525.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Bu gün Azərbaycan tarixinin ən şanlı, ən qürurlu səhifələrindən biri olan 44 günlük Vətən müharibəsinin 41-ci günüdür. Cəmi 3 gün sonra isə müharibə ölkəmizin böyük zəfəri ilə başa çatacaqdı və ağır məğlubiyyətə uğrayan Ermənistan kapitulyasiya aktı imzalayacaqdı. Vətən müharibəsinin hər günü qəhrəman ordumuz tarix yazdı, 30 ilə yaxın düşmən işğalı altında qalan, yerlə-yeksan edilən kəndlərimizi, qəsəbələrimizi, şəhərlərimizi, rayonlarımızı bir-bir düşmən tapdağından azad etdi. Hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etdi. Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələndi, Ermənistanı Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur etdi.
Azərbaycan Prezidentinin sərəncamı ilə 8 Noyabr Şuşanın azad edildiyi gün ölkəmizdə - Zəfər Günü kimi qeyd edilir. Bir neçə gündən sonra Zəfərin 6-cı ildönümü tamam olacaq. Artıq həm ölkə daxilində, həm onun hüdudlarından kənarda bayram tədbirləri keçirilir.
Azərbaycan müharibədəki qələbəsi, eyni zamanda, 2023-cü ilin sentyabrnda bir günlük antiterror əməliyyatları ilə öz ərazisində separatizmin kökünü tamamilə kəsərək ərazi bütövlüyünü və suverenliyini tam təmin etdi. Amma Vətən müharibəsi, həmçinin antiterror əməliyyatları ilə ölkəmiz həm də münaqişələrin həllində, beynəlxalq hüququn tətbiqində yeni president yaratmış oldu. BMT Təhlükəsizlik Şurasının Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə bağlı qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrini məhz ölkəmiz özü döyüş meydanında icra etdi. Azərbaycan bu məsələdə beynəlxalq güclər tərəfindən ən çox ədalətsizliyə məruz qalan dövlətdir. 30 illik işğal müddətində nə artıq keçmiş olan ATƏT-in Minsk qrupu, nə də digər aidiyyəti təşkilatlar Ermənistanın işğal siyasəti ilə bağlı prinsipial mövqe sərgilədi. İşğala məruz qalan tərəflə işğalçı tərəf arasında heç bir fərq qoymadılar. Qəbul edimiş sənədlər isə elə kağız üzərində qalırdı. Məqsəd münaqişəni dondurulmuş vəziyyətə gətirməklə o zamankı status-kvonu saxlamaq idi. Amma Azərbaycan buna heç bir halda yol vermədi.
Prezident İlham Əliyev bu günlərdə Bakıda keçirilən "Ortaq gələcək naminə dialoq" mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı bu mövzuya bir daha toxunaraq bildirdi ki, ölkəmiz 30 il Ermənistanın işğalı altında olmuş torpaqlarımızı azad etməklə həm də ədaləti bərpa etmiş oldu: "Biz öz ləyaqətimizi və beynəlxalq hüququ bərpa etdik. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi, Ermənistan qoşunlarının ərazilərimizdən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edən, lakin 30 il kağız üzərində qalan qətnamələrini təkbaşına icra etdik.
2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi və 2023-cü ildə keçirilmiş antiterror əməliyyatı işğala son qoydu. Biz beynəlxalq hüququn normalarına uyğun olaraq ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etdik. Bundan sonra Ermənistana sülh təklif etdik. Bu da misli görünməmiş bir haldır. Müharibələrin tarixinə nəzər salsaq, yəqin ki, son qanlı toqquşmadan iki il belə keçməmiş ölkələrin sülhə nail olması nümunəsinə rast gəlmərik.
Ötən ilin yayında paraflanmış sülh sazişinin layihəsini də biz hazırlamışdıq. Ermənistanla sülh sazişinin təşəbbüskarı biz olmuşuq. Çünki biz sonsuz müharibələr istəmirdik və qisas almaq niyyətində deyildik. Hərçənd hesab edirəm ki, emosiyalar da nəzərə alınmalıdır. Mən həmişə deyirəm ki, biz qisasımızı döyüş meydanında aldıq və bundan irəli getməməliyik. Əks təqdirdə bu, sonsuz müharibəyə çevrilər.
Bu gün demək olar ki, hər il yeni müharibələrin başladığını gördükdə anlayırıq ki, müharibəyə son qoymaq çox çətindir. Müharibəyə başlamaq çox asandır, onu bitirmək isə çox çətindir. Qələbə qazanmaq da çox çətindir. Ona görə də hesab edirəm ki, Azərbaycanın təcrübəsi, - ədalətli müharibədə Qələbə qazanmağımız, məğlub tərəfin kapitulyasiya etməsi, bundan sonra isə irəli getməyərək dayanmaq, - lazım olan məqamda dayanmağımız və sülh təklif etməyimiz mühüm əhəmiyyət daşıyır".
Dövlət başçısı Azərbaycanın bu təcrübəsinin öyrənilməsinin vacibliyini də qeyd edib: "Hesab edirəm ki, hazırda müharibə aparan və yəqin ki, ona necə son qoyacaqlarını bilməyən tərəflər bu təcrübəni öyrənməlidirlər. Fikrimcə, yaratdığımız presedentlərdən hansılarının bəzi münaqişələrin həllində istifadə oluna biləcəyini müəyyənləşdirmək baxımından təcrübəmiz çox dəyərli olacaqdır.
Bəli, doğrudur, bütün münaqişələr bir-birindən fərqlənir. Lakin onların hamısının kökündə eyni amillər dayanır. Bunlar ambisiyalar, təcavüz və üstünlük hissidir. Bu, həm də hücum etdiyin insanlara qarşı törətdiyin əməllərə görə cəzalandırılmayacağına əminlik hissidir. Təəssüf ki, bəzən bu vəziyyət sonsuza qədər davam edir. Bizim vəziyyətimizdə bu, 30 il sürdü, lakin biz buna son qoyduq. Qeyd etdiyim kimi, hər şeyi beynəlxalq hüquqa uyğun şəkildə etdik".
Dünyada tanınmış hərbi ekspertlər, siyasətçilər də Azərbaycanın müharibə təcrübəsinin unikallığına diqqət çəkir, bu təcrübənin öyrənilməsini vacib sayırlar. Azərbaycanın təcrübəsi həm də hərbi əməliyyatların aparılması zamanı mülki əhalinin qorunmasına verilən önəmlə diqqət çəkir. Ölkəmiz hərbi əməliyyatlar zamanı Ermənistandan fərqli olaraq, mülki şəxsləri və mülki infrastrukturu hədəf seçməmək prinsipini rəhbər tutduğunu nümayiş etdirdi. 2023-cü ilin antiterror əməliyyatı zamanı hətta mülki əhali əvvəlcədən xəbərdar edilib və təhlükəsizliyinin təmin olunması üçün müvafiq çağırışlar edilib.
Yuxarıda qeyd etdiyimiz kimi, ölkəmizin ardıcıl qələbələri, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynadı.
Prezident İlham Əliyev döyüş əməliyyatlarının gedişində Şuşanın işğalda qalmasını qəbuledilməz hal kimi dəyərləndirirdi: "Hər bir kəndin dəyəri, qiyməti o biri kəndlə müqayisədə, o biri şəhərlə müqayisədə eynidir, bərabərdir. Ancaq siz də yaxşı bilirsiniz ki, Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edibdir. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar".
2020-ci il noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan Prezidenti, Ermənistanın Baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladılar. Bəyanata əsasən, noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan, şəhid verilmədən azad edildi.
Müharibədən ötən 6 il ərzində Azərbaycan sülhə nail olunması üçün mühüm səylər göstərdi. Bu gün əldə olunan bütün nəticələr məhz Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfərin yaratdığı yeni reallıqların və bu reallıqların möhkəmləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl siyasətin, ölkəmizin prinsipial mövqeyinin və ardıcıl diplomatik səylərinin məntiqi nəticəsidir.
Bu mənada 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən sammit bir dönüş nöqtəsi oldu. Tərəflər Prezident Donald Trampın şahidliyi ilə Cənubi Qafqazda davamlı sülh və sabitliyin təmin olunması məqsədilə Birgə Bəyannamə imzalayıblar, sülh sazişinin mətni paraflanıb, TRIPP layihəsi üzrə razılaşma əldə ediblər ki, bu da regional kommunikasiyaların açılması baxımından mühüm əhəmiyyət daşıyır. Hazırda qeyd edilən istiqamətlərdə proseslər davam edir, normallaşma istiqamətində praktiki addımlar atılır. Vaşinqton sammitindən keçən müddət ərzində hər hansı hərbi gərginlik qeydə alınmayıb, sabitlik qorunub saxlanılıb. Həmçinin ticari-iqtisadi əlaqələrə başlanıb, TRİPP-in reallaşması istiqamətində addımlar atılır, delimitasiya və etimad quruculuğu tədbirləri həyata keçirilir. Azərbaycan Ermənistana tranzit məhdudiyyətlərini aradan qaldırıb, yük və neft məhsullarının tranziti və tədarükü baş tutur. Bakının əsas şərtlərindən biri olan ATƏT-in Minsk qrupu və onunla əlaqəli strukturlar ləğv edilib. Bununla belə, sülh sazişi hələ rəsmən imzalanmayıb. Bunun başlıca səbəbi isə Ermənistanın Konstitusiyası ilə bağlıdır. Rəsmi İrəvan öz qanunverciliyindən Azərbaycana ərazi iddiaları nəzərdə tutan bəndləri aradan qaldırmalıdır.
Hazırda Azərbaycan azad edilmiş ərazilərində geniş quruculuq işlərini davam etdirir. Son məlumatlara görə, işğaldan azad edilmiş ərazilərin bərpasına 2020-2026-cı illərdə büdcədən 26 milyard manata yaxın vəsait yönəldilib. 2026-cı ildə bu məqsədə 3,5 milyard manat vəsait nəzərdə tutulub. Görülən işlər nəticəsində Qarabağ və Şərqi Zəngəzurda məskunlaşma prosesi də sürətlənib. Hazırda azad edilmiş ərazilərdə 100 minə yaxın vətəndaşımız yaşayır, təhsil alır və işləyir. Noyabrın 1-nə olan məlumata görə, 41 min 213 keçmiş məcburi köçkün doğma yurdlarına qayıdıb. Ən çox məskunlaşma Ağdam rayonunda qeydə alınıb. Burada 8 min 300, Cəbrayılda isə 7 min 112 nəfər yaşayır.
Azad edilmiş ərazilərdə qarşıda duran əsas problem minalardan təmizlənmədir. Çünki minaların olması həm bərpa-quruculuq işlərini, həm məskunlaşmanı gecikdir, həmçinin təhlükəsizlik riskləri yaradır. Dövlət tərəfindən ilk günlərdən başlayaraq minalardan təmizlənməsi həyata keçirilir.
2020-ci il Vətən müharibəsindən ötən altı ildə həm Ermənistanla uzunmüddətli sülhün əldə olunması istiqamətində mürəkkəb diplomatik proses davam edib, həm də azad edilmiş ərazilərdə misli görünməmiş quruculuq işləri həyata keçirilib. Görünən odur ki, Azərbaycanın təcrübəsi, dünya üçün, xüsusilə münaqişələrdən əziyyət çəkən ölkələr üçün bir nümunədir. Eyni zamanda, Zəfər modeli ölkəmizin beynəlxalq nüfuzunu və geosiyasi mövqeyini gücləndirərək onu dünyada orta güc dövləti kimi tanıdıb.
PƏRVANƏ