Azərbaycanlı alimin məqaləsi Daşkənddə nəşr edilib

26.10.2026

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Müasir dövrdə rəqəmsal texnologiyaların inkişafı hüquqi maarifləndirmənin genişləndirilməsi, elmi məlumatların əlçatanlığının artırılması və hüquq elminin müasir yanaşmalar əsasında inkişafı üçün geniş imkanlar yaradır. Azərbaycanda da rəqəmsallaşmanın inkişaf etdirilməsi, süni intellektdən və informasiya texnologiyalarından istifadə olunması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bu baxımdan, “Azərbaycan Respublikasında rəqəmsal inkişafın Konsepsiyası”, “2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası” və digər strateji sənədlər ölkədə rəqəmsal transformasiyanın əsas istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyət daşıyır.

Hüquqi maarifləndirmənin müasir texnologiyalar vasitəsilə genişləndirilməsi Hüquq və İnsan Haqları İnstitutunun fəaliyyətində də xüsusi yer tutur. İnstitut insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində maarifləndirici məlumatların ictimaiyyətə daha səmərəli, rahat və əlçatan şəkildə çatdırılması, elmi biliklərin yayılması və tədqiqat imkanlarının genişləndirilməsi məqsədilə müxtəlif rəqəmsal resurslar yaradıb.

İnstitutun İdarə Heyətinin sədri, hüquq üzrə fəlsəfə doktoru Məhəmməd Quluzadənin “Rəqəmsal hüquqi maarifləndirmə: Azərbaycan Respublikasının Hüquq və İnsan Haqları İnstitutunun təcrübəsi” adlı məqaləsi Özbəkistan Respublikasının İnsan Hüquqları üzrə Milli Mərkəzinin 2026-cı ildə Daşkənddə nəşr etdiyi “Müasir dünyada insan hüquqlarının müdafiəsi: beynəlxalq təcrübə, milli praktika və gələcək perspektivlər” adlı məqalələr toplusunda dərc olunub. Məqalədə İnstitutun rəqəmsal layihələri, onların hüquqi biliklərin yayılmasında, elmi tədqiqatların inkişafında və insan hüquqlarının müdafiəsində rolu təhlil edilir.

Müəllifin diqqət yetirdiyi əsas təşəbbüslərdən biri ümummilli lider Heydər Əliyevin adını daşıyan Hüquq və insan haqları virtual kitabxanasıdır (https://lhri.az/az/library).

Qeyd olunur ki, Heydər Əliyevin 100 illik yubileyi münasibətilə 2023-cü ildə yaradılan bu elektron resurs qısa müddətdə geniş istifadəçi auditoriyası qazanıb. Hazırda kitabxanada dərsliklər, monoqrafiyalar, hesabatlar və hüquqi sənəd nümunələri də daxil olmaqla, 3675 hüquqi material toplanıb. Azərbaycan, rus və ingilis dillərində nəşrlərin təqdim olunduğu kitabxanadan 2023-cü ilin may ayından etibarən bir million beş yüz mindən çox yükləmə həyata keçirilib. Bu göstəricilər elektron resursların hüquqi biliklərin yayılması və elmi tədqiqatların informasiya təminatının yaxşılaşdırılması baxımından əhəmiyyətini nümayiş etdirir.

İnstitutun yaratdığı digər resurslardan biri Rəqəmsal insan hüquqları resurs xəritəsidir (https://lhri.az/az/virtual-map). Xəritə vətəndaşlara hüquqlarının müdafiəsi ilə bağlı müraciət edə biləcəkləri qurumlar haqqında məlumat əldə etmək imkanı yaradır. İnteraktiv xəritədə məhkəmələr, prokurorluq və polis orqanları, vəkil büroları, mediasiya təşkilatları və digər strukturlar daxil olmaqla, 74 dövlət qurumunun və yerli təşkilatın əlaqə məlumatları yerləşdirilib. Bu resurs hüquqların müdafiəsi üçün zəruri məlumatların daha asan əldə edilməsinə və müvafiq qurumlar barədə məlumatlılığın artırılmasına xidmət edir.

İnstitutun rəqəmsal maarifləndirmə təşəbbüsləri sırasında “İnsan hüquqlarına giriş” onlayn kursu (https://lhri.az/az/quiz) da xüsusi əhəmiyyət daşıyır. Kurs insan hüquqları, bərabərlik, vətəndaş məsuliyyəti, eləcə də hüquqların müdafiəsinin milli və beynəlxalq mexanizmləri barədə biliklərin geniş auditoriyaya çatdırılmasına imkan yaradır. Belə resurslar maarifləndirmə fəaliyyətinin müasir təhsil və informasiya texnologiyaları ilə uzlaşdırılmasına, hüquqi məlumatların daha geniş auditoriya üçün əlçatan olmasına töhfə verir.

Hüquq elminin inkişafı və elmi məlumatların sistemləşdirilməsi baxımından İnstitutun hüquq jurnallarının (https://lhri.az/az/journals) və hüquqşünas alim və tədqiqatçıların (https://lhri.az/az/LegalScholar) vahid axtarış məlumat bazası da mühüm əhəmiyyət daşıyır. Müəllifin məqaləsində bildirilir ki, birinci bazada Azərbaycanda nəşr olunan elmi hüquq jurnallarının son beş ildə dərc edilmiş 1500-dən çox məqaləsi üzrə axtarış aparmaq mümkündür. Digər bazada isə 108 alim və tədqiqatçı haqqında məlumat toplanıb. Bu platformalar elmi mənbələrin tapılmasını asanlaşdırır, hüquq sahəsində elmi yeniliklərin izlənməsinə şərait yaradır və tədqiqatçılar arasında əməkdaşlığın genişləndirilməsinə kömək edir.

Məqalədə müasir texnologiyaların elmi məlumatların təqdimatına təsiri də diqqətə çatdırılır. İnstitutun yaratdığı audio məqalələr bazasında hüquq elminə aid seçilmiş məqalələr süni intellekt vasitəsilə səsli formatda istifadəçilərə təqdim olunur. Bu yanaşma elmi materiallarla tanışlıq üçün alternativ imkan yaradır, məlumatların müxtəlif formatlarda əldə edilməsinə şərait yaradır və hüquqi biliklərdən istifadənin rahatlığını artırır.

Məhəmməd Quluzadənin məqaləsində xüsusi yer tutan digər təşəbbüs Praktikaya Aid Siqnallar Sorğusu (PASS) platformasıdır (https://lhri.az/az/pass). Platforma hüquqşünaslara və ictimaiyyət nümayəndələrinə qanunvericilikdəki boşluqlar və hüquq normalarının tətbiqi zamanı yaranan çətinliklərlə bağlı təkliflər vermək imkanı yaradır. Məqalədə qeyd olunur ki, platformanın bir ildən artıq fəaliyyəti ərzində qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı 70-dən çox təklif daxil olub. Təkliflərin mütəmadi təhlil edilməsi və müvafiq qaydada təqdim olunması rəqəmsal texnologiyaların qanunvericiliyin təkmilləşdirilməsi prosesinə dəstək vermək imkanlarını göstərir.

Beləliklə, beynəlxalq məqalələr toplusunda dərc olunan yazı Hüquq və İnsan Haqları İnstitutunun rəqəmsal təcrübəsini beynəlxalq elmi auditoriyaya təqdim edir. Dövlət səviyyəsində rəqəmsal inkişaf və süni intellektdən istifadənin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərlə uzlaşan bu fəaliyyət hüquqi maarifləndirmənin müasir tələblərə uyğun inkişafı baxımından aktual əhəmiyyət daşıyır.

Qabil YUSİFOĞLU
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью