Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 12 noyabr, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) dosenti Aynur Bağırlı Orhun Akademik Mübadilə Proqramı (OAMP) çərçivəsində Özbəkistanın Səmərqənd şəhərinə səfər edib.
ATMU-dan AZƏRTAC-abildirilib ki, o, Səmərqənd Dövlət Universitetində tələbələrə “Sosial iş texnologiyaları: Case Management (Keys menecment)” və “Sosial təhlükəsizlik” mövzularında mühazirə oxuyub. A.Bağırlı Azərbaycan və Özbəkistanın sosial iş və sosial müdafiə sahəsindəki təcrübələrinin müqayisəli təhlili ilə bərabər, mövcud yanaşmalar və inkişaf perspektivlərinə aydınlıq gətirib. Alim Azərbaycanın tarixi, mədəniyyəti, turizm potensialı, ali təhsil sistemi və ATMU-nun beynəlxalq əməkdaşlıq əlaqələrinə dair təqdimatlarında ölkəmizin, həmçinin universitetin akademik mühitdə tanınması istiqamətində fəaliyyətindən danışıb.
Səmərqənd Dövlət Universitetində təşkil olunan elmi və maarifləndirici tədbirlərdə fəalliq göstərən A.Bağırlı, eyni zamanda, bu təhsil müəssisəsində müvafiq ixtisası hədəfləyən gənclər qarşısında “Tələbələrin sərbəst işlərinin hazırlanması və yazılması: Azərbaycan təcrübəsi və beynəlxalq akademik yanaşmalar” mövzusunda məruzə ilə çıxış edib.