Azərbaycanın turizm potensialı Ankarada beynəlxalq sərgidə tanıdılır

19.11.2026

Azertag saytına istinadən Icma.az xəbər verir.

Antalya, 19 noyabr, AZƏRTAC

Ankarada keçirilən 9-cu “Travel Expo” Beynəlxalq turizm və səyahət sərgisində Azərbaycanı təmsil etməklə yanaşı, turagentliklər vasitəsilə ölkəmizə səyahətlərin təşkilinə də şərait yaradırıq.

Bu fikri AZƏRTAC-a açıqlamasında Azərbaycan Turizm Bürosunun Türkiyə təmsilçiliyinin direktoru Günel Məmmədova səsləndirib.

Sərgidə yaradılan vahid Azərbaycan stendinin Azərbaycan Turizm Bürosu, ölkəmizin Türkiyədəki səfirliyi və səfirliyimizin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin birgə səyləri ilə hazırlandığını bildirən G.Məmmədova qeyd edib ki, qardaş Türkiyədə Azərbaycan turizm istiqaməti kimi hələ də yetərincə tanıdılmayıb.

“Üçgünlük sərgi boyunca Ankara sakinlərinə və paytaxt qonaqlarına ölkəmizin turizm potensialı barədə ətraflı məlumat verəcəyik”, – deyən G.Məmmədova Azərbaycan stendində iki turagentliyin də təmsil olunduğunu diqqətə çatdırıb.

Azərbaycan Turizm Bürosunun xarici ölkələrdə 4 təmsilçiliyinin olduğunu və bunlardan birinin İstanbulda fəaliyyət göstərdiyini xatırladan direktor daha əvvəl ölkəmizin turizm imkanlarının təbliği məqsədilə İzmir, Antalya və İstanbulda da tədbirlərin keçirildiyini deyib.

Prioritet istiqamətlər arasında Azərbaycanın qış turizminin Türkiyədə tanıdılmasının xüsusi yer tutduğunu vurğulayan G.Məmmədova əlavə edib: “Şahdağ və Tufandağ Azərbaycanın ən məşhur dağ-xizək və ilboyu fəaliyyət göstərən turizm mərkəzləridir. Türkiyənin təhsil ocaqlarında qış tətili yaxınlaşır. Biz də qış turizm mərkəzlərimizin potensialını ortaya qoyaraq qardaş ölkə vətəndaşlarının marağını Azərbaycana cəlb etməkdə qərarlıyıq”.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Antalya

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью