Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu il əldə edilmiş nəticələr gələn ilin büdcəsinin formalaşdırılması üçün əlverişli ilkin şərtlər təmin edib.
"AzPolitika" xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında - 2027-ci ilin büdcə zərfinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf strategiyası ölkə iqtisadiyyatının dayanıqlığını qorumağa imkan verib:
"Ötən 10 ayda dövlət büdcəsi 4,8 milyard manat profisitlə icra olunub. Oktyabr ayının sonuna, ölkəmizin strateji valyuta ehtiyatları 89 milyard dollara yaxın olub, bu isə xarici dövlət borcundan təqribən 20 dəfə çoxdur".
Spiker qeyd edib ki, iİlin mühüm yekunlarından biri "Böyük qayıdış"ın davam etməsidir:
"Yaşayış məskənləri və infrastruktur bərpa edildikcə doğma yurduna qayıdan ailələrin sayı da artır. Sosial sahədə də böyük diqqət yetirilir. İnsanların rifah halının daha da yaxşılaşdırılması, əhalinin gəlirlərinin artırılması üçün lazımi tədbirlər görülür. Gələn il üçün dövlət büdcəsinin gəlirləri 39 milyard 254 milyon manat məbləğində proqnozlaşdırılıb. Bu, cari ilin proqnozu ilə müqayisədə 645 milyon manat çoxdur. Dövlət büdcəsinin xərcləri isə 42,4 milyard manat olacaq, bu da cari illə müqayisədə təqribən 696 milyon manat çoxdur".
S.Qafarova əlavə edib ki, gələn il büdcə xərclərinin prioritetləri arasında iqtisadi artımın dəstəklənməsi və əhalinin sosial müdafiəsinin, xüsusən həssas təbəqələrin sosial təminatının daha da gücləndirilməsi əsas yer tutur:
"Ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, sərhədlərin toxunulmazlığının təmin edilməsi, ordunun maddi-texniki təchizatının modernləşdirilməsi, hərbçilərin xidmət şəraitinin və sosial təminatının yaxşılaşdırılması yenə də diqqət mərkəzində olacaq".