Azərbaycanla Vyetnamin könül körpüləri

19.11.2026

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Xəritələrdə Vyetnamla Azərbaycan bir-birindən çox aralıdır. Ancaq mənəviyyat xəritəsində Azərbaycanla Vyetnam bir-birinə ən yaxın qonşular kimidir. Sadəcə qonşular yox, həm də mehriban dostlar. 

Coğrafiyalar fərqli, mədəniyyətlər müxtəlif, dillər tamam ayrı əslə-kökə malik, adət və ənənələr, mətbəx, vərdişlər bir-birindən seçkin. Ancaq bütün bunların üstündə ucalan milli ruh və tarixi tale də var. O baxımdan biz həmişə bir-birimizə bənzər olmuşuq, elə həmin oxşarlıq da min kilometrlərlə məsafəni bircə anda qısalda, sərhədləri şəffaflaşdıra, bizi bir-birimizə yovuqlaşdıra bilib.

Tarixdə o qədər belə hadisələr olub ki, damarlarından eyni qan axan, elə sözün birbaşa mənasında qardaş sayılan xalqlar nəinki bir-biri ilə mehriban, dözümlü davranmayıblar, hətta qanlıbıçaq düşmənlərə çevriliblər, dağıdıcı, amansız, qanlı müharibələrə başlayaraq bir-birlərinin axırına çıxmağa hazır olublar. Dünyanı hər kəs görür və belə acı gerçəklər bu gün də göz qabağındadır.

Azərbaycanı isə Vyetnamla bir əsrə yaxınlaşan dostluq, əməkdaşlıq münasibətləri bağlayır və fərqli dilləri, dinləri, mədəniyyətləri daşıyan bu xalqlar eyni ruh dilində danışmağın sirlərinə lap çoxdan yiyələniblər.

Vyetnamın da, Azərbaycanın da mədəniyyətləri tarixən Şərq və Qərb intibahlarının qovuşağında yaranaraq inkişaf edib.

Vyetnam mədəniyyəti əsrlərcə Çin, Hindistan, Fransa mədəniyyətlərinin birbaşa təsirlərindən qidalanıbsa, Azərbaycan da Böyük İpək Yolu üstündəki ölkələrdən olduğundan bir yandan müsəlman Şərqi mədəni ənənələrinin ortaq yaradıcılarından olub, digər tərəfdən də arası kəsilmədən Avropa mədəniyyətindən bəhrələnib. Lakin bu əsrlərcə davam edən mədəniyyətlər mübadiləsində həm Vyetnamı, həm Azərbaycanı səciyyələndirən başlıca məziyyət bundan ibarətdir ki, hər iki ölkə və xalq tarixin ən çeşidli dönəmlərində öz milli çöhrəsini, mədəni varlığının təkrarsızlığını hifz etməyi bacarıb.

Bu, söz yox, ən əvvəl milli xarakterdən, xalqın özlüyünü qoruya bilmək gücündən asılıdır və belə keyfiyyəti olan millətlər tarixin burulğanlarında milli heysiyyətlərini də, vüqarını da, dəyərlərini də, sərvətlərini də, azadlığını da qorumağa daim hazır olur.

Ədəbiyyatla mədəniyyət hər bir xalqın mənəviyyatının aydın güzgüsüdür. Bir xalqı qısa müddətdə tanımanın ən münasib yollarından biri elə onun ədəbiyyat tarixinə səyahətə çıxmaqdır. 

Vyetnam poeziyasının qədim çincə yaradılmış örnəklərindən tutmuş dövrümüzədək əsrlər boyu qələmə alınmış nümunələri elə Azərbaycanın ana dilində və yurdumuzun ədəbi-mədəni-elmi həyatında işlək olmuş digər dillərdə yazılmış şeirləri ilə müqayisədə fəlsəfəsiylə bir-birinə çox doğmadır.

Orada buddizmin, konfutsiçiliyin, daosizmin birbaşa münbit təsiri, burada tanrıçılığın, zərdüştiliyin, “Quran” mənəviyyatının dalğası hər iki xalqı mahiyyətcə eyni ruhda tərbiyələndirib, daxilən zənginləşdirib – ədəbiyyat vasitəsilə nəsil-nəsil insanları nəciblik, müdriklik, xeyirxahlıq, ailə dəyərlərinə ehtiram, təbiətlə qaynayıb-qarışaraq onunla həmahəng olmaq ruhunda yetişdirib.

Məhz elə təməldə olan bu özünəməxsusluqlar səbəb olub ki, tarixi hadisələrin gedişi günlərin birində Azərbaycanla Vyetnama bir-birini daha yaxşı tanımaqçün qapılar açanda nə onlar bizə, nə biz onlara yad gəlməmişik, tezliklə yaxınlaşaraq isinişmişik.

İndi Vyetnamda xeyli insan var ki, sənədlərində Bakıda doğulduğu, Azərbaycanda da bir çoxlarına rast gələrsən ki, Vyetnamda təvəllüd tapdığı göstərilib.

Bu elə reallıqdır ki, arxasında həm Azərbaycanın, həm Vyetnamın bir zamanlar dünyanın iki supergücündən biri olmuş Sovet İttifaqı ilə bağlılığı dayanır. 

Azərbaycanın xaricə açılan qapılarının Mərkəzin icazəsindən asılı olduğu, sözdə və hətta konstitusiyada guya müstəqil, amma əməldə Kremlin diktələrinə bağlı olduğumuz onillərdə məhz Sovet İttifaqı ilə xoş münasibətlərinin olması Vyetnamla Azərbaycanın yaxınlaşmasına geniş üfüqlər açmışdı.

Vyetnamlı dövlət və hökumət adamları, siyasətçilər SSRİ-yə mütəmadi səfərlər edirdilər və yolları Azərbaycandan da keçirdi, vyetnamlı tələbələr Sovet İttifaqının müxtəlif şəhərlərindəki ali məktəblərdə təhsil alırdılar və onların ən çox oxumağa göndərildikləri ünvanlardan biri məhz Azərbaycan idi.

Bir əsrə yaxın müddətdə Fransanın müstəmləkəçiliyi altında inləmiş Vyetnam 1945-ci ildə qətiyyətlə mübarizələrə qalxdı və 9 il sürən üzücü müharibə bu döyüşkən və mübariz xalqın qələbəsi ilə başa çatdı. Amma bu, hələ tam azadlıq deyildi, Vyetnam parçalanmış xalq və məmləkət olaraq qalırdı, qarşıda hələ kəskin mübarizələr, haqqına çatmaq yolunda mərdanə savaşlar vardı. 

Vyetnam illərcə zahirən tam qeyri-bərabər bir müharibədə Amerika Birləşmiş Ştatları ilə qarşı-qarşıya dayandı. 

Dünya azadlıq mübarizələri tarixinin parlaq səhifələrindən birini yazan cəsur Vyetnam xalqı, nəhayət ki, 1975-ci ildə işğalçıların ölkədən çıxarılmasına nail oldu, Vyetnam istiqlalına qovuşdu, xalqın birləşməsi, ölkənin inkişafı səmtində böyük quruculuq işlərinə başlandı.

Azərbaycan ədəbiyyatının XX əsrin ortalarından sovet rejimi və sosialist düşərgəsi çökənədək olan tarixini izləyənlər bir sabit təmayülə heyrətlənməyə bilməz. 

Azərbaycan şair və yazıçıları səs-səsə verərək dünyanın ən müxtəlif guşələrində müstəmləkə zülmünə məruz qalan, haqları əlindən alınan, hürriyyətinə imkan verilməyən, parçalanmış vəziyyətdə ömür sürən, böyük imperiyaların təzyiqlərindən əziyyət çəkən, dilləri, mədəniyyətləri, milli duyğuları aşağılanan xalqların taleyinə sanki öz doğmasıymış kimi həssas münasibət göstərmiş, silsilə bədii əsərlər həsr etmiş, onların ən ardıcıl müdafiəçiləri kimi çıxış etmişlər.

Səbəb ədəbiyyatın, mətbuatın sovetin sayıq siyasi senzurasının nəzarətində olması idi. Azərbaycan şairi “mən də parçalanmış xalqam”, “mənim də yarım Cənubi, yarım Şimali Azərbaycanda birləşməyə ümidi belə əlindən alınaraq yaşamaqdadır”, “mənim də Sovet İttifaqında dilim, bir çox milli haqlarım sıxışdırılır” deyə yaza bilmirdi. Hadisələri xarici ölkələrə köçürürdü, Fransa müstəmləkəçiliyi altında əzilən, dilinə yüksək kürsülərin yolu qapalı olan Əlcəzair ərəbindən yazırdı, əslində özünü, öz xalqını düşünürdü. Vyetnam kimi ikiyə parçalanmış xalqların uğradıqları bəlalardan bəhs edirdi, əslində öz faciəli tarixi qismətini təsvir edirdi.

Ona görə Azərbaycan şairlərinin Vyetnamın azadlıq mübarizəsinə, bu ötkəm xalqın ədalətsizlikləri aradan götürmək üçün çarpışmalarına həsr edilmiş şeirlərinin əksərinin iki oxunuşu var. 

O şeirlərdə söz açılan tale üzdən Vyetnamdırsa, sətirlərin alt qatında Azərbaycanın nəsibi də var. 

Digər tərəfdən, Azərbaycan şair və yazıçıları o dövrdə elə Vyetnam ədiblərinin həm nəzm, həm nəsr nümunələrini sadəcə siyasi tapşırıq olaraq deyil, elə öz könüllərinin istəyi ilə də birucdan həvəslə azərbaycancaya çevirərək nəşr etdirirdilər.

O azadlıqsevər, xalqistər şeirlərin bir çoxu elə məzmunda olurdu ki, buralı söz ustasının həmin məzmunlu əsərlərini nə mətbuat, nə nəşriyyatlar yaxına buraxardı. Lap qəzet-jurnal qəbul edərək çap etmək istəsə də, “Mətbuatda Dövlət Sirlərini Mühafizə edən İdarə” adlanan, əslində isə sırf siyasi senzura vəzifəsini icra edən qurum belə əsərləri beşikdəcə boğar, üzə çıxmasına macal verməzdi. 

Başqa ölkədə baş verənlərə, Sovet İttifaqının dostu olan, SSRİ-nin himayə göstərdiyi Vyetnamın şair və yazıçılarının öz haqq işinə, azadlıq mübarizələrinə həsr etdiyi əsərlərin tərcüməsinə və dərcinə də qapı açıq idi.

Eyni mətləbləri çatdırmaq istəyib, ancaq bunları öz dilindən yazması yasaq olan Azərbaycan şair və yazıçıları üçün Vyetnam dilindən çevirmələr də bir ürəkboşaltma fürsəti idi.

Sovet dövründə, formal olaraq, Azərbaycanın Xarici İşlər Nazirliyi də vardı, hətta Bakıda 2 ölkənin konsulluğu da fəaliyyətdə idi. Ancaq müstəqil xarici siyasət aparmaq hüququmuz yox idi. 

Ona görə də Azərbaycana hansı əcnəbi dövlət xadiminin gəlməsi də bizim iradəmizdən asılı iş deyildi. 

O mənada hər belə gəliş xüsusi əks-səda doğurur, belə xadimlərin Bakıya gəlişindən tutmuş hər xarici filmin kinoteatrlarımızda nümayişinəcən hər hadisə əhalidə geniş maraq oyadırdı.

1959-cu il iyul ayının 23-də Vyetnamın ilk prezidenti Ho Şi Min SSRİ-yə səfər edir, Azərbaycana da gəlir.

Bu səfər həm gələcəkdə Azərbaycan və Vyetnam xalqlarının yaxınlaşmasının genişlənib dərinləşməsinə, həm də Vyetnamın neft-qaz sənayesi tarixində həlledici rol oynayacaq əməkdaşlığın başlanmasına təkan verir.

Bakı səfərində Ho Şi Mini neft mədənlərinə, artıq şöhrəti dünyaya yayılmış Neft daşlarına da aparmışdılar. Ancaq bundan əvvəl təyyarə ilə Xəzər üzərindən uçarkən o, yanındakılara söyləmişdi ki, baxın, o aşağıda görünən əsla adi dəniz deyil, o, bir neft dənizidir. 

Səfəri əsnasında Bakıdakı neft-qaz platformaları, neft mədənlərində gedən qaynar işlə tanış olan Ho Şi Min demişdi ki, bizim də dənizimiz var, bizim də ərazi bərəkətlidir, ümid edirəm ki, xalqımız müqavimət müharibəsini başa çatdırandan sonra bizim də öz neftimizi axtarıb tapmaq, çıxarmaq imkanımız olacaq, inanıram ki, artıq bu sahədə böyük təcrübəsi olan Azərbaycan bizə kömək edəcəkdir. 

Vyetnam lideri Ho Şi Minin ölkəsində neftin gələcək istismarı və emalı ilə bağlı Bakı neftçilərinin qarşısında dilə gətirdiyi sözlər illər sonra yerini tapır. Vyetnamda zəngin neft yataqları da tapılır, Ho Şi Minin Bakıdakı mühəndis və digər neft mütəxəssislərinin köməyi ilə orada da neft-qaz sənayesi erasının başlanacağı, məhz bizimkilərin bilavasitə iştirakı ilə orada neft-qaz sənayesi parkının da inşa ediləcəyi arzusu gerçəkləşir.

Vyetnamdakı neft yataqlarının kəşfiyyatı və işlənməsi məqsədilə 1981-ci ildə “Vietsovpetro” Sovet–Vyetnam birgə müəssisəsi yaradılarkən orada əsas söz sahibi Azərbaycandan gəlmiş görkəmli neft mühəndisləri, geoloqlar, neft kəşfiyyatı və hasilatı işinin qabil icraçıları idi. 

Vyetnamda neft sənayesinin qurulması, orada iri neft yataqlarının tapılması, bütövlükdə bu ölkənin neft tarixi Azərbaycanın neft bilginləri Cəlal Məmmədov, Müslüm Vəliyev, Tofiq Məhəmmədovun adı ilə, bu ölkənin neft-qaz şəbəkəsində çalışacaq 600-dək mütəxəssisin yetişdirilməsi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin mütəxəssislərinin səyləri ilə bağlıdır. 

Bu gün Bakıda Vunq Tau küçəsi var, Vyetnamda Vunq Tau şəhərində isə insanlar hər gün Bakı küçəsindən keçirlər. Hər iki ölkədə bu şəhərlər ənənəvi olaraq neft paytaxtları hesab edilir.

Ölkələrimiz arasındakı bağlılıqların daha bir əlaməti olan bu küçələrin belə adlanmasının və Vyetnamla Azərbaycan arasında sıx, qarşılıqlı səmərəli münasibətlərin yeni bir mərhələsinin başlanmasının səbəbkarı unudulmaz Heydər Əliyev olub. Ulu öndər 1983-cü ildə sovet dövlətinin rəhbərlərindən biri kimi ilk rəsmi səfərinə çıxmışdı, Vyetnama gedən nümayəndə heyətinə rəhbərlik edirdi, elə o səfər çərçivəsində Vunq Tau şəhərinə də baş çəkmiş, orada çalışan azərbaycanlı və yerli mütəxəssislərlə görüşmüş, tövsiyyələrini vermişdi. 

Bu hadisələrdən 40 ildən artıq vaxt ötəndən sonra belə güclü şəxsiyyəti – o dövrdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olmuş Heydər Əliyevi unuda bilməyən, həmin gedişatda tərcüməçi olmuş Van At Nquyen xatırlayırdı ki, səfər gedişində Heydər Əliyev Hanoyda Qırmızı çayın üzərindəki Tanlo körpüsünün açılış mərasimində iştirak etmişdi: “Mənə Heydər Əliyevin başçılıq etdiyi nümayəndə heyətini müşahidə etmək və tərcüməçilik tapşırılmışdı. 40 il keçib (bu müsahibəni Van At Nquyen 2023-cü ildə vermişdir – R.H.), amma mən bütün hadisələri xatırlayıram. Səfərin əhəmiyyəti çox böyük idi, çünki hələ o vaxta qədər SSRİ Mərkəzi Komitəsinin yüksək vəzifəli şəxslərindən heç kimin Vyetnama səfəri olmamışdı və Heydər Əliyev Vyetnamın birləşməsindən sonra ölkəni ziyarət edən ən yüksək vəzifəli şəxs idi. Mənim ilk təəssüratım isə onun avtomobildən düşdüyü andan yarandı. Qarşımda güclü şəxsiyyət və siyasətçi görürdüm. Nümayəndə heyəti Tanlon körpüsünün tikinti işləri ilə maraqlanırdı. Körpüdə görüş üçün böyük yığıncaq təşkil olunmuşdu. Heydər Əliyev çıxışında Vyetnama ilk dəfə gəlməsinə baxmayaraq, Vyetnam xalqının qəhrəmanlığından məlumatlı olduğunu bildirdi. Dedi ki, Vyetnam uzun illər davam edən müharibələrdən sonra qalib gəlmiş və dövlətini qurmağa başlamışdır. O, hər kəsdə böyük təəssürat yaratmışdı. Heydər Əliyev sinədən fasiləsiz danışırdı. Onun nitqi 30 dəqiqə çəkdi, amma bu danışıq çox təsirli idi”.

Dünyada qısa, uzun körpülər az deyil. Məhz keçən əsrin ortalarından başlamış və elə o zamanlardan bəri daim irəliləyən, yüksələn, istiləşən dost münasibətləri Azərbaycanla Vyetnam arasında elə mötəbər körpüyə dönüb ki, bu uzunluqda körpüləri yarada bilmək qüdrəti yalnız xalq iradəsinin ixtiyarındadır.

Bu mənada, unudulmaz Heydər Əliyevin 1983-cü ildə Hanoyda qırmızı lentini kəsərək açılışını etdiyi körpü də bir rəmzdir və Azərbaycanla Vyetnam arasındakı bu paytaxtdan o paytaxta, bu xalqdan o xalqa qədər uzanan möhtəşəm körpünün bir hissəsidir.

Vyetnam şairlərinin Azərbaycan dilində “danışmasının” yaşı 70 ilə yaxındır. Hələ 1960-cı illərdə Azərbaycanın ən tanınmış şairləri Rəsul Rza, Nəbi Xəzri, Qasım Qasımzadə, Cabir Novruz, Ələkbər Ziyatay, o vaxt gənc olsalar da, artıq ədəbiyyat aləmində özünü yetərincə təsdiqləmiş, sabahın adlı-sanlı şairləri Fikrət Qoca, Vilayət Rüstəmzadə, Yusif Həsənbəy bu yolu açmışlar. 

Elə həmin çağlardan etibarən Bəxtiyar Vahabzadə, Söhrab Tahir, Nəriman Həsənzadə və bir çox digərləri Azərbaycanın Vyetnam soraqlı poeziyasının təsirli örnəklərini yaratmış, bu ədəbi səsləşmələr sonrakı onillərdə də dayanmamış, bu gün də davam etməkdədir.

Elə cavanlığından qocacasına düşünməyi və görməyi, başverənlərə ağsaqqalcasına qiymət verməyi bacarmış Fikrət Qoca gedənəcən də yaxşı tanıdığı, ancaq gedib görüb, gəzib, bir az da yaxından tanıyandan sonra daha artıq sevdiyi Vyetnamın hələ dava içərisində olan insanlarının məşəqqətlər, uğradığı müsibətlər qarşısında sınmadığını elə təsvir edirdi ki, oxuyan da bu vyetnamlının gec-tez məqsədinə hökmən çatacağına inanırdı. Axı bir əlində silah tutaraq torpağı uğrunda döyüşən insan o biri əli ilə torpağı şumlayıb yerə toxum səpirsə, demək, sabahlarda hər şeyin yaxşı olacağı sadəcə ümid deyil, qəti inamdır:

Hər kəsin yeri məlum, sərhədi məlum,

taxtabiti kimi balalayır 

bu müharibə məlun – 

yer üzündə törəyir, artır. 

Hərə torpağı süfrə kimi öz qabağına dartır.

Canım, bu, torpaq deyil,

Vətəndi – ruzudu, tarixdi, məzardı, 

bu nə alverdi, nə bazardı?..

Vyetnamlı

torpağını birəlli becərir,

Hələ yaxşı ki, öhdəsindən gəlir, bacarır.

Yazıq həsrət qalıb adi işə, çünki bir əlində

silah tutub həmişə.

Bir əli dönüb olub avtomat. 

Otuz üç ildir, –

bir əlinlə özünü qoru, bir əlinlə at.

Bir əlinlə yer şumla, sula, bir əlinlə at.

Bir əlinlə sığalla yeri, 

bir əlinlə su səp

torpağın cadar dodağına, 

bir əlinlə uşaq yürü,

bir əlin dönüb olsun avtomat, 

bir əlinlə – at, at!

Vyetnam klassik şeirinin Nquen Çay (1380–1442), Nquen Bin Khem (1491–1585), Nquen Zu (1765–1820) kimi zirvələrinin, onların Xurşidbanu Natəvanı Xo Suan Hıonqun (XVIII–XIX yüzillər), elə bu xalqın ümummilli lideri Ho Şi Minin (1890–1969), Vyetnamda “yeni şeir”in aparıcı təmsilçilərindən olmuş Suan Zieyunun (1916–1985), müasir ədəbiyyatın klassikləri mərtəbəsinə ucalmış To Hıu (1920–2002), Te Han (1921–2009) və digər keçmiş və çağdaş mahir şairlərin yaradıcılıqları ayrı-ayrı nümunələri ilə artıq Azərbaycan oxucusuna tanışdırsa da, bu çevrənin genişlənməsinə, yeni tərcümələrin edilməsinə də ehtiyac böyükdür. Çünki bu çevirmələr o xalqı Azərbaycan insanına daha yaxşı tanıdır, onların ruh aləmini daha məhrəm edir. 

Həm də belə mənəvi körpülərin durmadan yenilənməsi və qüvvətlənməsinin zərurəti ondan doğur ki, Azərbaycan yaradıcı dühası lap çoxdan Vyetnam mədəni mühitinin ayrılmaz parçasına, tərkib hissəsinə çevrilib.

Azərbaycan kino tarixinin ən qiymətli simalarından olmuş, xalqımıza heç vaxt bədii və tarixi dəyəri və əhəmiyyətini itirməyəcək bir-birindən gözəl “Bir məhəlləli iki oğlan”, “Onun böyük ürəyi”, “Ulduzlar sönmür”, “Qayınana”... kimi filmlər yadigar qoymuş kinorejissor Əjdər İbrahimovu (1919–1993) vyetnamlılar elə bizim qədər özlərininki hesab edirlər. Haqları da var! Çünki Əjdər İbrahimov 1959–1962-ci illərdə Vyetnamda ölkənin milli kino sənəti və kinoaktyor məktəbinin özülünü qoyub, yerli kino kadrlarının hazırlanması yolunda çox zəhmətlər çəkərək ardıcıllar yetişdirib, Vyetnam kinosunun beynəlxalq müstəviyə çıxışına yol açıb. 

Əjdər İbrahimovun bir başqa xidməti də ondan ibarətdir ki, orada gördüyü işləri həmin illərə aid xatirələrini yazmaqla əbədiləşdirib və sabah Vyetnamın kino tarixini araşdıracaq yerli və xarici mütəxəssislərdən ötrü etibarlı mənbə doğurub.

1955-ci ildə Sovet İttifaqında məşhur kinorejissor Roman Karmen “Vyetnam” adlı sənədli film çəkir. Filmin musiqisini yazmaqçün o dövrün musiqi həyatında parlayan Qara Qarayev (1918–1982) cəlb edilmişdi. 

Adətən filmlərə musiqilər epizodlara uyğun olaraq fraqmentlər şəklində bəstələnir. Lakin Qara Qarayev həmin film üçün başqa kiçik musiqi parçalarından savayı sonralar filmin hüdudlarından kənara çıxaraq müstəqil əsər kimi şöhrətlənəcək “Vyetnam süitası”nı da yazmışdı. 

Bu əsər artıq Vyetnamın musiqi xəzinəsində də layiqli yerini tutub və 2023-cü ilin 14 dekabrında paytaxt Hanoyda, Vyetnam Milli Musiqi Akademiyasında dirijor Honna Tetsuinin başçılığı altında Vyetnam Milli Simfonik Orkestri və Hanoy Filarmonik Orkestri tərəfindən ilk dəfə çalınıb. Şübhə yox ki, gələcəkdə də həmişə sevilə-sevilə ifa ediləcək.

Əslində bu da Azərbaycanın Vyetnam xalqına ömürlük əziz yadigarlarından biridir. Məgər dünyada bu gün Qara Qarayev səviyyəli bəstəçilər çoxdurmu ki, sabah da həmin mövzuya müraciət edərək elə bir əsər bəstələyəcəyinə ümid bağlayaq?!

1960–1970-ci illərdə, hələ xarici ölkələrə get-gəllərin xeyli məhdud olduğu çağlarda qismət olmuşdu ki, Azərbaycanın istedadlı  boyakarlarından olan Kamil Nəcəfzadə də (1929–1982) 1982-ci ildə bir dəstə başqa tanınmış sənət xadimlərimizlə bərabər Vyetnama səfər etmişdi. 

Azərbaycan sənətkarı və ziyalıları Hanoyda, Ho Şi Mində, Vunq Tauda, neft mədənlərində, əhali arasında olur və Kamil Nəcəfzadə də səfər boyunca eskizlər çəkir, nəhayətdə həmin eskizlər “Vyetnam boyunca” adlı albomun yaranmasına gətirib çıxarır. “Balıqçılar”, “Vyetnam qızları”, “Düyü yığımı”, “Çətirli qız”, “Bazarda”, “Qısa istirahət” və başqa tablolarda rəssam Vyetnamın sadə insanlarının gündəlik həyatının canlı lövhələrini yaratmağa müvəffəq olub.

Vyetnamla Azərbaycanı bənzər edən və daha yaxınlaşdıran əllərdir.

Vyetnam şairlərindən Kim Çin əsrin ortalarında, Vyetnamın şiddətli müharibə alovları içərisində yaşamalı olduğu gərgin dövrdə yazırdı ki:

Şimal ilə Cənub güclü bir əldir,

İki min verst olar uzunluğu düz.

Onun beş barmağı – beş kəskin qılnc,

Bu əllə yağını məhv edirik biz.

Vyetnamlı şair yurdunu və xalqını güclü bir ələ, onun hər barmağını silaha oxşadarkən yanılmır.

Bunu mübarizələrdən keçmiş, böyük Zəfərinə qovuşmuş, 30 ilə yaxın müddətdə düşmən işğalında olmuş Vətən torpaqlarını güclü əlləri və “dəmir yumruğu” ilə azad etmiş Azərbaycan da gözəlcə duyur. 

O xalqla bu xalqı birləşdirən həm də məslək, amal uğrunda mübarizələrdəki belə sarsılmazlıq hissidir.

Dost ellərimizin dost əlləri bir-birinə doğru uzanmaqdadır.

2018-ci ildə bir vaxtlar Vyetnamla Azərbaycan arasındakı yeni bağlılıqlarının təzə mərhələsinin başlanmasının ilhamçısı olmuş unudulmaz Heydər Əliyevin adını daşıyan fond 2018-ci ildə Ha Giang şəhərində ibtidai məktəb tikib. O məktəb də bir ayrı körpüdür. 

Orada yazı-pozu öyrənən, həyat yolunu başlayan uşaqlar hər halda biləcəklər ki, oxuduqları məktəb o xalqa Azərbaycanın töhfəsidir. Uşaqlıqdan Azərbaycan adı onların yaddaşında olacaq. 

Gün gələcək ki, məhz onlar Vyetnamdan Azərbaycana, Azərbaycandan Vyetnama uzanan dostluq, könül birliyi, sabahlara qoşa addımlamaq körpülərini daha da möhkəm etməkçün yola çıxacaqlar. 

Get-gəllərinin, bir-birinə doğru uzanan dost əllərinin nəticəsi adətən özünü çox gözlətmir.

2014-cü ildə artıq yeni əsrdə və başqa sürətlər götürmüş zamanda Azərbaycan lideri İlham Əliyev Vyetnama dövlət səfərinə getdi, ardınca növbəti ildə Vyetnam prezidenti Azərbaycana gəldi, daha sonra məkana və zamana sığmayan İmadəddin Nəsimi Vyetnam səfərinə yollandı...

Yeni səhifələr yazılmaqda davam edir. Bu gün yenə Azərbaycan Prezidenti İlham Əliyev Vyetnamdadır.

Dost ellərimizin dost əllərinin bir-birinə daha mehribancasına uzanacağı və ölkələrimizi, xalqlarımızı daha fərəhli uğurlara aparacaq ən gözəl günlər hələ qarşıdadır.

Geridə o cür təməllər varsa, başqa necə olmalıdır ki!

Rafael HÜSEYNOV,

akademik

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью