Azərbaycanın sədrliyi ilə UNEP in illik altkomitə iclası başlayıb

08.09.2026

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Sentyabrın 7-də Keniyanın Nayrobi şəhərində Azərbaycanın sədrliyi ilə BMT-nin Ətraf Mühit Proqramının (UNEP) Daimi Nümayəndələr Komitəsinin 13-cü illik altkomitə iclası öz işinə başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycanın BMT-nin Nayrobi şəhərindəki bölməsindəki daimi nümayəndəliyindən AZƏRTAC-a bildirilib.

Qeyd olunub ki, ildə bir dəfə keçirilən iclas BMT-nin Ətraf Mühit Assambleyasının (UNEA) sessiyalararası əsas yığıncağı hesab olunur.

150-dən çox üzv ölkənin və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələrinin iştirak etdiyi və 5 gün davam edəcək toplantıda UNEP-in ümumi fəaliyyət gündəliyi, 2026-2029-cu illər üzrə strateji planın icrası, ətraf mühitin qorunması və iqlim dəyişmələri üzrə çoxtərəfli fəaliyyətin nəticələri və gələcək planlar müzakirə olunur.

Azərbaycanın BMT-nin Nayrobi şəhərindəki daimi nümayəndəsi Sultan Hacıyev ötən ilin iyunundan UNEP-in Daimi Nümayəndələr Komitəsinin Bürosunun 2025-2027-ci illər üzrə sədridir.

Azərbaycan bu sədrlik çərçivəsində UNEA-nın hazırkı prezidenti, Yamaykanın su, ətraf mühit və iqlim dəyişmələri naziri Metyu Samuda ilə birgə müvafiq proseslərə töhfə verir.

İclasda Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) İqlim Həftəsi və COP29-un Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 çərçivəsində Azərbaycanın qlobal iqlim gündəliyindəki rolu vurğulanıb.

Həmçinin, may ayında Azərbaycanın ev sahibliyi etdiyi UNEP-in Ümumdünya Ətraf Mühit Günü və iyul ayında keçirilən UNFCCC-nin danışıqlar qruplarının sədrlərinin 3-cü Şamaxı Toplantısının töhfələri qeyd olunub.

Tədbirin ilk günü Azərbaycan və Yamayka tərəfindən 13-cü illik altkomitə iclasının iştirakçıları üçün birgə rəsmi qəbul təşkil edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью