Newscenter.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Çevik” ləqəbi ilə tanınan şəxsin qazi-bloger kimi ortaya atılması da xüsusi bir projedir, onun inanclı insanlarımızın hisslərinə, dəyərlərinə qəsdən toxunması və eləcə də bugünlərdə döyülməsi də həmin xüsusi projenin tərkib hissəsidir. Bu proje çox güman ki, xaricdən idarə olunur və onların əsas məqsədi hazırkı həssas və kritik postmüharibə dövründə, keçid mərhələsində milli birliyimizi zədələmək, xalqımızın vəhdətini və həmrəyliyini sarsıtmaq, dövlətimizin başını qataraq bizi ümummilli hədəflərdən yayındırmaqdır.
Azərbaycanın və azərbaycanlıların din problemi yoxdur. Amma biriləri "Çevik" kimilərini qəsdən ortaya atıb dini zəmində süni gərginlik yaradır, necə deyərlər, qaşınmayan yerdən qan çıxarmağa çalışırlar. Çünki bu kirli oyunun, bu məkrli "ssenari"nin arxasında dayananlar çox yaxşı bilirlər ki, hər hansı bir cəmiyyətdə ideoloji parçalanma yaratmağın ən rahat yollarından biri məhz dini və milli zəmində qarşıdurmanın yaradılmasıdır.
Görünən budur ki, Azərbaycan xalqının 44 günlük İkinci Qarabağ müharibəsində vətənpərvəri ilə, millətçisi ilə, dindarı ilə, ateisti ilə dəmir yumruq kimi birləşərək öz dövlətinə, dövlət başçısına, ordusuna dəstək verməsini bədxahlarımız hələ də həzm edə bilmirlər. Bu, onları özündən çıxarır, qəzəbləndirir. Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi onların bütün planlarını alt-üst edib.
Ona görə də “parçala və hökm sür” mexanizmini işə salıblar. Dindarlarımızı və ateistlərimizi qəsdən üz-üzə qoyaraq birliyimizi parçalamağa çalışırlar. "Çevik" kimilər və onu döyənlər isə bu xain "ssenari"ni quranların əlində sadəcə alətə, "peşka"ya çevrilirlər. Amma anti-Azərbaycan qüvvələrin dövlətçiliyimizə, milli birliyimizə qarşı məkrli planları həmişə iflasa uğrayıb. Bu oyunları da boşa çıxacaq. Millətimiz və dövlətimiz isə bu sınaqdan da qalib çıxacaq!.
Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri