Azərbaycanın sülh sazişinin imzalanması üçün irəli sürdüyü tələblərdən biri hələ də öz həllini tapmayıb AÇIQLAMA

03.02.2026

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Milli Məclisin deputatı Qüdrət Həsənquliyev qeyd edib ki, bu ilin iyun ayına qədər Ermənistanla sülh müqaviləsi imzalaya bilərik.

Bəs, sülh müqaviləsinin iyun ayına qədər imzalanma ehtimalı nə qədər realdır?

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Rəşad Bayramov bildirdi ki, keçən ilin avqust ayında Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə tərəflər arasında sülh sazişi mətninin paraflanması baş tutub. Onun fikrincə, bu, əslində, sənədin məzmunca yekunlaşdığını göstərir:

"Lakin paraflanma, sənədin rəsmi hüquqi qüvvəyə minməsi üçün kifayət deyil. Belə ki, Azərbaycanın sülh sazişinin imzalanması üçün irəli sürdüyü tələblərdən biri hələ də öz həllini tapmayıb. Tələblərdən biri ATƏT Minsk qrupunun buraxılması ilə bağlı idi və bu tələb artıq yerinə yetirilib. Azərbaycan və Ermənistan liderlərinin birgə müraciəti əsasında Minsk qrupu ləğv olunub. Əsas həlledici maneə isə hələ də qalır. Bu, Ermənistan Konstitusiyasında Azərbaycana ərazi iddiaları ilə bağlı olan maneədir. Bu dəyişiklik olmadan sülh sazişinin rəsmi olaraq qüvvəyə minməsi prinsipcə mümkünsüz görünür. Ermənistan üçün bu tələbin icrası isə siyasi baxımdan həssasdır, çünki konstitusiya dəyişikliyi yalnız parlament qərarı ilə deyil, həm də cəmiyyətin dəstəyini tələb edir. Yəni, bunun üçün referendumun keçirilməsi lazımdır. Paşinyan hökumətinin seçkilər ərəfəsində bu addımı atması isə həm Ermənistanın mövcud qanunvericiliyi, həm də müxalifətin reaksiyası baxımından mümkün görünmür. Nəticədə, iyuna qədər, yəni Ermənistanda seçkilərə qədər sülh sazişinin imzalanması ehtimalı aşağıdır. Amma tamamilə yox da deyil. Belə ki, sülh sazişinin imzalanmasından sonra həmin sənədin qüvvəyə minməsi üçün müvafiq prossedurların həyata keçirilməsi lazımdır. Parlamentlərin sənədi ratifikasiya etməsi və s. Yəni başqa sözlə desək tərəflər arasında sülh sazişi imzalansa belə hələ hüquqi qüvvəyə minməyəcək".

Müsahibimizin sözlərinə görə, Ermənistan tərəfindən Azərbaycana qarşı ərazi iddiaları rəsmi şəkildə aradan qaldırılmadan sülh sazişinin imzalanması bizim maraqlarımıza cavab verib-verməməyi başqa məsələdir:

"Düşünürəm ki, cavab vermir. Ərazi iddiaları aradan qaldırılmadan sülh sazişinin imzalanması bir tərəfdən Ermənistan hakimiyyətində arxayınlıq yarada bilər, digər tərəfdən isə Konstitusiya dəyişkiliyinə ehtiyac olmaması ilə bağlı mövqelərinə beynəlxaq səviyyədə dəstək əldə etmiş olarlar. Bu baxımdan Konstitusiya dəyişikliyindən əvvəl sülh sazişinin imzalanması Azərbaycanın maraqlarına cavab vermir. Belə bir imza yalnız formal xarakter daşıyar, hüquqi öhdəlik yaratmaz və Azərbaycanın ərazi bütövlüyünü faktiki təsdiqləməz. Məqsəd həm məzmun, həm də hüquqi qüvvə baxımından yekun və təhlükəsiz sülh sazişi əldə etməkdir".

Nuriyyə NATİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью