“Azərbaycanın Ukraynaya yardımlarına kimsə irad tuta bilməz” “Bu, Azərbaycanın xarici siyasət modelidir”

22.01.2026

Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Beynəlxalq səviyyədə də qəbul olunur ki, Azərbaycan emosional deyil, rasional diplomatiya aparıb. Humanitar yardım göstərməklə Azərbaycan daim öz imicini və sülhsevər missiyasını qoruyub”.

“AzPolitika” bildirir ki, bu sözləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Azərbaycanın Ukraynaya davam edən humanitar yardımları ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Rusiya ilə münasibətlərdə, təbii ki, qarşılıqlı maraqlar çərçivəsində sabitlik qorunur. Bu balans bu gün də regionda və dünyada qəbul olunan bir məsələdir. Çox nadir hallarda belə addımlar atılır. Lakin bu, uğurlu Azərbaycanın xarici siyasət modelidir”, - komitə sədri əlavə edib.

Millət vəkili vurğulayıb ki, Azərbaycanın Ukraynaya göndərdiyi yük humanitar yardımdır: “Bu, ilk növbədə humanizm, beynəlxalq hüquq və mülki əhalinin müdafiəsi mövqeyini ortaya qoyur. Bu, hərbi yardım deyil, kiminsə hərbi tərəfini tutmaq deyil, sadəcə olaraq insani məsuliyyətin yerinə yetirilməsidir".

O bildirib ki, Azərbaycan Rusiya ilə münasibətlərdə qarşılıqlı hörmət, strateji dialoq və regional sabitlik xəttini də qoruyur: "Məlumdur ki, Azərbaycan bu siyasəti bir neçə istiqamətdə aparır: beynəlxalq hüquqa söykənən mövqeyi var, humanitar diplomatiya yürüdür, prinsipal neytrallıq nümayiş etdirir və, təbii ki, Rusiya ilə açıq və işlək dialoqu davam etdirir. Yəni burada Azərbaycan Moskva ilə enerji təhlükəsizliyi, regional nəqliyyat və iqtisadi sahələrdə əməkdaşlığını davam etdirməklə bərabər, humanitar mövqeyini balansdan çıxma kimi Rusiya qəbul edə bilməz. Bu, müstəqil siyasətimizin tərkib hissəsi kimi qəbul edilir və Ukrayna ilə bağlı mövqe də vaxtilə Azərbaycanın özünə münasibətdə tətbiq olunan prinsiplərlə eynidir.

Niyə? Çünki Azərbaycan bütün münaqişələrdə dövlətlərin ərazi bütövlüyü prinsipini daim əsas götürüb və bu gün də həmin prinsipdən çıxış edir. Biz heç bir bloklaşmaya qoşulmuruq, münaqişələrdə silah tədarükü kimi hərbi mövqedən çıxış etmirik. Tərəflərdən heç birinə qarşı açıq düşmənçilik aparmırıq".

Deputat həmçinin Ukraynaya edilən yardımların siyasi deyil, humanitar xarakter daşıdığını qeyd edib: "Bu, Azərbaycanın özünün də otuz illik işğal və humanitar fəlakət təcrübəsindən qaynaqlanan mövqedir. Odur ki, kimsə buna irad tuta bilməz. Biz ərazi bütövlüyümüzü, suverenliyimizi, vətəndaşlarımızın rifahını və xarici siyasətdə sülh məramlı missiyamızı, humanitar məsələləri daim yerinə yetirən bir dövlətik".

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью