Icma.az bildirir, Marja.az saytına əsaslanaraq.
Azərbaycana gələn turistlərin əhəmiyyətli hissəsi Rusiya, Gürcüstan, Türkiyə və İranın payına düşür. Bu vəziyyət turizm bazarının regional və geosiyasi risklərə həssaslığını artırır.
Dövlət Proqramında bildirilir ki, Yaxın Şərq və Cənub-Şərqi Asiyadan gələn turistlərin sayının artması nəticəsində ənənəvi bazarların xüsusi çəkisi son 10 ildə təxminən 20% azalıb. Buna baxmayaraq, dörd qonşu və yaxın ölkənin ümumi turist axınındakı payı hələ də yüksəkdir.
Qonşu ölkələrdəki geosiyasi vəziyyət həmin bazarlardan Azərbaycana səfər edən turistlərin sayına mənfi təsir göstərə bilər. Buna görə alternativ hədəf bazarların müəyyənləşdirilməsi və turist axınının daha geniş coğrafiyadan təmin edilməsi planlaşdırılır.
Yeni strategiyada Yaxın Şərq, Cənub-Şərqi Asiya və digər perspektivli bazarlarda marketinq tədbirlərinin artırılması, birbaşa aviareyslərin açılması və viza rejiminin sadələşdirilməsi nəzərdə tutulur.
Turizm bazarlarının şaxələndirilməsi mövsümiliyin azalmasına və ölkəyə daxil olan xarici valyutanın daha dayanıqlı olmasına da xidmət etməlidir.