Azərbaycanın xərçəng dərdi: “10 xəstədən 8 i həkimə gec gedir”

23.01.2026

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Özəl tibb müəssisələrində onkoloji yardımın göstərilməsi ilə bağlı könüllü sığorta sistemləri işə düşəcək”. 

Bunu Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev parlamentin Səhiyyə komitəsinin iclasında çıxışı zamanı deyib. A.Vəliyev xatırladıb ki, bu imkan yalnız onkoloji yardım üzrə lisenziyaya malik özəl tibb müəssisələrinə veriləcək: 

"Bu addım əhalinin sağlamlığının qorunması üçün mühüm hadisədir. Ödənişsiz, dövlət hesabına onkoloji yardım yenə də ancaq ixtisaslaşmış dövlət tibb müəsissələrində həyata keçiriləcək. 

Özəl müəssisələr bunu ödənişsiz etməyəcəklər. Amma özəl tibb müəssisələri istəsə, onkoloji yardımı ödənişsiz də edə bilər. Bu məsələdə könüllü sığorta sistemləri də işə düşəcək". 

Qanuna edilən bu dəyişikliklər pasiyentlərin müalicə xərclərinə necə təsir edəcək? 

“Cebheinfo.az”- a açıqlamasında tibb üzrə fəlsəfə doktoru, həkim-onkoloq Fərid Museyibov bildirib ki, son illər onkoloji xəstəliklərin sayı həm dünyada, həm də Azərbaycanda sürətlə artır: 

“Bu artımın əsas səbəbləri sırasında qeyri-sağlam qidalanma, alkoqol və tütün məmulatlarından istifadə, emal olunmuş məhsulların çoxluğu, stress və travmalar xüsusi yer tutur. Son illər gənclər arasında onkoloji xəstəliklərin artması “fast-food” qidalarından və qazlı energetik içkilərdən geniş istifadə ilə də əlaqədardır. 

Həmçinin, əhali sayının artması da statistik göstəricilərin yüksəlməsinə təsir göstərir. Bu qanunun olması çox müsbət addımdır. Digər ölkələrdə bu praktika çoxdan tətbiq olunur. Həm dövlət, həm də özəl klinikalarda onkoloji xəstəliklərin həm müayinəsi, həm də müalicəsi aparılır. Bizim ölkədə də bu sistemin tətbiq edilməsi sevindirici haldır. 

Bu, həm həkimlərimiz, həm də pasiyentlərimiz üçün rahatlıq yaradır”. Onun sözlərinə görə, onkoloji xəstəliklərdə ən önəmli mərhələ ilkin mərhələdə diaqnozun qoyulmasıdır: 

“Xəstəliyin erkən mərhələdə aşkarlanması müalicənin daha effektiv olmasına şərait yaradır. Xəstəlik nə qədər erkən aşkarlanarsa, müalicə bir o qədər yaxşı nəticə verər. Bu, həm pasiyentlərin tam sağalmasına səbəb ola bilər, həm də həkimlər və maddi baxımdan pasiyentlər üçün daha əlverişli olar. 

İlkin mərhələdə aşkarlananda, bəzi hallarda kimyaterapiya və ya şüa terapiyasına ehtiyac olmur, əsasən cərrahi müdaxilə kifayət edir. Amma təəssüflə qeyd etmək lazımdır ki, pasiyentlərin əksəriyyəti xəstəliyin 3-cü və 4-cü mərhələsində müraciət edir.

Təxminən 10 xəstədən 8-i gec mərhələdə bizə müraciət edir. Bu zaman müalicə prosesi həm uzun çəkir, həm də digər tibbi və sosial məsələlər daha da çətinləşir”. 

Onkoloq qeyd edib ki, bu təşəbbüsün olması çox yaxşı addımdır: 

“Son zamanlar Azərbaycan tibbi yüksək səviyyədə inkişaf edir. Xaricdə təhsil almış həkimlərimizin ölkəmizə geri dönməsi və tibb müəssisələrində yüksək səviyyədə avadanlıqlarla təmin olunması bu inkişafın göstəricisidir. Bu qanunun qəbul olunması pasiyentlər üçün çox faydalı olar. 

Xəstəliklər daha erkən mərhələdə aşkarlanacaq, müalicə prosesi daha rahat və effektiv gedəcək. Bu, həm həkimlərimiz, həm də pasiyentlərimiz üçün əlçatanlıq yaradacaq. Onkoloji xəstəliklər təkcə əməliyyatla bitmir. Pasiyentlərə kimyaterapiya və ya şüa terapiyası tətbiq olunur. 

Bəzi hallarda xəstələr əlillik dərəcəsi alır və başqa insanların daimi qayğısına ehtiyac yaranır. Bu cür hallarda sığorta mexanizmlərinin tətbiqi pasiyentlər üçün ciddi rahatlıq yarada bilər. Bildiyimiz kimi, hazırda onkoloji xəstəliklər tam şəkildə icbari tibbi sığorta paketinə daxil edilməyib. Yalnız KT, MRT və endoskopik müayinələr sığorta zərfinə daxildir. 

Kimyaterapiya, şüa terapiyası və bəzi əməliyyatlar isə bu zərfə daxil edilməyib. Bu qanunun qəbul edilməsi həm həkimlərimiz, həm də pasiyentlərimiz üçün daha əlverişli olacaq və onkoloji xidmətlərin daha geniş və əlçatan şəkildə göstərilməsinə imkan yaradacaq”. 

Gülər Həsənli 
“Cebheinfo.az”

Açar sözlər: xərçəng Fərid Museyibov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью