsusi hisslər doğurur. Onun sözlərinə görə, həyat yoldaşı ilə birlikdə diplomatik xidmət dövründə beş il Azərbaycanda yaşayıblar və səfirliyə hər səfərini evə qayıdış kimi qəbul edir. Bu il yenidən Bakıya səfər etdiyini, orada köhnə dostları ilə görüşdüyünü bildirən Aldona Krayevska Azərbaycanın Rusiyadakı səfirinin və onun xanımının fəaliyyətini yüksək qiymətləndirib.
Proqram çərçivəsində Azərbaycanın müxtəlif regionlarına məxsus milli geyimlər, ənənəvi rəqslər və musiqi nümunələri, həmçinin kəlağayı da daxil olmaqla dekorativ-tətbiqi sənət nümunələri nümayiş etdirilib. Qonaqlara milli mətbəxə aid nümunələr, Azərbaycan şirniyyatları və çay təqdim olunub.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva