Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Hər iki ölkə (Azərbaycan və Ermənistan) artıq sülh və əmin-amanlıq şəraitində yaşamağın nəticələrini əyani şəkildə daha çox nümayiş etdirməlidir ki, biz öz cəmiyyətlərimizin də qarşılıqlı olaraq bu prosesə tam bir töhfəsini görək”.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Davosda “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel iclasında çıxışı zamanı söyləyib.
Bununla bağlı çox nikbin olduğunu vurğulayan dövlətimizin başçısı deyib ki, əldə edilən nailiyyət, sözün əsl mənasında, həm Azərbaycan, həm Ermənistan, həm də Cənubi Qafqaz üçün böyük bir töhfədir. Prezident əlavə edib ki, Azərbaycan və Ermənistan münaqişə tarixini bağlayıb və yeni əməkdaşlıq dövrü başlayır. Bu, Cənubi Qafqazda uzunmüddətli sabitlik üçün mühüm çərçivə yaradır.
Bəs bu bəyanatın reallığa çevrilməsi üçün tərəflər hansı konkret addımları atır və beynəlxalq tərəfdaşların rolu nə olacaq?
Mövzu ilə bağlı politoloq İlyas Hüseynov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, prezident İlham Əliyev Davosda çox mühüm görüşlər keçirib:
“Həm dövlət və hökumət başçıları, həm də transmilli korporasiyaların, böyük şirkət və holdinqlərin rəhbərləri ilə keçirilən görüşlərdə əhəmiyyətli danışıqlar aparılıb. Eyni zamanda prezident mühüm bəyanatlarla çıxış edir, nüfuzlu beynəlxalq telekanallara müsahibələr verir. Dövlət başçısı Cənubi Qafqazda sülh prosesi, Ermənistanla münasibətlərin nizamlanması və təhlükəsizlik sistemlərinin qurulması ilə bağlı da vacib açıqlamalar səsləndirir”.
Müsahibimizə görə, artıq məlumdur ki, Azərbaycan və Ermənistan arasında münaqişə tarixi bağlanıb, tamamilə yeni münasibətlər sistemi formalaşır və bu çərçivədə əməkdaşlıq istiqamətində mühüm addımlar atılır:
“Belə ki, taxıl tədarükündən sonra neft məhsullarının Ermənistana çatdırılması həyata keçirilib. Bu addımlar etimad mühitinin möhkəmləndirilməsi, dayanıqlı inkişaf və tərəfdaşlıq münasibətlərinin qurulması baxımından mühüm əhəmiyyət daşıyır. Qarşıdakı dövrdə sülh istiqamətində daha geniş planların, eləcə də daha böyük iqtisadi əməkdaşlıq imkanlarının müzakirə olunacağı gözlənilir. Məqsəd Cənubi Qafqazda sülhün etibarlı və uzunmüddətli olmasını təmin etməkdir və tərəflər bu istiqamətdə üzərlərinə düşən məsuliyyəti yerinə yetirməyə hazırdırlar. Bu proses çərçivəsində atılan addımlar olduqca önəmlidir”.

İlyas Hüseynov: Azərbaycan sülhün yalnız iştirakçısı deyil, həm də fəal tərəfdaşı və qurucusudur
Politoloqun sözlərinə görə, “Zayed İnsan Qardaşlığı” mükafatının Cənubi Qafqazda sülh prosesinə töhfə kimi təqdim edilməsi beynəlxalq ictimaiyyət tərəfindən bölgədə gedən mühüm sülh təşəbbüslərinin yüksək qiymətləndirilməsi kimi dəyərləndirilir:
“Bununla yanaşı, Prezident İlham Əliyev ABŞ prezidenti Donald Tramp tərəfindən təsis edilmiş sülh platformasında da iştirak edir. Bu isə onu deməyə əsas verir ki, Azərbaycan sülhün yalnız iştirakçısı deyil, həm də fəal tərəfdaşı və qurucusudur. Ölkəmiz sülhün möhkəmləndirilməsi istiqamətində ardıcıl və mühüm addımlar atır”.
Aynur Babazadə