Azərbaycanın Zəfər və Bayraq bayramları Gürcüstanda da qeyd edilib

11.11.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Gürcüstanın Batumi şəhərində Azərbaycanın Baş Konsulluğu tərəfindən 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə rəsmi tədbir keçirilib. Tədbirdə Türkiyə və İran İslam Respublikasının Batumi şəhərindəki baş konsulları, diplomatik korpusun nümayəndələri, Batumidə fəaliyyət göstərən “Mirzə Fətəli Axundzadə adına gürcü və azərbaycanlıların Acarıstan Muxtar Respublikasındakı Xeyriyyə Cəmiyyəti”nin sədri Rövşən Namazov, SOCAR-ın Batumi nümayəndəliyinin rəhbəri Səfər Əlizadə, SOCAR-ın Kulevi Qara Dəniz Neft Terminalının rəhbəri İsmayıl Kərimov və terminalın kollektivi, regionda yaşayan azərbaycanlılar, tələbələr, diaspor və icma üzvləri, eləcə də çoxsaylı qonaqlar iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətənimizin azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Həmçinin mövzu ilə bağlı videoçarx nümayiş etdirilib.

Sonra Baş Konsulluğun rəhbəri Fuad Əzizov çıxış edərək qeyd olunan əlamətdar günlər münasibətilə soydaşlarımızı təbrik edib, bu bayramların tarixi əhəmiyyətindən, Azərbaycanın güclənən dövlətçilik ənənələrindən və soydaşlarımız arasında həmrəyliyin vacibliyindən danışıb.

Diplomat çıxışda Azərbaycan-Gürcüstan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin əhəmiyyətinə toxunub, iki xalq arasında tarixi, mədəni və humanitar əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Tədbirdə Batumidə fəaliyyət göstərən M.F.Axundov adına Xeyriyyə Cəmiyyətinin nəzdindəki Azərbaycan dili məktəbinin şagirdləri fəal çıxış ediblər. Cəmiyyətin rəhbəri Rövşən Namazov şagirdlərə 8 Noyabr – Zəfər Gününün tarixi əhəmiyyəti haqqında geniş məlumat verib. O, müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı Qarabağ zəfərindən, dövlət başçısının qətiyyətli siyasətindən və Azərbaycan ordusunun qəhrəmanlığından bəhs edərək bu tarixi qələbənin xalqımız üçün müstəsna dəyərini vurğulayıb. Rövşən Namazov şagirdlərə 9 Noyabr – Dövlət Bayrağı Gününün tarixi əhəmiyyəti haqqında geniş məlumat verib. Sonda məktəblilərin ifasında vətənpərvərlik ruhlu şeirlər səslənib, eləcə də mahnı və rəqs nömrələri təqdim olunub. 

***

Gürcüstanın Qabal kəndində də Zəfər Günü və Dövlət Bayrağı Günü təntənə ilə qeyd olunub. Laqodexi bələdiyyəsinin azərbaycanlılar yaşayan ən böyük kəndi olan Qabalda fəaliyyət göstərən İnkişaf Mərkəzində baş tutan tədbirdə regionda yaşayan azərbaycanlılar, mərkəzin rəhbərliyi, müəllim və tələbə kollektivi, Gürcüstanda təhsil alan həmvətənlərimiz, həmçinin yerli icmanın nümayəndələri iştirak ediblər.

Mərasim Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Zəfər Gününün və Dövlət Bayrağı Gününün tarixinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Qabal İnkişaf Mərkəzinin rəhbəri Yavər Məmmədov iştirakçıları əlamətdar bayramlar münasibətilə təbrik edib, bu bayramların tarixi əhəmiyyətindən, Azərbaycanın güclənən dövlətçilik ənənələrindən və xaricdə yaşayan soydaşlarımız arasında milli həmrəyliyin qorunub saxlanılmasının vacibliyindən danışıb. O, bu tarixi zəfərin Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi, uzaqgörən siyasəti və rəşadətli Azərbaycan Ordusunun şücaəti sayəsində qazanıldığını xüsusi vurğulayıb. 

Çixiş edənlər Prezident İlham Əliyevin başçılığı ilə qazanılmış şanlı Zəfərdən sonra Azərbaycanın böyük sosial-iqtisadi inkişaf dövrü yaşadığını qeyd ediblər. 

P.ƏMİRCANOV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью