Azərbaycanın sülh strategiyası...

31.01.2026

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Cənubi Qafqaz üçün gələcəyin yol xəritəsi

Azərbaycanın post-müharibə dövründə nümayiş etdirdiyi siyasi davranış modeli beynəlxalq münasibətlər sistemində nadir və diqqətəlayiq nümunələrdən biri kimi qiymətləndirilir. Tarixən müharibələrdən qalib çıxan dövlətlərin məğlub tərəfi siyasi və iqtisadi təzyiqlər altında saxlamağa çalışması tez-tez rast gəlinən praktika olub - Azərbaycan isə 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi qələbədən sonra tamamilə fərqli bir yol seçdi. Bakı regionun əbədi sabitliyi və inkişafı naminə sülh, əməkdaşlıq və inteqrasiya xəttini prioritet elan etdi.

Müharibədən dərhal sonra irəli sürülən sülh təşəbbüsləri, sülh konsepsiyası, kommunikasiyaların açılması, regional iqtisadi əməkdaşlıq ideyaları Azərbaycanın strateji baxışının göstəricisidir. Bu yanaşma Cənubi Qafqazın illərlə üzərində formalaşmış “konfrontasiya bölgəsi” imicinin dəyişdirilməsini hədəfləyir. Bakı açıq şəkildə bəyan edir ki, region əməkdaşlıq və qarşılıqlı fayda məkanına çevriləcək.

Məhz Azərbaycanın təşəbbüskarlığı və prinsipial mövqeyi nəticəsində bu gün Cənubi Qafqaz qlobal güc mərkəzlərinin diqqətindədir. Şərqlə Qərb arasında yeni uzlaşma coğrafiyası, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin kəsişmə nöqtəsi kimi regionun geosiyasi əhəmiyyəti sürətlə artır. Bu kontekstdə sülhün yalnız regional deyil, qlobal təhlükəsizlik üçün də vacib amil olduğu aydın görünür. Ötən ilin avqustunda Vaşinqtonda keçirilən üçtərəfli görüş isə Azərbaycanın memarı olduğu sülh gündəliyinin beynəlxalq platformada real siyasi məzmun qazandığını təsdiqləyən mühüm hadisə kimi tarixə düşdü.

İnkişaf və əməkdaşlıq modeli

Qeyd olunduğu kimi, Azərbaycanın apardığı siyasət revanşizmə deyil, regionun davamlı inkişafına hesablanıb. Post-müharibə dövründə Bakı yalnız bəyanatlarla kifayətlənməyərək, konkret addımlar atmaqla yeni yanaşmasını praktik müstəvidə nümayiş etdirdi. İlk növbədə sülh şəraitinin yaradılması istiqamətində görülən işlər diqqət çəkir. Azərbaycan hərbi qələbədən sonra bölgədə gərginliyi artıracaq addımlardan imtina edərək, diplomatik kanalları ön plana çıxardı.

Eyni zamanda, Ermənistan ərazisindən və ya Ermənistan üçün yük daşınmasına icazə verilməsi mühüm siyasi mesaj daşıyırdı. Bu addım göstərdi ki, Azərbaycan regionda iqtisadi blokadalarla deyil, qarşılıqlı asılılıq və fayda prinsipi ilə hərəkət etməyə hazırdır. Neft və enerji məhsullarının ixracı məsələsində də Bakının konstruktiv mövqeyi özünü göstərdi. Enerji təhlükəsizliyi məsələsində Azərbaycan yalnız öz maraqlarını deyil, regionun ümumi rifahını nəzərə alan aktor kimi çıxış etdi.

Bütün bu addımların ünvanı aydındır - Ermənistan yaranmış tarixi fürsətdən maksimum yararlanmalıdır. Bakı açıq mesaj verir: sülh qarşı tərəf üçün risk deyil, inkişaf şansıdır. Əgər İrəvan bu çağırışlara cavab verməzsə, regional layihələrdən kənarda qalmaqla siyasi və iqtisadi baxımdan uduzan tərəf olacaq.

Vaşinqton görüşü: sülh prosesinin yeni mərhələsi

Vaşinqton görüşü Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesində keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir. Bu görüş təkcə tərəflər arasında dialoqun davamı deyil, həm də sülh prosesinin institusional çərçivəyə salınmasının göstəricisidir. Sülh sazişinin paraflanması istiqamətində əldə olunan razılaşmalar tərəflərin prosesə formal deyil, real yanaşdığını nümayiş etdirir.

Xüsusilə artıq ləğvi reallaşmış ATƏT-in Minsk Qrupu ilə bağlı qarşılıqlı müraciət mühüm siyasi məna daşıyırdı. Bu addım onu göstərir ki, tərəflər köhnə, nəticəsiz mexanizmlərdən imtina edərək, yeni regional reallıqlara uyğun formatlar axtarır. Digər mühüm məsələ Zəngəzur dəhlizinin (TRIPP) açılması istiqamətində razılaşmaların gündəmə gəlməsidir. Bu dəhliz təkcə Azərbaycan üçün deyil, Ermənistan da daxil olmaqla bütün region üçün iqtisadi canlanma deməkdir.

Vaşinqton görüşü həm də Bakının formalaşdırdığı yeni təhlükəsizlik və əməkdaşlıq arxitekturasının beynəlxalq legitimlik qazandığını göstərdi. Qlobal aktorlar artıq Azərbaycanın təqdim etdiyi yol xəritəsini real və işlək model kimi qəbul edirlər. Bakı bununla Cənubi Qafqazın gələcəyini təsadüfi proseslərin ümidinə buraxmır, strateji baxışla planlaşdırır və bu planı beynəlxalq müstəvidə müdafiə edir.

Ermənistan üçün tarixi fürsət və məsuliyyət

Reallıq ondan ibarətdir ki, bu gün regionda sülh üçün ən əlverişli şərait mövcuddur. Qeyd edək ki, Ermənistanın siyasi rəhbərliyi müxtəlif platformalarda sülhlə bağlı pozitiv açıqlamalar verir. Məsələn, Erəmnistanın baş naziri Nikol Paşinyan ölkəsinin Silahlı Qüvvələr Günü münasibətilə xalqa müraciətində bildirmişdi ki, Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması Ermənistanın təhlükəsizliyi üçün ən etibarlı təminatdır. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan isə bu günlərdə AŞPA-da çıxışı zamanı Azərbaycanla sülhün mümkün və real olduğunu bəyan edib. Mirzoyan İrəvanın Cənubi Qafqazda sabitliyin təmin olunması üçün şüurlu seçim etdiyini, bu istiqamətdə ardıcıl addımlar atıldığını vurğulayıb. Mirzoyan bildirib ki, sülh müqaviləsinin yaxın aylarda imzalanması və ratifikasiya edilməsi mümkündür.

Konstitusiya maneəsi...

Sülhün əldə olunmasına mane olan əsas amil isə Ermənistanın konstitusiyasında mövcud olan ərazi iddialarıdır. Azərbaycanla uzunmüddətli və davamlı sülh yalnız hüquqi ziddiyyətlər aradan qaldırıldıqdan sonra mümkündür. Ermənistan Konstitusiyasında Azərbaycana qarşı dolayısı və ya birbaşa iddiaların qalması sülh sazişinin ruhuna ziddir.

Bu məsələ təkcə Bakının tələbi deyil, beynəlxalq hüququn fundamental prinsiplərindən irəli gəlir. Dövlətlərin ərazi bütövlüyünün tanınması və qarşılıqlı suverenliyə hörmət sülhün əsas şərtidir.

Ziddiyyətli ritorika - Marukyanın yalanları...

Ermənistanın siyasi rəhbərliyi sülhə dəstək nümayiş etdirdiyini bildirsə də, beynəlxalq platformalarda səslənən bəzi çıxışlar bu mövqeyə ciddi kölgə salır. Xüsusilə AŞPA-da Edmon Marukyanın çıxışı yeni situasiyaya uyğun olmayan, köhnə ritorikanı xatırladan yanaşma kimi qiymətləndirildi. Bu çıxışı ilə Marukyan avropalıları inandırmaq istəyib ki, Bakı guya sülhə əngəl olur. Halbuki Azərbaycan qanunvericiliyə dəyişiklik etməyi yox, hazırkı konstitusiya aktından ölkəmizə qarşı ərazi iddialarını çıxarmağı tələb edir. Yəni konstitusiyada Ermənistanın qanunları ilə bağlı hər hansı islahat qarşı tərəfin daxili işidir. Azərbaycanın haqlı tələbi budur ki, Qarabağın Ermənistana birləşdirilməsi ideyası konstitusiyadan və Müstəqillik aktının preambula hissəsindən çıxarılsın.

Bu tip çıxışlar Ermənistanın sülh prosesində səmimiyyətinə dair suallar yaradır. Bir tərəfdən sülhdən danışmaq, digər tərəfdən beynəlxalq tribunalarda qarşı tərəfi hədəf alan bəyanatlar vermək konstruktiv xətt deyil. Bu, həm də Ermənistanın öz mövqeyini zəiflədən amildir.

Nəticə etibarilə, Cənubi Qafqazın gələcəyi bu gün verilən qərarlardan asılıdır. Azərbaycan qalib dövlət olaraq sülh yolunu seçib və bu yolun memarı kimi çıxış edir. Bakı revanşizmə yox, əməkdaşlığa, təcridə yox, inteqrasiyaya üstünlük verir. Ermənistan isə bu çağırış qarşısında tarixi seçim etməlidir.

Pərviz SADAYOĞLU

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью