Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 14 noyabr, AZƏRTAC
Xatırlayıram ki, əvvəllər Cənubi Qafqazla bağlı planları olan ölkələr Moskvaya səfər edir, qərarları da Kremldə verirdilər. Azərbaycan Prezidenti bu formatı kökündən dəyişdi. Artıq ölkəmizlə bağlı planı olan hər kəs əvvəlcədən razılaşdırılmış qaydada Bakıya səfər edir, nə istədiyini birbaşa Azərbaycan Prezidentinə deyir.
Bu barədə AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Araz Balayev deyub.
O bildirib ki, ötən il Avropa İttifaqının ali nümayəndəsi Kaya Kallasın və genişlənmə üzrə komissarı Marta Kosun, bu il isə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının enerji və mənzil məsələləri üzrə komissarı Dan Yorgensenin, eləcə də Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana səfərləri bu siyasi dəyişikliyin nəticəsidir. Bəzən isə liderlər Bakıya gəlmək əvəzinə Prezident İlham Əliyevin hansısa beynəlxalq tədbirdə iştirakını gözləyib orada danışıqlar aparmağa üstünlük verirlər. Bu baxımdan Avropa Siyasi Birliyinin Dublin sammiti bir çox dövlət və hökumət başçısı üçün böyük fürsət idi. Amma Azərbaycan Prezidenti ilə görüş üçün müraciət çox, vaxt isə məhdud idi. Ukrayna, Moldova, Rumıniya, Litva prezidentləri, eləcə də Bolqarıstan, Ermənistan, Yunanıstan və Çexiya Baş nazirləri ilə görüşlər planlanan qrafik üzrə baş tutdu. Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə görüş də öncədən razılaşdırılmışdı. Bəzi liderlər isə fürsət düşən kimi ayaqüstü İlham Əliyevə yaxınlaşır və qısa da olsa müzakirələr aparırdı.
"Apardığımız müşahidələr onu deməyə əsas verir ki, Azərbaycan Prezidenti ona uzanan əlləri geri çevirmir. Baxmayaraq ki, o əllərin bəziləri ölkəmiz əleyhinə səsvermələrdə havaya qalxıb, hətta sənədlər imzalayıb. İlham Əliyev hər kəsə bütün inciklikləri bir kənara qoyub, Cənubi Qafqazda yaratdığı əməkdaşlıq, ticarət və investisiya imkanlarından yararlanmaq fürsəti verir. Qoy vaxtilə Azərbaycan əleyhinə fəaliyyət göstərənlər özləri nəticə çıxarıb, harada səhv etdiklərini anlasınlar. Dublin sammitində diqqətimi bir məsələ də çəkdi. Azərbaycan Prezidentinin görüşdüyü liderlər arasında Ermənistan Baş naziri də var idi. Yəqin hər kəs xatırlayar, əvvəllər belə görüş baş tutanda günlərlə qəzetlərdə, saytlarda baş xəbər olardı. Televiziyalarda bu görüşlə bağlı silsilə verilişlər hazırlanardı. Fikir verdinizsə, artıq Nikol Paşinyanın adı Bolqarıstan, Yunanıstan və Çexiya Baş nazirləri ilə eyni sırada çəkildi və bitdi. Bu isə Cənubi Qafqazda müharibə və münaqişə dövrünün bitdiyini göstərən daha bir amildir.
Gələk Avropa Siyasi Birliyinin Dublin sammitini Azərbaycanın siyasi tarixinə salacaq əsas hadisəyə. Azərbaycanla Böyük Britaniya münasibətlərini məhz bu sammitdə strateji səviyyəyə yüksəltdi. Sənəd müdafiə, təhlükəsizlik, ticarət, investisiya, eləcə də təhsil sahələrini əhatə edən geniş əməkdaşlıq imkanlarını ortaya qoyur. Düşünürəm ki, indi növbə Avropa İttifaqındadır. Enerji sahəsində mövcud olan strateji tərəfdaşlığın digər sahələrə də şamil etməyin vaxtı çatıb. Elə ittifaq daxilində bir çox liderlər də belə düşünür və Azərbaycanla münasibətləri daha yüksək səviyyəyə qaldırmaqla bağlı təşəbbüslər edirlər”, - deyə siyasi şərhçi əlavə edib.