Azərbaycanın xaricdə kitab mağazası açılacaq? AÇIQLAMA

21.10.2026

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

"Xaricdə fiziki kitab mağazası açmaq və onun fəaliyyətini davam etdirməsini təmin etmək çətindir".

Bu fikirləri "Ali və Nino" nəşriyyat şəbəkəsinin rəhbəri Şahbaz Xuduoğlu XIX Bakı Beynəlxalq Kitab Sərgisində Bakıvaxtı.az-a açıqlamasında bildirib.

Naşir xarici ölkələrdə xüsusi satış mərkəzləri açmaq planlarının olmadığını qeyd edib:

"Bunun bizim fəaliyyətimizə nə isə verə biləcəyini düşünmürəm. Onsuz da xaricdə fəaliyyət göstərən agentliklərlə əməkdaşlıq edirik. Kitabları xaricdən alıb Azərbaycanda tərcümə və nəşr edirik".

Azərbaycan kitablarının xaricdə satış imkanlarına toxunan Ş.Xuduoğlu vurğulayıb ki, Rusiyada, Almaniyada, hətta Türkiyədə belə yerli kitabların satışını təşkil etmək çətindir: 

"Gələcəkdə bu istiqamətdə müəyyən imkanlar yarana bilər, çünki xarici ölkələrə köçən azərbaycanlıların sayı artır. Həmin ölkələrdə kiçik satış nöqtələri yaratmaq mümkün olsa da, bunun fiziki mağazadan ziyada daha çox onlayn satış formasında həyata keçirilə biləcəyini düşünürəm".

Müasir dövrdə rəqəmsal daşıyıcıların artmasına münasibət bildirən nəşriyyat rəhbəri kağız kitabların sıradan çıxmayacağını bildirib: 

"İnanmıram ki, kağız kitablar yaxın gələcəkdə həyatımızdan tamamilə çıxsın. Onlar öz mövcudluğunu qoruyub saxlayacaq. Bununla yanaşı, elektron kitablar da yayılır və inkişaf edir, bu, tamamilə normal prosesdir".

Gənclərin mütaliə vərdişləri və "vaxt çatışmazlığı" bəhanəsinə də toxunan naşir gənclərə tövsiyələrini verib:

"Mən deyirəm ki, kitab oxumağa ayrıca vaxt ayırmağa çalışmayın, boş vaxtınızda mütaliə edin. Yolda, televizora baxarkən və ya dostlarınızla kafelərdə, çayxanalarda keçirdiyiniz vaxtın müəyyən hissəsini kitaba ayıra bilərsiniz, bu kifayət edər. Bundan əlavə, səhərlər daha erkən oyanmağa çalışmaq lazımdır. Kitab oxumaq insanın özünə etdiyi investisiyadır. Özünüzü inkişaf etdirmək, biliklərinizi artırmaq üçün vaxtınızın bir hissəsini kitaba sərf etməlisiniz".

Zeynəb Rzayeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью