Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Pekin, 3 noyabr, AZƏRTAC
Çinin paytaxtı Pekində Çin beynəlxalq işgüzar turizm sərgisi (China International MICE Exchange - CIMX 2026) işə başlayıb.
AZƏRTAC xəbər verir ki, dünyanın müxtəlif ölkələrinin qatıldığı sərgidə Azərbaycan Turizm Bürosu, ölkəmizin turizm sektorunu təmsil edən 3 şirkət və “Azərbaycan Hava Yolları” QSC (AZAL) birgə iştirak edərək Azərbaycanın turizm imkanlarını, beynəlxalq tədbirlərin təşkili üçün mövcud potensialını və Çin bazarı ilə əməkdaşlıq perspektivlərini təqdim edir.
CIMX 2026 işgüzar görüşlər, korporativ tədbirlər, konfranslar, sərgilər və təşviqedici səyahətləri əhatə edən MICE sənayesi üzrə ixtisaslaşmış beynəlxalq platformadır. Tədbir müxtəlif ölkələrdən turizm qurumlarını, peşəkar alıcıları, tədbir təşkilatçılarını, turizm şirkətlərini və aviasiya sektorunun nümayəndələrini bir araya gətirəcək.
Azərbaycan nümayəndə heyətinin sərgidə iştirakının əsas məqsədi ölkənin beynəlxalq MICE istiqaməti kimi tanıdılmasını gücləndirmək, Çin turizm bazarında yeni tərəfdaşlıqlar qurmaq və iki ölkənin turizm sənayesi nümayəndələri arasında işgüzar əlaqələrin inkişafına töhfə verməkdir. Sərgi çərçivəsində Azərbaycanın zəngin tarixi-mədəni irsi, müasir turizm infrastrukturu, yüksəksəviyyəli mehmanxanaları, konfrans və tədbir məkanları, eləcə də korporativ və təşviqedici səyahətlər üçün geniş imkanları beynəlxalq iştirakçıların diqqətinə çatdırılır.
Azərbaycan Turizm Bürosu və tərəfdaş şirkətlər Çin bazarının nümayəndələri ilə B2B formatında görüşlər keçirərək yeni turizm məhsullarının hazırlanması, korporativ qrupların cəlb edilməsi, beynəlxalq tədbirlərin təşkili və uzunmüddətli əməkdaşlıq imkanlarını müzakirə edir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin